Tanzaniya prezidenti Samiya Suluhu Həsənin həyat yoldaşı Hafid Əmeyr Həsən 68 yaşında Zənzibar adasındakı xəstəxanada vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə “Nation” ölkənin vitse-prezidenti Deoqratius Ndembyaya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Həsən bu gün səhər Zənzibardakı Emilio Mzena Memorial Xəstəxanasında dünyasını dəyişib. O, ürək xəstəliyindən müalicə olunurdu. Dəfn mərasimi həmin adadakı Kizimkazi kəndində keçiriləcək.
Hafid Əmeyr Həsən kənd təsərrüfatı elmləri üzrə müəllim olub və ictimaiyyətin diqqətindən uzaq həyat tərzi sürüb. Həyat yoldaşının 2021-ci ildə prezident vəzifəsinə başlamasından sonra Tanzaniyanın ilk centlmeni olub.
Cütlük Samiya Suluhu Həsənin siyasətlə məşğul olmasından xeyli əvvəl, 1978-ci ildə ailə qurub. Onların üç oğlu və bir qızı olmaqla dörd övladı var. Qızları Vanu Hafid Əmeyr Zənzibarın muxtar parlamentinin deputatıdır.
Keniya prezidenti Uilyam Ruto Həsənin vəfatı xəbərini “dərin kədərlə” qarşıladığını bildirib.
“Prezident Samiya həyat yoldaşını, övladları sevimli atalarını, Tanzaniya isə layiqli oğlunu itirib”, deyə o, sosial şəbəkələrdə yazıb.
Zambiya prezidenti Hakainde Hiçilema da başsağlığı verib. O bildirib ki, ölkəsi bu çətin saatlarda Tanzaniyanın birinci ailəsi və xalqı ilə “çiyin-çiyinə” dayanır.
Aydın
Şərhlər