XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"OpenAI" 1,2 trilyon dollar qiymətləndirmə ilə yeni investisiya turuna hazırlaşır
Texnologiya12:29 16.09.2026

"OpenAI" 1,2 trilyon dollar qiymətləndirmə ilə yeni investisiya turuna hazırlaşır

“OpenAI” investorlarla şirkətin təxminən 1,2 trilyon dollar qiymətləndirmə ilə yeni maliyyələşdirmə turu keçirməsi barədə ilkin danışıqlar aparır.

Qaynarinfo xəbər verir ki, məlumatı “Financial Times” yayıb.

Şirkətin yeni turda nə qədər vəsait cəlb edəcəyi hələ müəyyənləşməyib. Danışıqların ilkin mərhələdə olduğu və yekun şərtlərin dəyişə biləcəyi bildirilir. Məlumata görə, danışıqların təşəbbüskarı "OpenAI" deyil, investorlar olub.

Yeni maliyyələşdirmə şirkətin mümkün IPO planları ilə də əlaqələndirilir. “Financial Times”ın məlumatına görə, "OpenAI"ın birjaya çıxışı ən tez 2027-ci ildə baş tuta bilər. Şirkətin baş direktoru Sem Altman isə "OpenAI"ın 2026-cı ildə IPO keçirməyəcəyini bildirib.

“OpenAI” sonuncu böyük maliyyələşdirmə turunu 2026-cı ilin martında tamamlayıb. Şirkət həmin turda 122 milyard dollar cəlb edib və maliyyələşdirmədən sonra 852 milyard dollar qiymətləndirilib. Bu rəqəm "OpenAI"ın rəsmi açıqlamasında da təsdiqlənib.

Yeni danışıqlarda nəzərdə tutulan 1,2 trilyon dollarlıq qiymətləndirmə martdakı 852 milyard dollarlıq göstəricidən təxminən 41 faiz yüksəkdir. Bununla belə, yeni maliyyələşdirmə turunun baş tutacağı və hansı şərtlərlə həyata keçiriləcəyi hələ məlum deyil.

Şəbnəm İbrahimxəlilova