Xəbər lenti

Alim: Süni intellekt insanı üstələyə bilməz və əsas təhlükə də məhz budur
Texnologiya 21:56 07.08.2026

Alim: Süni intellekt insanı üstələyə bilməz və əsas təhlükə də məhz budur

Müasir süni intellekt mövcud inkişaf səviyyəsində insanın kompleks düşünmə qabiliyyətini heç vaxt üstələyə bilməyəcək. 

Qaynarinfo xəbər verir ki, bu fikir süni intellekt üzrə tədqiqatçı Piter Denninqin "Turinqin səhvi: ağılsız maşınların hökmranlığından qurtuluş" adlı kitabında yer alıb.

Alimin fikrincə, ən inkişaf etmiş neyron şəbəkələrinin əsas çatışmazlığı insan təcrübəsindən formalaşan "örtük bilik” (tacit knowledge) adlandırılan bilik növünə malik olmamasıdır. Denninq vurğulayır ki, insanlar gündəlik həyat təcrübəsi zamanı bu cür bilikləri davamlı şəkildə toplayır və onları müxtəlif situasiyalarda tətbiq edirlər. Onun sözlərinə görə, bu bilikləri sistemləşdirərək kompüterin anlaya biləcəyi formaya salmaq son dərəcə çətindir.

Tədqiqatçı "örtük bilik”in beş əsas sütununu sadalayır:

* sağlam düşüncə;
* praktiki bacarıqlar və fiziki dünyanın qanunlarını dərin şəkildə anlama;
* intuisiya və yaradıcı təxəyyül;
* qeyri-verbal ünsiyyət təcrübəsi;
* mədəni və sosial kontekstin dərk edilməsi.

Alim bildirir ki, ChatGPT və digər müasir neyron şəbəkələri sözlərin əsas mənalarını emal etsələr də, onların arxasında dayanan zəngin məna çalarlarını və konteksti tam şəkildə qavraya bilmirlər.

"Bir söz sadəcə simvoldur, onun arxasında isə insan təcrübəsinin nəhəng təbəqəsi dayanır. İnsan dili tamamilə kontekstdən – ironiyadan, səmimiyyətdən, yumordan və ya sarkazmdan asılıdır. Hər bir kontekst əvvəlki söhbətlərə və vəziyyətlərə söykəndiyi üçün bu struktur sonsuzdur”, deyə Denninq qeyd edib.

Bu səbəbdən alim hesab edir ki, süni intellektin əsas təhlükəsi onun insanlardan daha ağıllı olması deyil. Əsas risk odur ki, neyron şəbəkələri "örtük bilik”i tam mənimsəyə bilmədikləri üçün sürətli və güclü işləsələr də, vəziyyətin kontekstini və ümumilikdə insan dəyərlərini düzgün anlamadıqlarına görə gözlənilməz və potensial zərərli qərarlar verə bilərlər.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->