Xəbər verdiyimiz kimi, lokal xarakterli antiterror tədbirləri nəticəsində ağ bayraq qaldıraraq təslim olan və danışıqlara razılaşan Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlax görüşü artıq başlayıb.
Qaynarinfo xəbər verir ki, görüşdə əsas diqqətçəkən məqam müzakirənin oval masada aparılmasıdır.
Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, bunu 2 əsas səbəbi var:
"Birinci səbəb ermənilərin masada vizual "tərəf” kimi görünməsinə imkan verməmək, ikincisi isə həm də onları aşağılamadan daha effektiv müzakirə aparmaq, onların timsalında erməni əhalisinə Azərbaycanın bərabərhüquqlu vətəndaşı kimi yaşaya biləcəkləri mesajını verməkdir".
Qeyd edək ki, Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil edirlər. Qarabağın erməni sakinlərini isə Sergey Martirosyan və David Melkumyan təmsil edirlər. Rusiya sülhməramlı kontingentinin nümayəndəsi iştirakçı kimi görüşə qatılıb.
Şərhlər