Xəbər lenti

Daha dörd ölkə NATO-ya qoşula bilərmi?..
Hüseynbala Səlimov
Dünya 10:03 13.05.2024

Daha dörd ölkə NATO-ya qoşula bilərmi?..

Bəli, daha bir sosioloji sorğu və daha bir gözlənilməz nəticə - dünyada insanların ABŞ-a rəğbəti azalır! Bizim bu sorğuların reprezentativliyinə - ən müxtəlif cəmiyyətləri nə qədər dolğun əks etdirməsinə şübhələrimiz olsa da, burada bununla işimiz yoxdur, çünki sorğu prosesinin detallarını bilmirik ki, durub onların müzakirəsini də açaq burada.

Amma suallarsız da keçinmək olmur. Ən birincisi və ya ən əbədi sual budur ki, əgər ABŞ pis ölkə və ya dövlətdirsə, nəyə görə dünyanın bütün insanları burada yaşamağa və işləməyə can atırlar? 

Gəlin etiraf edin ki, ABŞ-ı sevməyənlərin "arqument”lərində bir az qeyri-səmimilik də var, çünki əslində bu adamların hamısı çox böyük məmnuniyyətlə ABŞ-da yaşayırdı. Biz hələ onu da demirik ki, bu təhlükəli dünyada ən təhlükəsiz yer yenə də ABŞ-dır – hətta bir neçə il bundan əvvəl baş vermiş 11 Sentyabr, bundan da xeyli əvvəllər olmuş Perl-Harbor hadisələri də insanların bu inamını azalda bilmədi.

Hətta bütün bunlar sualların və sorğuların hamısı deyil. Son tədqiqatlardan belə məlum olur ki, guya insanların Rusiyaya rəğbəti artır. Bax, bunu biz, ümumiyyətlə, başa düşə bilmirik – hələ də orta əsrləri xatırladan Rusiya imperiyasını axı niyə görə sevmək olar? 

Üstəgəl, belə bir sual da yaranır: insanlar ABŞ sevmirsə, Rusiyanı sevirsə, onda bəs niyə Ukrayna müharibəsindən sonra NATO bir az da genişləndi, daha iki ölkə - İsveç və Finlandiya Bloka qoşuldu? Bəli, Kreml Ukraynaya qarşı müharibə başlatmaqla güman edirdi ki, guya Alyansın şərqə doğru genişlənməsinin qarşısını alacaq. Amma reallıqda nə baş verdi? NATO Rusiyanın şimal sərhədlərində bir az da mökəmləndi, iki güclü ölkəni öz sıralarına qəbul etdi.

Hiss olunur ki, bu proses hələ tamam bitməyib. Ötən ilin lap sonlarında daha dörd neytral ölkə - İrlandiya, Avstirya, İsveçrə və Malta NATO ilə genişləndirilmiş əməkdaşlıqda maraqlı olduğunu bildirdi və bunun üçün Bloka müraciət etdi. Buna nə deyirsiniz? Bu da təsadüfdürmü? Bu ölkələr, əgər dünyada Rusiyaya rəğbət həqiqətən də artırsa, niyə görə KTMT-yə, Avrasiya Birliyinə və yaxud da Şanxay Əməkdaşlıq Təşkilatına müraciət etmirlər? 

Düşünürük ki, cavab üçün uzağa getmək lazım deyil – bu ölklərin hamısı yüz illərlə tapındıqları ictimai–siyasi və hətta iqtisadi dəyərləri yalnız ABŞ-la birlikdə mühafizə edə biləcəklərini düşünürlər.

Burada "dəyər” dedik və bir məqam yadımıza düşdü: ABŞ–ı kim sevmir, hansı ölkələrdə bu nəhəngə qısqanclıqla yanaşırlar? O ölkələrdə ki, oarda azadlıq və demokratiya, azad bazar iqtisadiyyatı hələ yetərincə oturuşmayıb. Odur ki, İsveçin və Finlandiyanın NATO-ya üzv olmasında, İrlandiya, Avstriya, İsveçrə və Malta kimi hərbi cəhətdən neytral ölkələrinin Blokla da daha geniş əməkdaşlığa can atmasında elə bir təəccüblü şey yoxdur – bəli, bunlar klassik Qərb ölkələridir, Qərb dəyərlərini yüz illərlə əldə rəhbər tutan ölkələr.

Odur, təəccüblənmək lazım deyil ki, son vaxtlar ABŞ-da "friendly shering” kimi çağırışlar səslənir – bəli, insanlar belə hesab edirlər ki, onların ölkəsi onunla eyni dəyərləri bölüşən ölkələrlə ticarət etməli və iqtisadi əməkdaşlıq qurmalıdır. Bunun özü bir daha göstərir ki, dünyada ABŞ-ın həqiqi dostları heç də bəzi sorğularda qeyd olunan kimi az da deyil.

Rusiya politoloqları özləri etiraf edirlər ki, hazırda dünyada üç dövlətin – ABŞ-ın, Rusiyanın və Çinin qlobal geosiyasi proqramı var. Olsun. Gəl ki, burada özünüz özünüzdən soruşun: seçim qarşısında qalsaydınız, bu üç ölkədən hansını seçərdiniz? Yenə də cavab üçün uzağa getmək lazım deyil. Rusiyanın necə bir "ölkə” olduğunu onun ətraflarındakı kiçik və gənc dövlətlərdən, Çinin necəliyini isə Tayvandan soruşmaq lazımdır - əgər Çin belə azad ölkədirsə, tayvanlılar niyə onunla birləşmək istəmir?..

Hüseynbala Səlimov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->