Ölkə 22:02 12.05.2023

Vətəndaşlardan sakit dayanmaq üçün pul istədi, polis saxladı, məhkəmə həbs etdi

Bakıda sakit durması üçün vətəndaşlardan pul tələb edən şəxs həbs olunub. 

Qaynarinfo-nun məlumatına görə, 1975-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində doğulmuş Sakit (şərti) barəsində Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən protokol tərtib olunaraq, iş məhkəməyə göndərilib. 

Məhkəmədə polisin izahatında göstərilib ki, Sakitlə bağlı 7 may 2023-cü il tarixdə bölməyə vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər daxil olub. Şikayətlərə səbəb Sakitin vətəndaşları ictimai yerdə təhqir etməsi, onların iş yerlərinə gedib səs-küy salması olub. Sonra isə iş yerlərində olan vətəndaşlardan sakit dayanması müqabilində pul tələb edib. 

Aparılmış araşdırma nəticəsində sözügedən hadisəni törədən şəxs müəyyən edilib və sonuncu bölməyə dəvət olunaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub.

Məhkəmə iclasında Sakit barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razılaşmayaraq, heç kəsi təhqir etmədiyini bildirib, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edib. 

Məhkəmənin qərarı ilə, o, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 gün müddətə inzibati həbs olunub.

Əhməd