Xəbər lenti

Çerçesovdan canımızı yaxşı qurtardıq
Amal Abuşov
İdman 15:59 04.06.2024

Çerçesovdan canımızı yaxşı qurtardıq

Rusiyalı futbol mütəxəssisi Maqomed Adıyev Qazaxıstan millisindəki işindən ayrılmaqla bizə də böyük yaxşılıq etmiş oldu. Dost və qardaş Qazaxıstan millisinin sükanı arxasında tarixi uğurlar qazanmış Adıyev klubda çalışmağa üstünlük verdi və Astanadakı iş yerini Qroznıya dəyişdi. Təcrübəli mütəxəssis bundan sonra Qroznı təmsilçisi "Axmat”ın uğurları üçün çalışacaq. Artıq bir neçə ay idi ki, Adıyev "Axmat”ı çalışdırırdı. Klubla yığmanı eyni vaxtda çalışdırmaq istəmədiyindən Adıyev qərarını verdi və Qazaxıstandan ayrıldı.

Bütün bunları əbəs yerə sizinlə bölüşmürəm. Məsələ ondadır ki, Adıyevin bu qərarıyla biz Stanislav Çerçesovdan da qurtulmuş olduq. Ötən yay Macarıstandan, "Ferentsvaroş”dakı iş yerindən qovulan Çerçesovu ruslar və onların Bakıdakı havadarları Azərbaycan millisinin başına gətirmək həvəsindəydilər.
 
Xüsusi adamlar tərəfindən bizim idman saytlarında təbliğat qurulur, hər dəfə millinin gələcək baş məşqçisinin kimliyi ilə bağlı müzakirələr qızışanda Çerçesovun adı xatırlanır, onu AFFA-ya təklif edirdilər. Heç şübhəsiz ki, odun olmadığı yerdən tüstü çıxmaz. Bu təbliğatın arxasında dayananlar təkcə mətbuatla "işləmirdilər”. Onların əli AFFA-ya da çatırdı və ordakı müəyyən qüvvəllər rusiyalı mütəxəssis milliyə baş məşqçi təyin etdirmək üçün dəridən-qabıqdan çıxırdılar.

Ondan sonra da milli komanda olacaqdı həmin o qüvvələrin əlində oyuncaq. Rusiyanın ucu-bucağı görünməyən əyalətlərində əli-ayağı top tutan və tutmayan, Rusiyanın yığmalarına düşmək şansı olmayanları Azərbaycana dartıb, bizim millimizdə oynatmağa başlayacaqdılar. Hamımız bilirik ki, Rusiyanı idmanın digər sahələrində olduğu kimi, futbolda da dünyadan təcrid ediblər.
 
Rusiya millisinin beynəlxalq səviyyəli yarışlardan kənarda qalması bu ölkənin mütəxəssisləri və futbolçuları üçün ciddi problemdir. Belədə dağıstanlı və ya osetin gəncləri Azərbaycan millisində forma geyinməyə razı salmaq daha da asan olacaqdı.

Şükürlər olsun ki, artıq bu təhlükə sovuşub. Çerçesovun Azərbaycan millisinə gətirilməsi prosesi yubanınca ortaya Qazaxıstan variantı çıxdı. Bir məqama da diqqət yetirməyinizi istərdim. Adıyevin Qazaxıstan millisindən ayrılması ilə bağlı rəsmi məlumat yayılan kimi ortaya Çerçesovun namizədliyi atıldı. Özü də Adıyevin boşaltdığı postu tutmağa yeganə namizəd də məhz o idi. Müzakirələr uzun sürmədi, danışıqları yekunlaşdırmaq adıyla Astanaya yollanan rusiyalı çalışdırıcı elə orda da Qazaxıstan Futbol Federasiyasının rəsmiləri ilə əl sıxışdı, müqaviləyə imza atdı.
 
Hər şey demək olar ki, bircə sutkanın içində həllini tapdı. Deməli, Rusiya millisinin sabiq baş məşqçisini Azərbaycana gətirməyə çalışan hansısa gizli əl həqiqətən də fəaliyyətdə imiş və onların QFF-yə təsir imkanları daha güclü olub. Elə bu səbəbdən də bu təyinatı qısa müddətdə rəsmiləşdirmək mümkün oldu.

Maraqlıdır ki, təyinatdan sonra Çerçesovun maaşı Rusiya və Qazaxıstan mətbuatında açıqlandı. Həmin məlumatlarda onun illik 1,2 milyon avro qazanacağı qeyd olunurdu. Hətta öz ölkəsindəki jurnalistlər belə Çerçesovun bu pula dəymədiyini vurğulayır, QFF-nin artıq xərcə düşdüyünü çəkinmədən söyləyirdilər. Heç də təsadüfi deyil ki, bu rəqəmin böyüklüyü Qazaxıstanın idman mediasında da ciddi narazılıq doğurdu, iş o yerə çatdı ki, QFF rəsmi bəyanat yaymalı oldu. Bəyanatda mətbuatda yazılan 1,2 milyon avronun şişirdildiyi, Çerçesovun real məvacibinin bundan xeyli az olduğu cəmiyyətə bildirilirdi.

Bütün bu baş verənləri izləyərkən öz daxilində şükr etməyə bilmirsən. Sağ olsun qazax qardaşlarımız, bizi Çerçesovdan xilas etdilər. Ümid edirəm ki, AFFA da bu baş verənlərdən dərs çıxaracaq, bahalı əcnəbi mütəxəssis ideyasından əl çəkəcək. Bizə əvvəlcə yaxşı futbolçular lazımdır, bahalı əcnəbi çalışdırıcılar yox. O yaxşı futbolçuları da özümüz yetişdirməliyik, quracağımız akademiyalarda.
 
Amal Abuşov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->