Xəbər lenti

İsmayıllıda
Foto 11:21 17.10.2025

İsmayıllıda "Müstəqilliyimiz əbədidir" adlı aksiya və Uşaq Səfirləri Məclisinin görüşü keçirildi (FOTO)

Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə elan olunan "2025-ci il – Konstitusiya və Suverenlik İli” çərçivəsində İsmayıllı rayonunda silsilə tədbirlər davam edir. 

Qaynarinfo xəbər verir ki, bu münasibətlə İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə nümayəndəliyi və İsmayıllı rayon Uşaq Səfirləri Məclisinin birgə təşkilatçılığı ilə "Müstəqilliyimiz əbədidir” adlı aksiya və görüş keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın azadlığı və suverenliyi uğrunda canından keçmiş qəhrəmanların xatirəsini yad ediblər. Daha sonra İsmayıllı şəhərində, 1975-ci ildə 2-ci Dünya müharibəsinin başa çatmasının 30 illiyi münasibətilə inşa edilmiş və inventar nömrəsi 5642 olan Böyük Vətən Müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidəsi önündə ağacəkmə aksiyası təşkil olunub. Aksiya zamanı gənclər təbiətə qayğı və ətraf mühitin qorunmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu vurğulayıblar.

Tədbirin davamında İsmayıllı Rayon İcra Hakimiyyətinin inzibati binasında Uşaq Səfirləri Məclisinin üzvləri ilə görüş baş tutub. Görüşdə RİH əməkdaşı Nəsimi Teymurov iştirak edib və gənclərlə səmimi fikir mübadiləsi aparıb. Məclisin sırasına yeni üzvlər qəbul olunub, şagirdlər "Konstitusiya və Suverenlik İli” ilə bağlı həyata keçirdikləri fəaliyyətlər barədə təqdimatla çıxış ediblər. Görülən işlər müzakirə olunub, gələcək planlar və yeni layihə ideyaları ətrafında fikir alış-verişi aparılıb.

Çıxışlarda qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti sayəsində Azərbaycanın dövlət müstəqilliyi qorunub və möhkəmləndirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə isə ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olunub, Azərbaycan qalib dövlət kimi beynəlxalq aləmdə böyük nüfuz qazanıb.

Tədbirin əsas məqsədi gənc nəslin dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyə olunması, onların ictimai fəallığının və milli dəyərlərə bağlılığının artırılması olub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->