Xəbər lenti

Canavarlar dağa çəkilib
Məqsəd Nur
Ölkə 10:32 30.04.2024

Canavarlar dağa çəkilib

Bu yazıya başlıq tapmaq üçün çox fikirləşdim. Yazı, əgər trend olmaq istəyirsənsə (şəxsən mən istəmirəm), başlığın təxminən belə olmalıdır; "Kəlbəcərdə çaqqalların sayı artıb". Yaxud, "Qarabağda canavarlar yoxa çıxıb", "Qafqaz çaqqalları Finlandiyaya qaçıb" və sair.

İş orasındadır ki, yuxarıda başlığa çıxara biləcəyim tezislərin hər biri gerçəyə xeyli yaxındır. Mən də elə bu "gerçəyə yaxın" məsələ barədə yazmaq istəyirəm. 

Əvvəlcə ondan başlayım ki, uşaqlıq dostum İlham Əkbərov məni qoyun sürülərinin arxasınca düşüb Kəlbəcər yaylaqlarını gəzməyə dəvət etdi. Hər yazıçının içində bir çobanlıq arzusu olmadısa, apar-qaytar. Qeyri-iradi olaraq İlhamdan canavarlar barədə soruşdum. Çünki, qoyun sürüsü olan yerdə canavar da olmalıdır. Adətən insanlar mina barədə soruşurlar. Əvvəla onu deyim ki, mal-qara gəzib-dolaşan yerlərdə mina olsa da indiyə partlamışdı, üstəlik, dağın başında mina basdırmaq elə də ağılabatan deyil. Elə ilk günlərdə - insanlardan öncə sürülərin yaylaqlara buraxılmasını eşidəndə canavarlar barədə düşündüm. Qoyun sürüləri mina təmizləyən maşın kimi istifadə edilir, bəs görəsən, canavarlar haradadır? Axı onlar sürünü öndən qarşılaya və istədikləri hoqqanı çıxara bilərlər. Düzünə qalsa, mən uşaqlıqdan canavarların tərəfindəyəm. Onları ilk dəfə, Kəlbəcərin Kilsəli kəndinin ətəyindəki meşədə görəndə təxminən yeddi yaşım vardı (kiçik bir canavar ailəsini deyirəm), atam işarə etdi ki, sakitcə yerə sığın və qımzanma. Canavar ailəsi bizi gördü, hətta ailə başçısı xeyli məsafə yaxınlaşdı və sonra da sakitcə dönüb getdi, arxasına da baxmadı. Ana və kiçik canavar balaları da onun arxasınca düşüb getdilər. Sonradan, bir dəfə, atamdan bu barədə soruşdum, axı niyə o ata canavar bizə cummadı, geriyə də baxmadan çıxıb-getdi? Sakitcə dedi:

-Balalarına görə.

İlham onu da dedi ki, Kəlbəcər meşələrində canavarlar yoxa çıxıb. Digər yaylaqlarda olanlar da (Laçın, Aşağı Qarabağ, Daşkəsən) eyni sözü deyirlərmiş. Qəsdən sürünü "gözdən buraxıb" müşahidə edənlər də olub, di gəl ki, canavar yoxdur. İlham bu məsələni kədər və təəccüblə xatırlayanda mən daxilən sevindim:insanların canavarları axtarması necə də gözəldir!
 
Amma qayıdaq bizim canavarların yox olmasına. Hə, İlham Əkbərov onu da dedi ki, bütün Qarabağda və  Kəlbəcərdə çaqqalların sayı artıb. Daha doğrusu, Kəlbəcər ərazilərində çaqqal peyda olması onu çox təəccübləndirib. Halbuki, çaqqal o ərazilər üçün qətiyyən xarakterik deyil, dib-dəhnədən olmayıb. Yaxşı, bəs indi necə olacaq? Çaqqallar bir yana, canavarların taleyi məni fikrə saldı. 

Yaxşı ki dəyərli dostum Orxan Cabbarlıya zəng etdim. Məsələ bir az qəlizdir, həm qəlizdir, həm də düşünməli. İş orasındadır ki, çaqqallar nəinki Cənubi Qafqazda, Şimali Qafqazda da xeyli artıb. Son tədqiqatlara görə hətta Qafqaz çaqqal ailəsinin Finlandiyaya qədər gedib çıxması müşahidə olunub. Görünür, dünyada dincliyin pozulmasını birinci heyvanlar hiss edib, faydasını isə çaqqallar görüb. Mədəni şəkildə desək, ekoloji dəyişmələr qida zəncirinə də təsir göstərib. 

Bəs canavarlar haradadır? Onlar dağa çəkilib (yaxşı mənada). O ərazilərdə vəhşi heyvanların çoxluğu ehtimal ki, canavarların sürülərə yaxın gəlmələrinə zərurət yaratmır, bəlkə də bu səbəbdən gözə görünmürlər. Qida zəncirində olduqları yerdədirlər, ən yüksəkdə. Aşağılara enib sanitarlıq etmək işini isə çaqqallar yerinə yetirir. Heç bilmirəm, bundan sonra Ekologiya və Təbii Sərvətlər nazirliyinə zəng edib nə isə soruşmağa ehtiyac var, yoxsa yox? Hərçənd, təbiət o qədər sirli-sehirli və önəmlidir ki, ömrünü  də bu işə həsr etsən, yetməz. Mənə görə, ən yaxşısı təbiəti dinc buraxmaqdır...   

Məqsəd Nur

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->