Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları üçün inşa edilmiş Yeni Yasamal-2, Xarici dairəvi küçəsi, ev 11 ünvanındakı çoxmərtəbəli binanın ümumi istifadə sahələri ilə bağlı mübahisə yaranıb. Sakinlərin yaratdığı “Yasamal-68” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) binanın zirzəmisi, su anbarının yerləşdiyi ərazi və digər qeyri-yaşayış sahələrinin özəlləşdirilməsinin qanuniliyini mübahisələndirir.
Qaynarinfo xəbər verir ki, “Yasamal-68” MMMC-nin hüquqşünası Hacı Zeynalov məsələ ilə bağlı məhkəməyə müraciət edildiyini bildirib.
Onun təqdim etdiyi məlumatlara əsasən, sözügedən ərazinin tarixi hələ sovet dövrünə gedib çıxır. Bildirilir ki, 1989-cu ildə Bakı şəhəri XDS İcraiyyə Komitəsinin 11/411 saylı qərarı ilə Yeni Yasamal-2, Xarici dairəvi küçəsi, ev 11 ünvanında BDU əməkdaşları üçün torpaq sahəsi ayrılıb və “Gənc Alim” MTK yaradılıb. 2006-cı ilin martında isə onun bazasında “Gənc Alim” İstehlak Kooperativi formalaşdırılıb.
124 nəfərin iştirakı ilə qərar verilib
Hüquqşünasın sözlərinə görə, 18 iyun 2023-cü ildə binadakı mənzil mülkiyyətçilərinin iştirakı ilə “Alimlər” MMMC təsis edilib.
4 avqust 2023-cü ildə keçirilən ümumi yığıncaqda isə cəmiyyətin adı və nizamnaməsində dəyişiklik edilməsi qərara alınıb. Təqdim olunan məlumata görə, 124 iştirakçının razılığı ilə qurumun adının “Yasamal-68” MMMC olaraq dəyişdirilməsi qərarlaşdırılıb.
Şikayət tərəfi bildirir ki, yeni idarəetmə qurumu yaradıldıqdan sonra əvvəlki kooperativə aid əmlakın təhvil-təslimi ilə bağlı problemlər ortaya çıxıb.
Müraciətdə keçmiş “Gənc Alim” MİK-in rəhbəri Aydın Cəfərovun adı çəkilir. Bildirilir ki, o, “Alimlər” MMMC yaradılarkən binadakı mənzil mülkiyyətçilərinin sayı barədə məlumat təqdim edib. Lakin “Yasamal-68” MMMC-nin iddiasına görə, sonradan daşınar və daşınmaz əmlakın yeni idarəetmə qurumuna təhvil verilməsi həyata keçirilməyib.
Hüquqşünas bunun Mənzil Məcəlləsinin tələbləri baxımından hüquqi mübahisə yaratdığını bildirir.
Zirzəminin 1176 kvadratmetrlik hissəsi mübahisə predmetidir
Məsələnin ən diqqətçəkən hissəsi binanın zirzəmisi ilə bağlıdır.
“Yasamal-68” MMMC-nin təqdim etdiyi məlumatda iddia olunur ki, binanın kommunikasiya xətlərinin yerləşdiyi zirzəminin ayrı-ayrı hissələri xüsusi mülkiyyətə keçirilib.
Müraciətə əsasən, zirzəminin 376 kvadratmetrlik hissəsi 1 sentyabr 2021-ci ildə, daha 800 kvadratmetrlik hissəsi isə 19 aprel 2024-cü ildə Kəmalə Ağazadənin adına rəsmiləşdirilib.
Beləliklə, mübahisələndirilən zirzəmi sahəsinin ümumi həcmi 1176 kvadratmetr təşkil edir.
Şikayət müəllifləri həmin əməliyyatların əsasını təşkil edən sənədlərin qanuniliyini şübhə altına alırlar. Onların iddiasına görə, zirzəmidən elektrik, su, kanalizasiya və digər kommunikasiya xətləri keçir, eyni zamanda binanın konstruktiv elementlərinin bir hissəsi burada yerləşir.
Bu səbəbdən MMMC həmin sahələrin ayrıca özəlləşdirilməsinin mümkün olub-olmamasının araşdırılmasını tələb edir.
855,9 kvadratmetrlik su anbarı ərazisi də mübahisələndirilir
Müraciətdə daha bir daşınmaz əmlak əməliyyatından bəhs olunur.
“Yasamal-68” MMMC-nin məlumatına görə, 18 yanvar 2025-ci ildə binanın həyətində yerləşən su anbarı ilə bağlı 855,9 kvadratmetrlik sahə üzrə də çıxarış rəsmiləşdirilib.
Cəmiyyət bu rəsmiləşdirmənin də hüquqi əsaslarını mübahisələndirir.
Bundan başqa, sakinlərin vəsaiti hesabına mərasim evi kimi tikildiyi bildirilən qeyri-yaşayış sahəsinin sonrakı taleyi ilə bağlı da iddialar irəli sürülüb. Şikayət tərəfi həmin əmlakın “Yasamal-68” MMMC-nin balansına verilmədiyini və sonradan üçüncü şəxslərin istifadəsinə keçdiyini bildirir.
Keçmiş kooperativ rəhbərinin məhkumluğu
Müraciətdə adı çəkilən Aydın Cəfərovun hazırda həbsdə olduğu da qeyd edilir.
Təqdim edilən məlumata görə, Aydın Cəfərov 2024-cü ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə təqsirli bilinərək 6 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Bununla belə, onun həmin cinayət işi üzrə məhkumluğu ilə hazırda “Yasamal-68” MMMC-nin qaldırdığı əmlak mübahisəsinin hüquqi baxımdan eyni məsələ olub-olmadığı ayrıca qiymətləndirilməlidir. MMMC-nin irəli sürdüyü digər iddialara dair yekun hüquqi qiyməti isə məhkəmə verə bilər.
Çıxarışların ləğvi tələb olunur
“Yasamal-68” MMMC-nin hüquqşünası Hacı Zeynalov bildirib ki, mübahisəli əmlaklara verilmiş çıxarışlarla əlaqədar Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq qurumlarına müraciətlər edilib.
Onun sözlərinə görə, müraciətlərdən sonra çıxarışların ləğvi ilə bağlı cəmiyyəti qane edən nəticə əldə edilməyib. Buna görə də məsələ məhkəmə müstəvisinə çıxarılıb və mübahisələndirilən çıxarışların ləğvi tələb olunur.
Hazırda açıqlanan məlumatlar əsasən “Yasamal-68” MMMC və onun hüquqşünasının mövqeyini əks etdirir. Müraciətdə adı çəkilən şəxslərin, eləcə də Əmlak Məsələləri Dövlət Xidmətinin irəli sürülən iddialarla bağlı mövqeyi təqdim olunan materialda yer almayıb.
Qaynarinfo qarşı tərəflərin mövqeyini dərc etməyə hazırdır.
Şərhlər