Xəbər lenti

İtaliya 450 milyona satmaq istədiyi gəmini bu ölkəyə pulsuz verəcək: Səbəb nədir?
Dünya 21:15 08.03.2026

İtaliya 450 milyona satmaq istədiyi gəmini bu ölkəyə pulsuz verəcək: Səbəb nədir?

İtaliya Hərbi Dəniz Qüvvələrinin keçmiş flaqmanı olan "Giuseppe Garibaldi" aviadaşıyıcısı yaxın gələcəkdə İndoneziya Hərbi Dəniz Qüvvələrinin tərkibinə keçəcək və pilotsuz uçuş aparatlarının daşıyıcısı kimi istifadə olunacaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Corriere della Sera" nəşri yazır.

Əvvəlcə gəminin 450 milyon avroya satılması planlaşdırılırdı. Lakin sonradan qərar dəyişdirilib və aviadaşıyıcının İndoneziyaya pulsuz verilməsi nəzərdə tutulub.

Gəminin İndoneziya Respublikasına verilməsi ilə bağlı yekun təsdiqin təxminən on gün ərzində Deputatlar Palatasının və Senatın müdafiə komitələrindən gələcəyi gözlənilir. Hazırda həmin komitələr Baş Qərargahın hazırladığı sənədi müzakirə edir.

Əvvəllər "Giuseppe Garibaldi"nin İtaliyanın cənubundakı Taranto şəhərində üzən muzeyə çevrilməsi planlaşdırılırdı. Lakin sonradan bu ideyadan imtina edilib.

Baş Qərargah parlament üzvlərinə təqdim etdiyi hesabatda bildirib ki, gəminin satılması və ya başqa ölkəyə verilməsi donanmanı böyük texniki xidmət xərclərindən xilas edəcək.

Məlumata görə, yalnız 2025-ci ildə gəminin saxlanılması üçün təxminən 5 milyon avro xərclənib. Bu məbləğ elektrik enerjisi, təhlükəsizlik xidmətləri və platformanın işlək vəziyyətdə saxlanması üçün tələb olunan minimal tədbirləri əhatə edir.

Hərbçilərin sözlərinə görə, əgər gəmi verilməsə, donanma onun utilizasiya proseduruna başlamaq məcburiyyətində qalacaq. Bu prosesin ən azı 24 ay çəkəcəyi və ümumilikdə 18,7 milyon avroya başa gələcəyi təxmin edilir.

Bu səbəbdən gəminin pulsuz verilməsi iqtisadi baxımdan ən real və səmərəli variant hesab olunur.

"Giuseppe Garibaldi" İtaliya donanmasının keçmiş flaqman aviadaşıyıcısıdır. Bu statusu o, "Cavour" aviadaşıyıcısı istismara verilənədək daşıyıb.

Gəminin tikintisinə 1981-ci ilin martında başlanılıb, 1983-cü ildə suya buraxılıb və 1985-ci ildə donanmanın tərkibinə daxil edilib.

Əvvəlcə gəmidə yalnız İtaliyanın "Augusta" markalı helikopterləri yerləşdirilirdi. 1989-cu ildə isə "Giuseppe Garibaldi" "Harrier" hücum təyyarələri ilə təchiz olunub.

Aviadaşıyıcı maksimum 16 təyyarə və ya 18 helikopter daşıya bilir.

Gəmi 1994–2011-ci illər arasında bir sıra mühüm hərbi əməliyyatlarda iştirak edib. Bunlara Somalidə "Restore Hope", Kosovo müharibəsi zamanı "Allied Force", Əfqanıstanda "Enduring Freedom" və Liviyada "Unified Protector" əməliyyatları daxildir.

1 oktyabr 2024-cü ildə gəmi silahlanmadan çıxarılıb və rəsmi olaraq donanmanın döyüş tərkibindən çıxarılıb.

Aydın

--> -->