8 dəfə əməliyyat olunan Ramiz Əzizbəyli niyə anasından incik öldü? (VİDEO)
Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəyliyə həsr olunub.
Sənətkarın qızı Xədicə Əzizbəyli atasının ailəni bu sahədən uzaq tutmaq istədiyini bildirib:
"Atam bizi həmişə sənətdən uzaq saxlayıb. Heç vaxt istəməyib ki, biz bu sənətlə məşğul olaq. Halbuki istedadımız var idi - həm mənim, həm də bacımın. Amma o, yenə də bizi bu sahədən uzaq tutmağa çalışırdı".
Xalq artisti Cahangir Novruzov isə Ramiz Əzizbəylinin yaradıcılıq potensialından danışaraq onun teatra gəlməsinə mane olan hadisəni xatırlayıb:
"Musiqili Komediya Teatrının baş rejissoru olanda Ramizi teatra gətirmək istəyirdim. Ondan əvvəl də belə bir təşəbbüsüm olmuşdu. Amma bir nəfər çox kobud şəkildə onun qarşısını kəsdi. Adını da çəkirəm - Hacıbaba Bağırov. Ramiz çox incidi. O, gülərüz, açıqürəkli adam idi. Yeni ideyası olanda gəlib səninlə bölüşərdi, deyərdi ki, gəl bunu birlikdə edək. Onun ideyalarından çox böyük işlər yarana bilərdi. Amma elə qırıldı ki, mən teatra baş rejissor gələndən sonra da dedi ki, artıq gəlməyəcəyəm. Bir insanın ürəyinin qırılması ilə Azərbaycan mədəniyyəti çox şey itirdi".
Ramiz Əzizbəyli həyatı boyunca səkkiz dəfə əməliyyat keçirib. Hər dəfə narkozdan ayılanda Allaha şükür etdiyini deyirmiş.
Ömrünün son illərində verdiyi müsahibələrdən birində isə həyatındakı incikliklərdən danışaraq belə deyib:
"Ən çox incikliyim anamdandır. Onu tez-tez yuxumda görürəm. Gərək məni bu dünyaya gətirməyəydi".
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər