Siyasət 16:56 16.01.2023

"Vardanyan yolun sonuna gəlib" - Politoloq

"Paşinyanı qorxudan heç də Vardanyanın özü deyil. Nikol ondan ehtiyat edir ki, Vardanyanın verdiyi bəyanatlar Bakını Xankəndidə antiterror əməliyyatı keçirməyə vadar edə bilər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Ermənistan KİV-nin baş nazir Nikol Paşinyanın qondarma rejimdə "dövlət naziri” postuna yiyələnmiş Ruben Vardanyan qarşısında siyasi bəyanatlar verməməklə bağlı şərt qoymasına dair xəbərinə münasibət bildirərkən deyib. Politoloq bildirib ki, Ermənistan və Rusiyadakı ermənipərəst qüvvələr Azərbaycanı qızışdırmamaq mövqeyi tutmağa çalışırlar:



"Vardanyan siyasətdən uzaq adam olduğundan açıq müstəvidə Paşinyanla mübarizəyə başladı. Paşinyan hakimiyyətini qorxudan heç də Vardanyanın özü deyil. Vaxtilə Paşinyan özü də Azərbaycana qarşı belə çıxışlar edirdi. Buna cavab olaraq Azərbaycan 44 günlük müharibə ilə erməniləri böyrü üstə qoydu. Paşinyanı da bu mənada qorxudan odur ki, Vardanyanın verdiyi bəyanatlar, ölkəmizi hədələməsi Azərbaycanı adekvat addımlar atmağa sövq edər və Bakı Xankəndidə antiterror əməliyyatı keçirə bilər. Ona görə də Ermənistan və Rusiyadakı ermənipərəst qüvvələr Azərbaycanı qızışdırmamaq mövqeyi tutmağa çalışırlar. Bu səbəbdən Vardanyanın "fatiəsinin verildiyi”ni görmək olar. Moskva, Terhan, İrəvan da artıq onun siyasi məhvi ilə razılaşıblar. Vardanyanı Araik Arutyunyanın alternativi olmaq üçün göndərmişdilər. Bu adam isə özünü Ermənistanın baş naziri postunda görmək istədi. Amma Rusiya indiki şəraitdə bunu həyata keçirə bilmir. ABŞ buna imkan verməyəcək. Vardanyan öz oturduğu "budağı kəsdiyindən” artıq onun sonu gəlib”. 

Qeyd edək ki, bir neçə gündür erməni KİV-ləri Qarabağda kök salan separatçı rejimin "dövlət naziri” Ruben Vardanyanın vəzifəsindən çıxarılması ilə bağlı informasiya tirajlayırlar. Dünən isə Vardanyanın "postundan” uzaqlaşdırılmasına görə qondarma rejimin "Təhlükəsizlik Şurası”nın iclası keçirilib. Gecə saatlarında "O, öz "postunda” qalacaq” cümləsi ilə mövzuya son qoyulub. İqtidaryönlü Ermənistan KİV-ləri isə bildirir ki, əslində Paşinyan Vardanyanın qarşısında şərt qoyub. Ona bundan sonra siyasi bəyanatlar verməməklə bağlı tapşırıq verilib. 

Rüfət Sultan