Xəbər lenti

Ukraynada müharibə bitirmi və mümkün vasitəçilər kimlərdir? (ŞƏRH)
Dünya 15:20 06.07.2024

Ukraynada müharibə bitirmi və mümkün vasitəçilər kimlərdir? (ŞƏRH)

"Müharibədə gözlənilən sonluq hələ ki, görünmür. Ola bilsin, aktiv döyüş əməliyyatları dondurulsun. Belədə, Çinlə Tayvan və Şimali Koreya ilə Cənubi Koreya arasında olduğu kimi, Rusiya ilə Ukrayna arasında da uzunmüddətli sakitlik əldə edilə bilər". 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural İsmayılov Ukrayna məsələsi ilə bağlı son zamanlar Kiyev və Moskvada yüksək ranqlı rəsmilər tərəfindən danışıqlar və vasitəçilər məsələsinin gündəmə gətirilməsi məsələsini şərh edərkən deyib.
 
Onun fikrincə, indiki halda müharibənin bitməsi mümkün görünmür:

"Rusiya Ukrayna müharibəsində gözlənilən sonluğun yaxınlaşması hələ ki, mümkün görünmür. Əslində burada söhbət məntiqli yekundan və savaş həddinin hazırkı vəziyyətinin dəyərləndirilməsindən gedir. Məntiqi yekun odur ki, Ukraynanın bütün işğal edilmiş torpaqları Rusiya tərəfindən Kiyevə geri qaytarılsın. Amma indiki dönəmdə və daha uzun müddət ərzində Rusiyanın işğal etdiyi torpaqlardan çəkiləcəyi ağlabatan deyil. Kiyev də heç zaman torpaqlarının əlindən çıxmasına razı olmayacaq. Ukraynada kimin hakimiyyətdə olmasından asılı olmayaraq, bu məsələdən hər hansı bir ukraynalı liderin imtina edəcəyini düşünmürəm".
 


Bu baxımdan Tural İsmayılov hesab edir ki, müharibənin tamamilə başa çatması və iki ölkə arasında daimi sülhün formalaşması olduqca çətindir. Ekspert qeyd edib ki, Moskva Vaşinqtonun vasitəçiliyini qəbul etməyəcək:

"Çin isə Rusiya üçün uyğun vasitəçidir. Lakin Çinin sülh danışıqlarında moderatorluğunu Kiyev də qəbul etməz. Türkiyə isə balanslı yanaşması ilə danışıqlarda ən obyektiv və doğru vasitəçi ola bilər. Hətta burada Azərbaycan da uğurlu moderator qismində çıxış edə bilər".

Qeyd edək ki, son zamanlar Ukrayna münaqişəsinin bitməsi üçün danışıqlar aparılmasının vacibliyi məsələsi önə çıxmağa başlayıb. Bu günlərdə Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Rusiya ilə danışıqlar zamanı vasitəçilər ABŞ və Çin ola bilər. Onun fikrincə, bu, Ukrayna üçün müharibənin ədalətli başa çatmasına imkan verəcək. 

Rusiya lideri Vladimir Putin isə Türkiyənin vasitəçiliyini təklif edir. Bütün hallarda görünən odur ki, tərəflər indi əsas diqqəti danışıqlarda vasitəçilər məsələsinə yönəltməyə başlayıb. Belə bir vəziyyətdə bir sıra ekspertlər savaşın tezliklə yekunlaşacağını iddia etməyə başlayıblar. Bəziləri hətta tarix də müəyyənləşdirərək, iddia edir ki, müharibə sentyabra doğru bitəcək.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->