Xəbər lenti

Sənət 17:31 18.10.2022

Şuşada kimin heykəli ucaldılmalıdır? - Fikirlər

44 günlük Vətən müharibəsindən sonra Şuşanın işğalı zamanı zədələnmiş və Bakıya gətirilmiş üç dahi şəxsiyyətin heykəli Şuşaya qaytarılıb.
İllərdir "Güllələnmiş heykəllər” adlandırılan Üzeyir Hacıbəyli, Bülbül və Natavanın heykəlləri doğma yurdlarındadır. Bəs, yenidən qurulan Şuşada daha kimlərin heykəlləri ucalmalıdır? 

Məsələn ekspert Ərşad Hüseynov maraqlı təkliflə çıxış edib. Təklif edib ki, Şuşada ucaldılacaq ən möhtəşəm abidə 44 günlük Vətən müharibəsində bu qartal yuvasını düşməndən azad edən əsgər və zabitlərimizin abidəsi olmalıdır:



"Şuşada sürətlə davam edən bərpa və yenidənqurma işlərinin tərkib hissəsi kimi tanınmış şəxslərə abidələrin qoyulması da zəruridir. Şuşa rəsmən (Prezidentin 7 may 2021-ci il № 2632 Sərəncamına əsasən) ölkəmizin mədəniyyət paytaxtı elan edilsə də, bu gözəl şəhərimizdə təkcə mədəniyyət və incəsənət xadimlərimizn deyil, tarixi şəxsiyyətlərimizin, hərbi sərkərdələrimizin, vətən üçün qəhrəmanlıq göstərib canından keçən əsgər və zabitlərimizin də möhtəşəm abidələri olmalıdır. Məsələn, mən ilk növbədə aşağıdakıları təklif edirəm. Şuşanən təkcə xanlıqlar dövründə paytaxt olmasını (yəqin ki, Pənahəli xanın və Qarabağ xanlarının memoraial abidəsi olacaq) yox, həm də dövlətçiliyimizin sonrakı dövrlərində də bölgənin vahid siyasi mərkəzi olduğunu vurğulamaq üçün AXC dövründəki Qarabağ general-qubernatorluğunun iqamətgahının binası elə bu adla bərpa edilməli və general-qubernator Xosrov bəy Sultanova layiqli bir abidə ucaldılamlıdır. Məşhur sərkərdə və AXC-nin Hərb naziri Səməd bəy Mehmandarovun möhtəşəm abidəsi də yəqin ki, olacaq. Əslən Şuşadan olan və vaxtilə erməni terroruna qarşı ən yaxşı mübarizə "resept”ini ortaya qoyaraq "Difai"ni yaratmış, böyük mütəfəkkir, təkcə Azərbaycanda yox, həm də qardaş Türkiyə Cumhuriyyətində məşhur dövlət xadimi olmuş Əhməd bəy Ağaoğlunun da əzəmətli abidəsi Şuşanın ən görkəmli yerlərindən birini bəzəməlidir”.

Xalq artisti Mənsum İbrahimov isə Qaynarinfo-ya bildirib ki, Şuşada Pənahəli xanın heykəli ucaldılmalıdır: 



"Pənahəli xan Şuşanın qurucusudur. Onun heykəli Qala Qapısında qoyulmalıdır. Bundan sonra isə Azərbaycan muğam sənətində xidmətləri olan ölməz sənətkar Xan Şuşunski, Cabbar Qaryağdıoğlu, Süleyman Ələsgərov, Vasif Adıgözəlov, Şəmsi Bədəlbəyli kimi böyük sənətkarların hər birinin abidəsi olmalıdır”.

Xalq artisti Nurəddin Mehdixanlının sözlərinə görə, Şuşanın böyük şəxsiyyətləri bir parkda büstləri ucaldılmalıdır:



"Şuşa Azərbaycan mədəniyyətinin, dövlətçilik tarixinin çox böyük şəxsiyyətlərini yetişdirib. Onları yeni nəsilə tanıtdırmaq lazımdır. Mədəniyyət, təhsil, dövlətçilik sahəsində, keçmişdə və bu gün müstəsna xidməti olanların, Şuşada doğulub, orada fəaliyyət göstərən bütün şəxslərin ayrıseçkilik salmadan abidələrini qoymaq lazımdır. Məsələn, Qazaxda bir park var, orada doğulub-yaşayan bütün tarixi şəxsiyyətlərin büstləri qoyulub. Vacib deyil ki, Şuşada böyük, nəhəng-nəhəng heykəllər qoyulsun, orada Şuşanın mədəniyyət və dövlət xadimləri parkı salınsın. Və orada  ayrıçekilik salmadan ədəbiyyat və mədəniyyət xadimlərinin büstləri qoyulsun. Sabah Şuşaya başqa ölkələrdən turistlər gələndə görsünlər ki, burada nə qədər taixi şəxsiyyətlər yetişib. Bunun özü Şuşanın Azərbaycana məxsus olduğunu göstərən faktdır”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->