"Azərbaycanla demarkasiya və delimitasiya məsələlərilə bağlı müəyyən addımlar atıla bilər".
Byunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Mehman Əliyev Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistan Təhlükəsizlik Şurasının bugünkü iclasında nələrin müzakirə edilə biləcəyi məsələsilə bağlı danışarkən deyib.
"Bu barədə bir neçə gün əvvəl Ermənistan müdafiə naziri Suren Papikyan bildirib. Bu barədə danışıqlar gedir. Yəni Təhlükəsizlik Şurasının iclasında sərhəd məsələləri mövzusu müzakirə edilə bilər", deyə Mehman Əliyev bildirib.
Bundan başqa, həmsöhbətimizə görə, Paşinyanın daxildəki opponentlərlə mübarizəsiçərçivəsində atdığı addımlar, seçkilərə hazırlıq, Azərbaycanla ədalətli sülhün bərqərar olması məsələlərinin də iclasın gündəliyində yer alması mümkündür:
"Çünki Vaşinqtondan sonra sülh istiqamətində irəli bir addım atılmayıb. Konstitusiya dəyişikliyi indiki halda İrəvan üçün problemdir. Paşinyan bunu çevik şəkildə həll edə bilmir. Tədbirdə bu məqamdan çıxış yolları məsələsinə də baxa bilərlər. Ola bilsin, Astana görüşündən sonra Qazaxıstan tərəfindən Paşinyana Azərbaycan tərəfinin müəyyən məlumatları çatdırılıb. İrəvan ABŞ və Avropa Birliyilə yaxınlaşmağa çalışır. Belədə bununla bağlı Rusiya ilə gərginlik yaranır. İclasda həmin mövzunun da diqqət mərkəzində olması mümkündür. Ölkə seçkiyə doğru getdiyindən, dövlət idarəçiliyi sistemində islahatların aparılması da Paşinyan üçün vacibdir. Paşinyana lazımdır ki, cəmiyyət onu islahatçı lider kimi görsün və səs versin".
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan bu gün Təhlükəsizlik Şurasının iclasını təyin edib. Bu barədə Ermənsitan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Koçaryan məlumat verib. Onun dediyinə görə, iclasda müdafiə naziri Suren Papikyan da iştirak edəcək.
Rüfət Sultan
Şərhlər