XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Turizmin bir sahəsi: Qonaq evlərinə dövlət dəstəyi necə verilməlidir?
Ekonomiks14:59 14.08.2026

Turizmin bir sahəsi: Qonaq evlərinə dövlət dəstəyi necə verilməlidir?

Azərbaycanda turizm sektorunun inkişafı ilə bağlı yeni dövlət dəstək mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Belə ki, turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə, o cümlədən qonaq evlərinə dövlət dəstəyi göstərilməsi planlaşdırılır. Məsələ “Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın layihəsində öz əksini tapıb.

Bəs qonaq evlərinə və turizm sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarlara dövlət dəstəyinin göstərilməsi nə üçün vacibdir? Bu dəstək hansı formada həyata keçirilsə, daha səmərəli nəticə verə bilər?

Turizm eksperti Samir Dübəndi Qaynarinfo-ya açıqlamasında bildirib ki, qonaq evlərinə və turizm sahəsində çalışan mikro və kiçik sahibkarlara dəstək, əslində, bütöv kəndin iqtisadiyyatına, məşğulluğuna və mədəni irsin yaşadılmasına qoyulan sərmayədir:

“Qonaq evi yalnız gecələmək üçün otaq və yataq deyil. Düzgün fəaliyyət göstərən hər bir qonaq evi kənd daxilində kiçik iqtisadi dövriyyə mərkəzinə çevrilə bilər. Turistin ödədiyi vəsait ev sahibindən başlayaraq yerli fermerə, aşpaza, bələdçiyə, sənətkara, nəqliyyatçıya və digər xidmət göstərənlərə qədər yayılır. Buna görə qonaq evlərinə və turizm sahəsində çalışan mikro və kiçik sahibkarlara dəstək, əslində, bütöv kəndin iqtisadiyyatına, məşğulluğuna və mədəni irsin yaşadılmasına qoyulan sərmayədir”.

Ekspert vurğulayıb ki, bu sahə ölkə turizmi üçün yad deyil, lakin müxtəlif turizm destinasiyalarının formalaşdırılması istiqamətində işlər görülməlidir:

“Azərbaycan bu istiqamətdə sıfırdan başlamır. Dövlət Turizm Agentliyi ilə Dövlət Məşğulluq Agentliyinin əməkdaşlığı çərçivəsində həyata keçirilən “Turistik kənd” layihəsinin “Aqroturizm” zərfi üzrə artıq Ləzə, Sarıbaş, İlisu və Durucada 12 kənd qonaq evi müvafiq avadanlıqlarla təmin edilib. Bu, müsbət və ümidverici başlanğıcdır. İndi isə növbəti mərhələdə avadanlıqla təminatdan dayanıqlı satışa, ayrı-ayrı evlərdən bütöv turizm destinasiyalarının formalaşdırılmasına keçmək lazımdır”.

Bu sahədəki problemləri də sadalayan həmsöhbətimiz qeyd edib ki, hazırkı əsas problem yalnız maliyyə çatışmazlığı və ya qonaq evlərinin sayının azlığı deyil. Əsas məsələ qonaq evlərinin etibarlı, keyfiyyətli və ilboyu satıla bilən turizm məhsuluna tam çevrilməməsidir:

“Qonaq evində yeni mebel ola bilər, lakin kəndə rahat nəqliyyat, yol nişanları, internet, rezervasiya imkanı, maraqlı marşrutlar, yerli mətbəx, bələdçi, təhlükəsizlik və tanıtım yoxdursa, həmin evə davamlı turist axını yaratmaq çətin olacaq.

Buna görə dəstəyin əsas vahidi yalnız ayrıca qonaq evi deyil, bütöv turizm kəndi və ya destinasiya klasteri olmalıdır. Seçilmiş ərazidə qonaq evləri, fermer təsərrüfatları, sənətkarlar, ictimai iaşə obyektləri, bələdçilər, nəqliyyatçılar, təbiət və mədəniyyət marşrutları vahid məhsul və satış zəncirində birləşdirilməlidir. Dövlət ümumi infrastrukturu, abadlaşdırmanı, nişanlamanı, tullantıların idarə edilməsini, internetə çıxışı və destinasiya marketinqini dəstəkləməli, sahibkar isə xidmətin keyfiyyəti və biznesin dayanıqlılığı üçün məsuliyyət daşımalıdır”.

Samir Dübəndi deyir ki, bu sahibkarlara və qonaq evlərinə ayrılan maliyyə dəstəyi hamı üçün eyni formada verilməməlidir.

“Standartlara uyğunlaşma, yanğın və qida təhlükəsizliyi, sanitar şərait, enerji səmərəliliyi, rəqəmsallaşma və əlçatanlıq üçün şərtli və birgə maliyyələşdirilən qrantlar tətbiq oluna bilər. Fəaliyyətini genişləndirmək istəyən sahibkarlara güzəştli kreditlər və kredit zəmanətləri, yeni başlayanlara isə praktiki biznes planlaşdırması və mentorluq təqdim edilməlidir. Bir neçə günlük nəzəri təlim əvəzinə ən azı bir turizm mövsümünü əhatə edən satış, qiymətqoyma, mühasibat, onlayn rezervasiya, xarici dil və qonaq münasibətləri üzrə müşayiət daha faydalı olar.

Dəstəyin coğrafiyası da vəsaitin rayonlar arasında sadəcə bərabər bölüşdürülməsi ilə müəyyənləşdirilməməlidir. Turist tələbi, mövcud yerləşdirmə imkanları, nəqliyyat əlçatanlığı, təbii və mədəni resurslar, mövsümü uzatmaq imkanı, yerli icmanın hazırlığı və ərazinin ekoloji daşıma qabiliyyəti əvvəlcədən qiymətləndirilməlidir. Əvvəlcə perspektivli kənd və klasterlərdə tam model sınaqdan keçirilməli, nəticə verdikdən sonra digər ərazilərə uyğunlaşdırılaraq genişləndirilməlidir”.

Ekspert deyir ki, əvvəlki illərdə də qonaq evlərinə avadanlıq, təlim və mentorluq dəstəyi göstərilib. Lakin proqramın uğurunu yalnız neçə evə mebel, soyuducu və ya digər inventar verilməsi ilə qiymətləndirmək kifayət deyil:

“Təchiz edilmiş 12 qonaq evi icra göstəricisidir, nəticə isə həmin evlərdə əlavə neçə gecələmənin yaranması, doluluğun və gəlirin nə qədər artması, neçə rəsmi iş yerinin yaradılması və yerli məhsulların satışının genişlənməsi ilə ölçülməlidir”.

“İctimai nəzarət də yeni mexanizmin ayrılmaz hissəsi olmalıdır. Hər layihə üzrə seçim meyarları, qiymətləndirmə nəticələri, dəstəyin növü və dəyəri, nəzərdə tutulan hədəflər və əldə edilən nəticələr açıq təqdim edilməlidir. İctimai nəzarətlə yanaşı, peşəkar audit və müstəqil təsir qiymətləndirilməsi aparılmalı, nəticələr 12, 24 və 36 aydan sonra ölçülməlidir”, – deyə turizm eksperti əlavə edib.

Samir Dübəndi qeyd edib ki, bu gün qoyulan hər 1 manatın gələcəkdə hansı nəticəni yaradacağı əvvəlcədən hesablanmalıdır:

“Lakin geri dönüş yalnız büdcəyə ödənilən vergi ilə məhdudlaşmır. Əlavə turist gecələmələri, sahibkar gəliri, rəsmi məşğulluq, yerli satınalmalar, cəlb edilən özəl sərmayə, mövsümün uzanması və kənddən miqrasiyanın azalması da bu sərmayənin sosial-iqtisadi geri dönüşüdür.

Hazırlanmaqda olan 2026–2030-cu illər üzrə Dövlət Proqramı əvvəlki layihələrdən əldə edilən təcrübəni vahid və daha güclü sistemə çevirmək üçün yaxşı imkandır. Düzgün qurulan dəstək qonaq evlərini büdcə yardımından asılı obyektlərə deyil, öz gəliri hesabına yaşayan dayanıqlı ailə bizneslərinə çevirə bilər. Dövlət dəstəyi qapıya qədər gətirilən avadanlıqla bitməməli, qonağı həmin qapıya gətirən marşrutu, etibarı və bazarı da yaratmalıdır”.

Günay İlqarqızı