XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Rusiya Avropanı sınağa çəkir: NATO-nun cavabı nə olacaq? (ŞƏRH)
Dünya12:15 14.08.2026

Rusiya Avropanı sınağa çəkir: NATO-nun cavabı nə olacaq? (ŞƏRH)

Rusiya ilə Qərb arasında qarşıdurma yeni mərhələyə keçir. Moskva artıq yalnız Ukrayna cəbhəsində deyil, Avropanın hava məkanında, dəniz yollarında, kritik infrastrukturu ətrafında və informasiya müstəvisində də təzyiq imkanlarını nümayiş etdirir. Burada söhbət hələ açıq müharibədən getmir. Daha təhlükəli olan isə müharibə həddindən aşağı səviyyədə NATO-nun reaksiyasının, siyasi iradəsinin və müdafiə imkanlarının sistemli şəkildə yoxlanılmasıdır.

Britaniya Kral Donanmasının məlumatlarına görə, 2026-cı ilin iyulunda Britaniya suları ətrafında Rusiya gəmilərinin izlənilməsinə sərf olunan vaxt əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25 faiz artıb. Son bir ildə Britaniya donanması 61 Rusiya hərbi və 28 ticarət gəmisini izləmək üçün 116 dəfə əməliyyat aktivliyi həyata keçirib. Rusiya hərbi dəniz qüvvələrinin Britaniya yaxınlığında iştirakı iki il ərzində təxminən 30 faiz artıb. Hadisələrin gedişatında Rusiyaya məxsus “Neustraşimi” sualtı qayıq əleyhinə hərbi gəmisinin Manş boğazı istiqamətindəki hərəkəti ayrıca diqqət çəkir. Britaniya hərbi dəniz qüvvələri sözügedən freqatı, “Admiral Qriqoroviç” gəmisini və onları müşayiət edən sanksiyalı “kölgə donanması” tankerlərini yaxından izləyib.

Bu, sadəcə hərbi nümayiş deyil. Rusiya üçün hərbi gəmilərin ticarət marşrutları boyunca görünməsi həm öz neft daşımalarını qorumaq, həm də Avropa ölkələrinin dəniz nəzarəti imkanlarını sınaqdan keçirmək vasitəsidir. Məsələnin digər tərəfi daha narahatedicidir - dronlar. Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) məlumatlarına görə, 2024-cü ilin avqustundan 2026-cı ilin fevralına qədər 13 Avropa ölkəsində yüzlərlə pilotsuz uçuş aparatı insidenti qeydə alınıb. Bu hadisələrin bir hissəsi hərbi obyektlər, hava limanları, limanlar və digər strateji infrastrukturların yaxınlığında baş verib.

Hesabat Avropanın mövcud hava hücumundan müdafiə sistemlərinin bu tip kütləvi və aşağı hündürlüklü dron təhdidlərinə tam uyğunlaşdırılmadığını göstərir.

Almaniya Baş Qərargahının rəhbəri general Karsten Breuer də Rusiyanın hibrid üsullarla NATO müdafiəsini davamlı şəkildə “yoxladığını”, dron insidentlərinin mümkün zəif nöqtələri müəyyənləşdirmək məqsədi daşıya biləcəyini bildirib. Almaniyanın hərbi strategiyasının yenilənməsi də məhz bu dəyişən təhlükəsizlik mühitinin nəticəsidir. Burada əsas problem texnologiyadan daha böyükdür. Avropanın hava hücumundan müdafiəsi bahalı raketlə ucuz dronu vurmaq dilemması ilə üz-üzədir. NATO ölkələri onilliklər ərzində qısa mənzilli hava hücumundan müdafiə imkanlarını, ehtiyatları və istehsal potensialını azaltdılar. IISS Avropanın xüsusilə SHORAD və VSHORAD sistemləri baxımından ciddi boşluqlarla üzləşdiyini qeyd edir.

Bu, Ukrayna müharibəsinin Avropaya verdiyi ən mühüm dərslərdən biridir: müasir müharibədə üstünlük yalnız bahalı raketlərə sahib olmaqla əldə edilmir. Kütləvi, ucuz və sürətlə istehsal olunan dronların qarşısını davamlı şəkildə almaq üçün eyni dərəcədə kütləvi və ucuz müdafiə vasitələri lazımdır. Üstəlik, Rusiya yalnız havada deyil, dənizdə də Avropanın reaksiyasını ölçür. “Kölgə donanması”na qarşı Avropanın tətbiq etdiyi sanksiyalar və dəniz nəzarəti Moskva ilə Qərb arasında yeni qarşıdurma xətti yaradıb.

Vladimir Putin avqustun 12-də Rusiya gəmilərinin ələ keçirilməsi halında Moskvanın “eyni qaydada” cavab verəcəyini və cavabın yalnız həmin ərazi ilə məhdudlaşmaya biləcəyini bildirib. Bu bəyanat təsadüfi deyil. Rusiya hərbi gücü iqtisadi və siyasi təzyiqlə birləşdirərək Avropaya belə bir mesaj verir: sanksiyaların tətbiqi artıq yalnız iqtisadi məsələ deyil, dəniz təhlükəsizliyi məsələsinə də çevrilə bilər.

Ən qorxulu tərəfi odur ki, bütün bu baş verənlər bir-biri ilə əlaqəsiz hadisələr kimi təqdim edilir: dron insidenti ayrı, Rusiya freqatının patrulu ayrı, sabotaj şübhəsi isə tamam başqa bir məsələ kimi göstərilir. Əslində isə bütün bunlar vahid strategiyanın elementləridir. Onlar NATO ölkələrinin müdafiəsini yoxlamaq, qərarverməni gecikdirmək və təhlükə hissini artırmaq məqsədi daşıyır.

Son həftələrdə Polşa və Baltik ölkələrinin kritik infrastrukturu qoruma tədbirlərini gücləndirməsi də təhlükənin artıq nəzəri müzakirə olmadığını göstərir. Region ölkələri enerji obyektləri, bəndlər və digər strateji infrastrukturların mühafizəsini artırırlar. Buradan NATO üçün əsas nəticə çıxır: Avropanın problemi yalnız Rusiyanın hərbi potensialının böyüklüyü deyil, Moskvanın qeyri-müəyyənlik yaratmaq qabiliyyətidir.

Rusiya Avropaya mütləq genişmiqyaslı hücum etməlidir ki, təhlükə yaransın? Xeyr. Dronlar, sabotaj, kiberhücumlar, dənizdə təzyiq, GPS maneələri, kritik infrastruktur ətrafında şübhəli fəaliyyət və hərbi gəmilərin nümayişkaranə patrulları NATO-nun siyasi və hərbi reflekslərini tədricən sınaqdan keçirə bilər. Ona görə də Avropanın qarşısındakı əsas vəzifə sadəcə daha çox silah almaq deyil.

Məsələ daha çox silahda yox, daha sürətli qərarvermədə, daha güclü hava hücumundan müdafiədə, daha böyük istehsal imkanlarında və hibrid hücumlara vahid cavab mexanizmindədir. Əks halda Rusiya hər dəfə sərhədi bir qədər də Avropaya yaxınlaşdıracaq, NATO isə hər dəfə yeni “qırmızı xətt” müəyyənləşdirməklə kifayətlənəcək. Ən təhlükəli ssenari müharibənin başlaması deyil, Avropanın o mərhələyə qədər öz zəifliklərinə tədricən öyrəşməsidir.

Siyasət şöbəsi