"Rusiyanın Kursk istiqamətində məğlubiyyətinin başlıca səbəbi əsas ordu qüvvələrinin Ukraynanın şərqində, Donbas və Xarkov istiqamətində cəmləşməsilə bağlıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Azad İsazadə Rusiya ordusunun Kursk istiqamətində Ukrayna ordusu tərəfindən acınacaqlı məğlubiyyətə uğramasının səbəbləri haqqında danışarkən deyib.
"Kurskda Rusiyanın real döyüş qabiliyyətinə malik qoşunları yox idi. Oradakı qüvvələr əsasən yeni çağırışçılardan formalaşmış sərhədçilərdən ibarət idi. Onlar isə ukraynalıların gəlməsilə qaçıb dağıldılar. "Axmet" xüsusi təyinatlı briqadası da Ukrayna ordusuna müqavimət göstərə bilmədi. Hazırda Rusiya təcili şəkildə döyüş qabiliyyətli hərbi hissələri Donbas və Xarkov istiqamətindən Kurska doğru çəkir", deyə Azad İsazadə bildirib.
Ekspertə görə, problem odur ki, XXI əsrdə qoşunları gizli şəkildə hərəkətə gətirmək qeyri-mümkündür:
"Dronlar və peyklər vasitəsilə hər şey görünür. Kurska köməyə gələn bir neçə rus kolonu məhv edilib. Ukrayna ordusu Kursk vilayətində artıq səngərlər qazıb, bunkerlər qurur. Onlar rus qoşunlarının əsas hissəsi gələnə qədər müdafiə sistemini tam olaraq formalaşdıracaqlar. Bu günə qədər Donbasda gedən uzunmüddətli mövqe döyüşlərini indiki halda Kurskda görəcəyik. Ukrayna artıq rus ərazisinin 500 kvadratmetrini tutub".
Həmsöhbətimiz deyib ki, Kursk istiqamətində baş verən hadisələrdən sonra Rusiya ordusunun Donbas istiqamətində təzyiq imkanları xeyli azalıb:
"Bəzi istiqamətdə Rusiyanın Ukrayna mövqelərinə hücumu ümumiyyətlə dayanıb. Ukraynanın isə bəzi mənbələrə görə növbəti hücumu ya Kursk şəhəri və ya oradakı atom elektrik stansiyası tərəfə olacaq, yaxud da Belqorod istiqamətinə doğru. "Vaşinqton Post"un yazdığı kimi, Ukrayna Kursk vilayətində hücuma keçməklə şahmat taxtını çevirib, yeni qaydalarla oynayır".
Qeyd edək ki, Ukrayna ordusu Rusiyanın Kursk vilayətinə doğru irəliləməkdə davam edir. Artıq Kursk vilayətinin 500 kvadratmetrinə qədər ərazisi Ukrayna ordusunun nəzarəti altındadır. Rusiya kimi dünyanın ikinci güclü ordusuna malik bir ölkə bu zərbə nəticəsində xeyli şoka düşüb. Həmin hadisə həmçinin rus ordusu barədə mifi də demək olar tamamilə darmadağın edib.
Rüfət Sultan
Şərhlər