XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Gənclərin evlənməsində iqtisadi amillər: "Ev, maşın, yüksək maaş..."
Ölkə13:41 07.09.2026

Gənclərin evlənməsində iqtisadi amillər: "Ev, maşın, yüksək maaş..."

"Azərbaycanda işləyən 500 min gənc kişinin yalnız 50–70 mininin aylıq gəliri 2 000 manatdan çoxdur".

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Eyyub Kərimli deyib.

İqtisadçı Azərbaycanda 20–30 yaş arasında təxminən 700 min kişinin olduğunu bildirib:

“Xanımlar, həyat yoldaşı seçərkən tələblər siyahısını uzatmazdan əvvəl məsələyə bir az da iqtisadiyyatın tələb və təklif qanunu prizmasından baxmaq lazımdır. Təxmini hesablamalara görə, 700 min kişinin təxminən 500 mini iqtisadi fəaliyyətlə məşğuldur. İndi gələk məşhur tələblərə: “Yaxşı işi, yüksək maaşı, evi və maşını olsun...” Elə burada riyaziyyat vəziyyəti bir qədər dəyişir. Təxmini hesablamamıza görə, həmin 500 min işləyən gənc kişinin cəmi 50–70 mininin aylıq gəliri 2 000 manatdan yüksəkdir. Üstünə “öz evi və avtomobili də olsun” şərtini əlavə etsək, seçim dairəsi təbii ki, daha da daralacaq. Başqa sözlə, təkcə yüksək gəlir meyarını nəzərə alsaq belə, təxminən hər yeddi işləyən gənc kişidən yalnız biri bu tələbə cavab verir. Bu isə seçim imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır və kifayət qədər ciddi rəqabət mühiti yaradır".

Eyyub Kərimli iqtisadiyyatda sadə bir qaydanın olduğunu xatırladıb:

“Təklif məhdud, tələb yüksəkdirsə, rəqabət artır. Ona görə də “ev + maşın + yüksək maaş + bütün digər üstünlüklər” paketini tələb edərkən bir detalı unutmayaq: həmin “paket” kütləvi məhsul deyil. Üstəlik, o 70 min bəyin də öz seçimləri və tələbləri var.

Deməli, məsələ yalnız “mən kimi istəyirəm?” sualından ibarət deyil. Bir də “mənim istədiyim insan məni seçəcəkmi?” sualı var”.

Ekspert ailə qurarkən hazır evə, avtomobilə və yüksək maaşa deyil, insanın xarakterinə, məsuliyyətinə, zəhmətkeşliyinə və birlikdə bunları yaratmaq potensialına daha çox diqqət yetirməyi tövsiyə edib:

“Çünki iqtisadiyyatda olduğu kimi, münasibətlərdə də arzular sonsuz, resurslar isə məhduddur”.

Bahar Rüstəmli