Böyük Britaniyanın Kral Hərbi-Dəniz Donanması Rusiya korveti "Stoyki” və "Yelnya” tankerinin Britaniya sahilləri boyunca keçidi zamanı onların qarşısını alıb. Bu barədə ölkənin Müdafiə Nazirliyi "Associated Press” və "Independent”ə məlumat verib.
Nazirliyin məlumatına görə, patrul gəmisi HMS Severn iki həftə ərzində Rusiya gəmilərinin Dover boğazından keçərək qərbə doğru hərəkətini izləyib. Daha sonra müşahidə Bretan sahilləri yaxınlığında adı çəkilməyən NATO müttəfiqinə ötürülüb. HMS Severn isə uzaqdan müşahidəni davam
etdirib.
Britaniya Müdafiə Nazirliyi Rusiya gəmilərinin qarşısının alınmasının dəqiq vaxtını açıqlamayıb və qeyd edib ki, əməliyyat NATO müttəfiqləri ilə müntəzəm qarşılıqlı fəaliyyətin bir hissəsi idi. Bundan əvvəl Böyük Britaniya Şimali Atlantika və Arktikada Rusiya gəmiləri və sualtı qayıqlarının hərəkətini izləməyə yönəlmiş genişmiqyaslı NATO missiyası çərçivəsində İslandiyaya üç yeni P-8 Poseidon müşahidə təyyarəsi göndərmişdi. Britaniya hərbi qurumunun məlumatına görə, son iki ildə Britaniya sularına yaxınlıqdan keçən Rusiya gəmilərinin sayı 30% artıb.
Bundan əvvəl Böyük Britaniya hakimiyyəti Britaniya sularına yaxın ərazidə Rusiya okeanoqrafik gəmisi "Yantar”ın təkrar-təkrar görünməsi barədə məlumat vermişdi. Qərb ekspertləri bu gəmiyi sualtı aparatları tətbiq etməyə qadir kəşfiyyat gəmisi hesab edirlər. Gəmi 2024-cü ilin noyabrında və 2025-ci ilin yanvarında ölkənin sahilləri yaxınlığında müşahidə olunmuşdu. Ötən həftə Britaniya müdafiə naziri Con Hili bildirmişdi ki, P-8 Poseidon təyyarələrinin heyətləri "Yantar” tərəfindən lazer vasitələri ilə kor edilmə hallarına məruz qalıb. Bundan sonra gəminin müşahidəsinə patrul aviasiyası cəlb edilib. Hili "Yantar”ın aktivliyini potensial təhdid kimi xarakterizə etmiş və Londonun Rusiyanın istənilən addımına cavab verməyə hazır olduğunu bildirmişdi.
Rusiyanın Londondakı səfirliyi ittihamları rədd edərək, Böyük Britaniyanın "militarist isteriyanı qızışdırdığını” bildirib. Diplomatik nümayəndəlik Moskvanın Britaniyanın sualtı kommunikasiya xətlərinə maraqlı olmadığını və Rusiyadan gələn mümkün təhdidlər barədə iddiaların əsassız olduğunu vurğulayıb. Diplomatlar Londona düşünülməmiş addımlardan çəkinməyi tövsiyə ediblər, çünki bu addımlar Avropada təhlükəsizliyə mənfi təsir göstərir və insident ehtimalını artırır.
Alpər
Şərhlər