Siyasət 13:01 30.06.2022

Türkiyə Qərbyönümlü siyasətdən heç vaxt imtina etməyib, lakin... - Ərəstun Oruclu

İsveç və Finlandiya barədə mühüm qərarların verildiyi NATO-nun Madrid sammitində diqqət mərkəzində olan görüşlərdən biri də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında keçirilən görüş olub. Qapalı keçirilən görüş təxminən 1 saat davam edib. Bayden "taxıl dəhlizi”nin formalaşdırılması istiqamətində, eləcə də İsveç və Finlandiyanın NATO üzvlüyünə yol açdığı üçün Türkiyə dövlət başçısına təşəkkür edib. 

Madriddə həmçinin, Ərdoğanla Böyük Britaniyanın Baş naziri Boris Conson arasında da görüş baş tutub. 25 dəqiqə çəkən görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun, Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın, AKP sözçüsü Ömər Çelik və NATO Parlament Assambleyasının Türkiyə Qrupunun sədri Osman Aşkın Bak da iştirak edib. 

Ərdoğan həmçinin, Fransa Prezidenti Emmanuel Makronla da görüşüb. Qeyd edək ki, bu sammitə qədər Türkiyə ilə NATO-nun bir sıra ölkələri arasında ziddiyyətlər mövcud idi. ABŞ başda olmaqla, Qərbin bir sıra ölkələrinin Türkiyəyə silah satmaqdan imtina etməsi fonunda, Ərdoğan hökuməti Rusiya ilə yaxınlaşmaq kursu götürdü. Bu müstəvidə Qərbin etirazlarına baxmayaraq, Rusiyadan S-400 raketlərini aldı. Ukrayna məsələsində isə müttəfiqlərinin əksinə olaraq, Rusiyaya qarşı sanksiyalara qoşulmadı. Finlandiya ilə İsveçin NATO-ya üzvlük məsələsində də Ankara Alyans üzrə digər müttəfiqlərindən fərqli olaraq, başqa mövqe sərgilədi. Ərdoğan öncə həmin ölkələrin terrorizmə dəstək verdiyini  əsas gətirməklə onların quruma üzvlüyünə veto qoyacağını bəyan etdi. Lakin sonradan əldə olunan razılaşma fonunda sözügedən Skandinav ölkələrinin NATO-ya üzvlüyünə Türkiyə də "yaşıl” işıq yandırdı. Türkiyə hətta sammit çərçivəsində bəzi müttəfiqləri tərəfindən özünə qarşı qoyulan silah embarqosunun da aradan götürülməsinə nail oldu. Bütün bunlar belə bir nəticə çıxarmaq oalr ki, Ankara yenidən Qərbyönümlü kursa qayıdır.

Məsələni Qaynarinfo-ya şərh edən siyasi şərhçi Ərəstun Oruclu qeyd edir ki, Ərdoğan yürütdüyü fərqli xarici siyasət kursu zamanı heç vaxt qərbyönümlü kursdan imtina etməyib:

"Türkiyə hər zaman NATO ölkəsi olub. Sadəcə olaraq, bəzi müttəfiqləri Ankaranı keçən əsrin 90-cı, idealda isə hətta 70-ci illərin Türkiyəsi qismində görmək istəyirdi. Bu isə alınmadı. Son nəticədə Rusiyanın Ukraynaya təcavüzü, Avrasiya bölgəsində hərbi-siyasi gərginliyin artması, təhlükəsizliyə ciddi təhdidlərin yaranması, qlobal təhlükəsizlik sisteminin laxlaması və Avropa qitəsində Böyük Britaniya xaric digər NATO üzv ölkələrinin hərbi potensialının yetərincə olmaması, qurum ölkələrinin Türkiyəyə münasibətini dəyişməyə vadar etdi. Azı 6 NATO ölkəsi müxtəlif bəhanələrlə Türkiyəyə silah-sursat, hərbi texnologiya və digər hərbi vasitələrin satılmasına embarqo tətbiq etdi. ABŞ Türkiyəni guya S-400-lərə görə F-35 təyyarələri proqramından çıxırıb. Fransa, Almaniya, Hollandiya, Belçika, qismən Kanada da bu prosesdə iştirak edir”.

Həmsöhbətimiz bildirir ki, Ərdoğan Türkiyə ilə hədə-qorxu dili və üslubunda danışmağın mümkün olmayacağını göstərdi. Nəticədə Avrasiya bölgəsində yaranmış təhdidlər fonunda NATO məcbur oldu ki, Türkiyənin tələblərini qəbul etsin:

"Bu da Türkiyəni bir dövlət kimi özünü təsdiq etməsidir. Finlandiya və İsveçlə aralarında olan ziddiyyətin çözülməsi nəticəsində onların üzvlüyünü təsdiqləməklə Türkiyə də NATO ölkəsi olduğunu təsdiqlədi. Yəni burada söhbət sadəcə geri qayıdış, geri dönüşdən getmir. Söhbət sadəcə, Türkiyənin NATO-da layiq olduğu yeri almasından gedir. Necə olur ki, NATO-nun hərbi baxımdan ikinci güclü ölkəsinə digər üzvlər embarqo tətbiq edir? Bu ağlasığmazdır. Ərdoğan bu ağlasığmaz siyasətin qarşısını ala bildi”. 

Rüfət Sultan