"Klaarın səfəri Aİ-nin Qranada toplantısında Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil etmək üçün hazırlıq məqsədi daşıyır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural İsmayılov Avropa İttıfaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın regiona olacaq növbəti səfərini şərh edərkən deyib.
Politoloq vurğulayıb ki, Toivo Klaarın bundan əvvəl də regiona bir neçə dəfə səfərləri olub. "Avropa İttifaqının Cənubi Qafqaz məsələləri üzrə xüsusi nümayəndəsi Klaar aktiv diplomatlardan biridir. Buna görə də onun bölgəmizə səfərləri vacib əhəmiyyətə malikdir”, deyə Tural İsmayılov qeyd edib.
Politoloq bildirib ki, bu səfərin bir neçə müzakirə mövzusu ola bilər:
"Bundan sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanma perspektivləri, eyni zamanda Qarabağda baş verən hadisələr, Klaarın regiona səfərində sözsüz ki, əsas müzakirə mövzularından biri olacaq. Gələn ay Qranadada Avropa İttifaqının toplantısında Azərbaycan Prezidentilə Ermənistan baş nazirinin görüşü müzakirə edilir. Bu fonda Klaarın bölgəyə səfəri ola bilsin ki, həmin görüşə müəyyən hazırlıq məqsədi daşıyır. Yaxud da bu səfər sülh müqaviləsilə bağlı ilkin element və detalların razılaşdırılması, aydınlaşdırılması istiqamətində müzakirələrin aparılmasında rol oynaya bilər”.
Həmsöhbətimiz Klaarın səfərindən irəliləyiş gözləmir:
"İstənilən halda Aİ-nin Azərbaycan ərazisindəki terrorçu qruplaşmalarla bağlı kəskin və konkret mövqeyinin olmaması, son antiterror əməliyyatı zamanı Cozep Borrel başda olmaqla Aİ-nin bəzi rəsmilərinin Azərbaycanın qanuni addımlarına qarşı ədalətsiz mövqe sərgiləmələri qurum rəsmilərinin bölgəmizə səfərlərində irəliləyiş olmasını gözləməyimizi istisna edir”.
Aİ-nin Ali Nümayəndəsi Cozep Borrel bildirib ki, Qarabağdakı vəziyyəti nəzərə alaraq, qurumun xüsusi nümayəndəsi Toivo Klaarı regiona göndərmək qərarına gəlib.
Rüfət Sultan
Şərhlər