Elxan Şahinoğlu
Siyasət 14:02 06.01.2020

Zelinski ilə Reyqanın oxşar və fərqli cəhətləri...

Elxan Şahinoğlu
Politoloq

Beynəlxalq aləmdə 2019-cu ildə ən çox müzakirə olunan hadisələrdən biri aktyor Vladimir Zelenskinin Ukrayna prezidenti seçilməsi oldu. Dünya tarixində aktyor prezidentlər olub. Məsələn, 1980-1988-ci illərdə Amerikaya rəhbərlik etmiş Ronald Reyqan gəncliyində Hollivud filmlərində çəkilib. Ancaq Reyqanın Zelenskidən iki böyük fərqi var.

Birincisi, Reyqan aktyor olsa da, prezidentlikdən öncə siyasi təcrübə toplamışdı. O, əvvəlcə aktyorların həmkarlar ittifaqının sədri, sonra isə Kaliforniya ştatının qubertanoru seçilmişdi. Vladimir Zelenskinin isə prezdent olana qədər heç bir siyasi təcrübəsi yox idi. O, oynadığı rollardan birbaşa prezident kürsüsünə əyləşdi.

Reyqanla Zelenski arasında ikinci fərq də bundadır ki, Reyqan varlı dövlətin prezidenti seçildi, problemləri həll etmək üçün əlində xeyli imkan var idi. Zelenski isə kasıb dövlətin prezideni seçildi və Reyqandan fərqli olaraq problemləri həll etmək üçün əlində gərəkli alətlər yoxdur.

Buna baxmayaraq, Vladimir Zelenski xalqı üçün nəsə etməyə çalışır. Keçmiş illərdən fərqli olaraq Zelenskinin təyin etdiyi nazirlər və digər məmurlar haqqında neqativ xəbərlər yoxdur. Zelenski özündən əvvəlkilər kimi varlanmağı düşünmür. Onun yeganə istəyi Ukraynanın müharibəsiz ərazi bütövlüyünü təmin etmək və xalqının rifah halını yüksəltməkdir. Çətin vəzifələrdir. Ancaq Zelenskinin başqa alternativi yoxdur.

İlin sonuna yaxın Ukrayna ilə Rusiya arasında qaz tranziti məsələsi həll olundu. Halbuki, son ana qədər Rusiyanın Ukrayna üzərindən Avropaya qaz nəql edəcəyi sual altında idi. Rusiya Avropaya Ukrayna üzərindən qaz nəql etmək istəmir. Elə məhz buna görə Rusiya Ukraynadan yan keçən iki boru xəttininin tikintisini bitirmək üzrədir. Boru xəttinin biri Şimal dənizinin, digəri isə Qara dənizin dibi ilə çəkilib.

Buna baxmayaraq, Rusiya ilin son günündə Ukrayna ilə qaz sazişi imzalamalı oldu. Bunu Ukraynanın kiçik qələbəsi saymaq olar. Rusiya yalnız bir illik saziş imzalamaq istəsə də, sonda 5 illik saziş imzalamalı oldu. Çünki, beynəlxalq məhkəmələr Ukraynanın xeyrinə qərarlar qəbul etmişdilər. Rusiyanın "Qazprom” şirkəti Ukraynanın "Naftoqaz” şirkətinə 3 milyard dollar məbləğində olan borcunu qaytarmağa boyun oldu. Ukrayna Rusiya qazının tranzitinə görə 5 il ərzində 7 milyard dollar qazanc əldə edəcək. Bundan başqa, ilin son günündə Donbasda növbəti dəfə girovlar dəyişdirildi. Dekabrın 31-də isə Rusiya və Ukrayna prezidentlərinin telefon danışığı oldu.

Liderlərin ünsiyyəti vacibdir. Ancaq hələ ki, Ukrayna öz dərin problemlərini həll etməyib. Rusiya Krımı geri qaytarmağı düşünmür, Donbas probleminin həllində də irəliləyiş yoxdur.