Xəbər lenti

Hüseynbala Səlimov
Siyasət 09:33 06.11.2023

Türkdilli dövlətlərdən türk dövlətlərinə qədər...

Türk Dövlətləri Təşkilatının daha bir toplantısı oldu. Yadıma gəlir, mən bir vaxt israrla yazırdım ki, bunlar türkdilli dövlətlər yox, türk dövlətləri adlanmalıdır, çünki onlar ingilis və yaxud da fransızdilli xalqlar deyillər, onların hamısı etnik türklərdir. 

Onu da xatırlayıram ki, bu xüsusda hətta yazıları saytda yerləşdirən bir veb-masterlə kiçik mübahisəmiz də düşmüşdü. O, deyirdi ki, bu dövlətlər rəsmi şəkildə türkdilli dövlətlər adlanır, sən axı nə əsasla onları türk dövlətləri adlandırırsan? 

Mənim əsasım sadəcə, məntiq idi və onu da əsas gətirib deyirdim ki, gec-tez bu da dəyişəcək və bir müddət sonra həqiqətən də belə oldu: toplantıların birində belə qərar verildi ki, bundan sonra bu dövlətlər türk dövlətləri adlansın...

Bu məsələnin bir başqa tərəfi də var. Bu areal istifadə olunmamış geosiyasi resursdur, xüsusən də qardaş Türkiyə üçün. Başa düşürük, Türkiyə nisbətən daha geniş məkanda, müsəlman, xüsusən də ərəb dünyasında möhkəmlənmək istəyir. Burada, əlbəttə, bir din birliyi söhbəti də var və ərəblərlə bizi də İslam dini birləşdirir. 

Ərəb dünyası həm də çox böyük enerji və xüsusən də maliyyə mənbəyidir və qardaş Ankara bundan yararlanmağa cəhd edir. Olsun. Amma biz öz resurslarımızı, xüsusən də Mərkəzi Asiyanı unutmamalıyıq. Əlbəttə, onların maliyyə imkanları heç də ərəblərinki qədər deyil, amma bu ölkələrin də böyük enerji imkanları mövcuddur. 

Üstəlik, bu dövlətlər regional güc olmaqla bahəm, həm də beynəlxalq təşkilatlarda, xüsusən də BMT - də səs və dəstək deməkdir. Bu səbəbdən də qardaş Türkiyə ən azı regional güc olmaq istəyirsə, daim bu regionu diqqətdə saxlamalıdır. 

Üçüncüsü, Mərkəzi Asiyanı Qafqazlardan keçərək Türkiyə ilə birləşdirəcək gələcək layihə hələ irəlidədir, o, gec-tez reallaşacaqdır. Təsadüfi deyil ki, trans – Xəzər marşrutu böyük güclərin, xüsusən də daim ABŞ-ın diqqətindədir. 

Hətta Fransanın nəzərləri bu regiona yönəlibdir. Bu yaxınlarda Emmanuel Makron bu regiona səfər etdi. Düşünürük ki, bu səfərdə bir əvəz çıxmaq cəhdi də vardı. 

Məsələ bundadır ki, bir neçə Afrika ölkəsində bu yaxınlarda baş verən çevrilişlərdə Rusiyanın da adı hallanır. Həmin çevrilişlər nəticəsində Parisin Afrikadakı mövqeləri xeyli sarsılıbdır və qallar-fransızlar güman ki, Rusiyadan bunun əvəzini çıxmaq istəyirlər.

Burada başqa məqam da var. Hazırda Rusiya ilə Qərb arasında böyük qarşıdurma yaşanır. ABŞ və hətta Fransa Rusiyanı Cənubi Qafqazlardan sıxışdırmağa çalışırlar. Güman ki, bu siyahıda Rusiyanın daha bir həssas nöqtəsi – Mərkəzi Asiya da var...

Toplantıya gəldikdə, burada çox təkliflər səsləndi. Məsələn, deyildi ki, bu dövlətlərin birgə müdafiə imkanları araşdırılsın. Hətta türk dövlətlərinin xartiyasını hazırlamaq kimi təkliflər də deyildi. Əlamətdar detallardan biri bu idi ki, bu dəfə də toplantıda Macarıstanın baş naziri Viktor Orban iştirak edirdi. Bəli, dənizdən dənizə, qitədən qitəyə doğru uzanan türk dünyası – bu, artıq bir reallıqdır...

Bir daha qeyd edirik ki, hazırda çox ciddi geosiyasi proseslər gedir, ənənəvi geosiyasi konfiqurasiyalar dəyişmək istəyir. Çox maraqlıdır ki, Türk Dövlətləri Təşkilatının toplantısı keçirilən zaman Rusiya prezidenti Vladimir Putin Aleksandr Nevskidən danışır, keçmişin Avropa dövlətlərilə Qızıl Ordanı müqayisə edirdi. Rusiya prezidenti müqayisəsində Qızıl Ordaya üstünlük verdi. Ona görə ki, qədim türklər rusların bir etnos kimi dininə, dilinə və mədəniyyətinə toxunmurdular. 

Bizə elə gəlir ki,- qeyd edək, Rusiya prezidenti də buna toxundu, - bu müqayisənin müasir konteksti də var və o, da budur ki, türk dünyası və hətta Rusiyanın da onun da əməkdaşlığı bu günün geosiyasi reallığıdır...

Hüseynbala Səlimov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->