Xəbər lenti

Konstitusiyada
Əli Qədimov
Ölkə 14:31 02.09.2025

Konstitusiyada "əbədi hüquqi müddəalar" olmalıdırmı?

Müasir konstitusiya hüququnda "əbədi müddəalar” – yəni dəyişdirilməsi qadağan olunan konstitusiya normaları məsələsi hüquqi-nəzəri və praktik baxımdan mühüm aktuallıq daşıyır. Bir sıra dövlətlərin konstitusiyalarında elə müddəalar mövcuddur ki, onlar ya yalnız son dərəcə mürəkkəb prosedurla dəyişdirilə bilər, ya da ümumiyyətlə dəyişdirilmək imkanından məhrumdur. 

Bu tip "dəyişməz maddələr”, adətən, dövlətin əsas konstitusional dəyərlərini – məsələn, suverenliyi, insan hüquq və azadlıqlarını, demokratik idarəetmə prinsiplərini gündəlik siyasi konyunkturaların təsirindən qorumağa xidmət edir. Bununla belə, əbədi müddəalarla bağlı hüquqi-fəlsəfi diskussiyalar davam edir: bu yanaşmanın tərəfdarları onu çoxluğun tiraniyasına qarşı müdafiə mexanizmi kimi qiymətləndirsə də, əleyhdarları bu cür müddəaları xalqın suveren iradəsinin hüquqi şəkildə məhdudlaşdırılması kimi tənqid edirlər. 

"Əbədi müddəa" anlayışının hüquqi və nəzəri izahı

Konstitusiyada "əbədi müddəa” anlayışı ilə, dəyişdirilməsi hüquqi baxımdan mümkün sayılmayan normalar nəzərdə tutulur. Bu cür müddəalar, əslində, konstitusiyanın toxunulmaz nüvəsini təşkil edir və adi dəyişiklik prosedurlarının fövqündə yerləşdirilir. Hüquq nəzəriyyəsində belə müddəaların meydana çıxması, əksər hallarda, konstitusionalizm ilə demokratiya arasında müşahidə olunan gərginliyin nəticəsi kimi şərh olunur. Bir tərəfdən, konstitusiyanın davamlılığını və təməl dəyərlərini qorumaq zərurəti bəzən bəzi maddələrin "dəyişdirilməz” elan olunmasını qaçılmaz edir. Tarixi təcrübə göstərir ki, məsələn, Almaniyada Weimar Respublikası dövründə hüquqi prosedurlar vasitəsilə demokratik nizamın sarsıdılması (xüsusilə 1933-cü il Səlahiyyət Qanunu) gələcəkdə belə dəyişikliklərin qarşısını almaq məqsədilə "əbədi müddəa”ların konstitusiyaya daxil edilməsinə səbəb olmuşdur. Bu kontekstdə, əbədi müddəalar çox zaman "müdafiəçi (militant) demokratiya”nın hüquqi aləti kimi təqdim olunur – konstitusiya quruluşunun içəridən, qanuni görünən prosedurlar vasitəsilə dağıdılmasına qarşı sipər rolu oynayır.

Digər tərəfdən isə, bu müddəalar demokratik legitimlik baxımından müəyyən tənqidlərə məruz qalır. Belə ki, gələcək nəsillərin konstitusiyanı istənilən formada dəyişmək suveren hüququnu məhdudlaşdırdığı üçün, "əbədi müddəa”lar bəzi müəlliflər tərəfindən demokratik iradənin irəlidəki nəsillərə keçməsini əngəlləyən hüquqi "təzyiq” kimi qiymətləndirilir. Hüquq fəlsəfəsində bu vəziyyətə bəzən "keçmişin ölü əlinin gələcəyə təsiri” deyilir – yəni əvvəlki nəsillərin müəyyən etdiyi hüquqi qadağalar sonrakı nəsilləri bağlayır, dəyişiklik imkanlarını məhdudlaşdırır. Bu ziddiyyətli yanaşmalar fonunda hüquqşünaslar "əbədi müddəa”ların həm müsbət cəhətlərini – məsələn, əsas dəyərlərin qorunması, insan hüquqlarının təminatı, avtoritarizmə qarşı hüquqi zəmanət vurğulayırlar, həm də mənfi nəticələrinə – islahat imkanlarının məhdudlaşdırılması, konstitusiyanın dəyişməz və müqəddəs bir sənədə çevrilməsi ("konstitusiya bütpərəstliyi”)  diqqət çəkirlər.

Nəzəri müstəvidə əbədi müddəalar konstitusiyanın və ümumilikdə hüququn ali prinsiplərini əks etdirir. Bu prinsip və dəyərlərə dövlətin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü, hakimiyyətin xalqdan qaynaqlanması, əsas hüquq və azadlıqların toxunulmazlığı, hakimiyyət bölgüsü və hüquqi dövlət prinsipi kimi konstitusional kateqoriyalar daxildir. Sözügedən prinsiplər zaman və siyasi şəraitdən asılı olmayaraq dəyişməz və daimi dəyər daşıyır, həmçinin konstitusiyanın identitetini, yəni özünü tanıma və özünütəyinetmə çərçivəsini formalaşdırır. Məhz bu səbəbdən bir sıra dövlətlər öz konstitusiyalarında bu identiteti hüquqi formada qorumaq məqsədilə xüsusi müdafiə mexanizmləri – məsələn, dəyişdirilməsi qadağan olunmuş maddələr və ya səlahiyyəti məhdudlaşdırılmış dəyişiklik prosedurları təsbit etmişlər. Bu müdafiə mexanizmləri konstitusiya sabitliyini təmin etməklə yanaşı, hüquqi dövlətin dəyərlər sistemini siyasi dəyişikliklərə qarşı daha dayanıqlı edir.

Müqayisəli hüquq təcrübəsi: Almaniya, Hindistan, Türkiyə və digər nümunələr

Dünyada bir çox dövlətin konstitusiyasında "əbədi müddəalar” institutuna rast gəlinir. Bu sahədə ən tanınmış nümunələrdən biri Almaniyadır. Almaniyanın Əsas Qanununun 79-cu maddəsinin 3-cü bəndi, hüquq nəzəriyyəsində "əbədi klauzula” (Ewigkeitsklausel) adlandırılan müddəa ilə bəzi fundamental prinsiplərin dəyişdirilməsini qəti şəkildə qadağan edir. Həmin müddəaya əsasən, Əsas Qanunun 1-ci və 20-ci maddələrində təsbit olunmuş əsas prinsiplər – insan ləyaqətinin toxunulmazlığı, insan hüquqlarının ali dəyər kimi tanınması, dövlət hakimiyyətinin xalqa mənsub olması, demokratik və hüquqi dövlət prinsipləri, federativ dövlət quruluşu, sosial dövlət modeli, hakimiyyət bölgüsü heç bir halda ləğv edilə və dəyişdirilə bilməz. Bu mexanizm vasitəsilə Almaniyada insan hüquq və azadlıqlarının təməlini təşkil edən insan ləyaqətinin qorunması, xalq suverenliyi və demokratik dövlət strukturu kimi dəyərlər tam şəkildə sığortalanmış olur. Bu əbədi müddəanın əsas məqsədi, tarixdən çıxarılan nəticə olaraq, ölkədə hüquqi yollarla diktatura qurulmasının qarşısını almaq olmuşdur. Xüsusilə, Weimar Respublikası dövründə konstitusion prosedurlardan istifadə edilməklə demokratik prinsiplərin aradan qaldırılması təcrübəsi nəzərə alınaraq, Almaniya Parlamenti (Parlamentarischer Rat) Əsas Qanuna belə bir təminat əlavə etmişdir. Nəticə etibarilə, bu gün Almaniyada parlament nə qədər geniş səlahiyyətlərə malik olsa da, konstitusiyanın təməl sütunlarını dağıtmağa yönəlmiş dəyişikliklər – məsələn, insan ləyaqətini və ya demokratik quruluşu ləğv etməyə yönəlmiş hər hansı düzəliş nə təklif oluna, nə də qəbul edilə bilər.

Hindistan təcrübəsi isə formal əbədi müddəa nəzərdə tutmasa da, xüsusilə diqqətəlayiqdir. 1973-cü ildə Hindistan Ali Məhkəməsi tərəfindən formalaşdırılmış "əsas quruluş doktrinası” (basic structure doctrine) bu sahədə mühüm presedent yaratmışdır. Həmin doktrinaya əsasən, Hindistan Konstitusiyasının müəyyən fundamental xüsusiyyətləri parlamentin dəyişiklik səlahiyyətindən kənarda qalır. Ali Məhkəmə bəyan etmişdir ki, Konstitusiyanın "əsas quruluşunu” təşkil edən prinsiplər – Konstitusiyanın aliliyi, respublika və demokratik idarəetmə forması, dünyəvilik (sekulyarizm), hakimiyyət bölgüsü, federal quruluş, rifah dövləti məqsədi, fərdi azadlıqlar, eləcə də ölkənin suverenliyi və ərazi bütövlüyü toxunulmazdır. Bu yanaşma o deməkdir ki, parlament, forma baxımından istənilən maddəyə düzəliş edə bilsə də, əgər həmin düzəliş konstitusiyanın təməl mahiyyətini zədələyərsə, məhkəmə onu etibarsız hesab edə bilər. Məsələn, 1970-ci illərdə Ali Məhkəmə parlamentin mülkiyyət hüququnu məhdudlaşdıran bir sıra konstitusiya dəyişikliklərini məhz bu kontekstdə qiymətləndirmiş və nəticədə "əsas quruluş” doktrinasını təsdiqləmişdir. Hindistan təcrübəsi göstərir ki, formal dəyişməz maddələr olmadan da, konstitusiyanın mahiyyətini qorumaq hüquqi müdafiə mexanizmləri vasitəsilə mümkündür.

Türkiyə Konstitusiyası isə daha sərt və birbaşa yanaşmanı əks etdirir. Belə ki, Konstitusiyanın 4-cü maddəsinə əsasən, 1-ci maddədə nəzərdə tutulan dövlətin respublika forması, 2-ci maddədə göstərilən respublikanın əsas xüsusiyyətləri (demokratik, dünyəvi, sosial və hüquqi dövlət prinsipləri və s.), eləcə də 3-cü maddədə təsbit edilən dövlətin bölünməzliyi, rəsmi dili, bayrağı, himni və paytaxtı ilə bağlı müddəalar dəyişdirilə bilməz və hətta onların dəyişdirilməsi təklifi belə irəli sürülə bilməz. Bu o deməkdir ki, Türkiyənin dövlət quruluşunun əsasını təşkil edən respublika idarəetməsi, Atatürk milliyyətçiliyinə sadiqlik, dünyəvilik, türk dilinin rəsmi dil kimi müəyyən olunması, dövlət rəmzləri və paytaxtın Ankara olması toxunulmaz konstitusiya dəyərləri kimi qorunur. Nümunə olaraq, heç bir siyasi partiya və ya qanunverici təşəbbüs Konstitusiyanın ilk üç maddəsinin dəyişdirilməsi məqsədilə referendum və ya qanun layihəsi təqdim edə bilməz. Türkiyə bu model ilə konstitusiya dəyərlərinin qorunması istiqamətində ən sərt hüquqi yanaşmalardan birini tətbiq edir və 1982-ci il Konstitusiyasından bu yana bu prinsipə ciddi şəkildə əməl olunur.

Digər dövlətlərdə də müxtəlif formalarda əbədi müddəalara rast gəlinir. Məsələn, Fransa Konstitusiyasının 89-cu maddəsində respublika idarəetmə formasının dəyişdirilməsi açıq şəkildə qadağan edilir. Bu, o deməkdir ki, Fransada monarxiyanın bərpası konstitusion yolla qeyri-mümkündür. Oxşar yanaşma İtaliya Konstitusiyasının 139-cu maddəsində də mövcuddur və burada da respublika quruluşunun dəyişdirilməsi yasaqlanır. Beləliklə, İtaliyada 1946-cı il referendumunun nəticəsi ilə həyata keçirilən monarxiyadan respublikaya keçid daimi şəkildə konstitusion qorunma altına alınmışdır. Yunanıstan Konstitusiyası da müəyyən maddələrin – o cümlədən, dövlətin parlamentli respublika formasını, xalq suverenliyini, insan ləyaqətini və bərabərliyi təmin edən müddəaları dəyişdirilməsini istisna edir. Çexiya Konstitusiyasının 9-cu maddəsində isə "demokratik hüquqi dövlətin mahiyyətini təşkil edən prinsiplərin dəyişdirilə bilməyəcəyi” təsbit olunmuş və bu norma 2009-cu ildə Konstitusiya Məhkəməsi tərəfindən tətbiq edilərək antidemokratik bir dəyişiklik cəhdi ləğv edilmişdir. Eyni yanaşmaya Braziliya, Mərakeş, İran, Norveç kimi müxtəlif hüquq sistemlərində də rast gəlinir. Bu ölkələrdə ya konstitusiyada birbaşa müddəalar vasitəsilə, ya da məhkəmə presedentləri ilə dövlətin əsas identitetini qoruyan "dəyişməzlik prinsipləri” tətbiq olunur.

Beləliklə, aydın olur ki, əbədi müddəalar yalnız Avropa və ya Qərb modelləri ilə məhdudlaşmır – əksinə, bu institut geniş coğrafi spektrdə yayılmışdır və hər bir dövlət onu öz tarixi təcrübəsinə, siyasi keçmişinə və hüquqi-mədəni kontekstinə uyğun formada tətbiq edir.

Azərbaycan Respublikasının Konstitusiyasında əbədi müddəa funksiyasını yerinə yetirən normalar

Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən maddələr əbədi müddəa funksiyası daşıyan normalar kimi çıxış edir. Xüsusilə, Konstitusiyanın V bölməsinin XI fəsli konstitusiya dəyişikliklərinə dair xüsusi prosedurlar müəyyənləşdirir. Bu kontekstdə 154-cü maddəyə əsasən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi referendum yolu ilə qəbul olunmuş konstitusiya dəyişikliklərinə dair qərar qəbul etmək səlahiyyətinə malik deyil. Bu norma Konstitusiya Məhkəməsinin səlahiyyətlərini məhdudlaşdıraraq, referendum nəticəsində qəbul olunmuş dəyişikliklərin sonradan məhkəmə nəzarətinə cəlb olunmasının qarşısını alır. Beləliklə, əgər hər hansı konstitusiya dəyişikliyi ümumxalq səsverməsi yolu ilə qəbul olunmuşdursa, onun Konstitusiyaya uyğunluğu müstəqil şəkildə mübahisələndirilə bilməz.

Konstitusiyada dəyişdirilməsi qadağan olunan əsas təminat isə 155-ci maddədə təsbit olunmuşdur. Bu maddəyə əsasən, müəyyən konstitusiya müddəalarının referendum yolu ilə dəyişdirilməsi qadağandır. Belə ki, Konstitusiyanın 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci və 21-ci maddələri, habelə III fəsildə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının ləğvi və ya beynəlxalq müqavilələrdə nəzərdə tutulandan daha geniş məhdudlaşdırılması barədə təkliflər referenduma çıxarıla bilməz. Bu müddəalar faktiki olaraq Azərbaycan Konstitusiyasının "əbədi maddələri” kimi çıxış edir və mövcud konstitusiya prosedurları ilə dəyişdirilə bilməz.

Sadalanan maddələrin məzmununa nəzər saldıqda, 1-ci maddə xalqın hakimiyyətin yeganə mənbəyi olduğunu, 2-ci maddə xalq suverenliyini, 6-cı maddə hakimiyyətin zorla mənimsənilməsinin yolverilməzliyini, 7-ci maddə isə dövlətin demokratik, hüquqi, dünyəvi və unitar respublika olduğunu bəyan edir. 8-ci maddə Prezidentin dövlət başçısı olduğunu, 21-ci maddə isə dövlət dilinin Azərbaycan dili olduğunu müəyyənləşdirir. Göründüyü kimi, dəyişdirilməsi qadağan olunan müddəalar dövlət hakimiyyətinin legitim əsaslarını (xalqın iradəsi və respublika idarə forması), dövlətin əsas konstitusion xarakterini (demokratiklik, hüquqilik, sekulyarlıq, unitarlıq), ali icra vəzifəsinin strukturunu (prezident institutu) və milli identiklik komponentini (dövlət dili) əhatə edir. Bundan əlavə, fundamental insan hüquq və azadlıqları da konstitusiya səviyyəsində təminat altına alınmışdır və bu hüquqların ləğvi və ya beynəlxalq öhdəliklərdən kənar məhdudlaşdırılması hüquqi cəhətdən mümkün deyil. Bu isə Azərbaycan Respublikasının beynəlxalq insan hüquqları sahəsində üzərinə götürdüyü öhdəliklərin – məsələn, Avropa İnsan Hüquqları Konvensiyası normalarının Konstitusiya səviyyəsində qorunduğunu göstərir.

Lakin, Konstitusiyanın müvafiq müddəalarında bəzi konseptual boşluqlar da müşahidə edilir. Belə ki, 155-ci maddədə qorunan konstitusiya dəyərləri sırasında dövlət müstəqilliyi və ərazi bütövlüyü birbaşa qeyd olunmamışdır. Konstitusiyanın Preambulasında Azərbaycan xalqı dövlətin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunmasını bəyan etsə də, bu anlayışlar Konstitusiyanın əsas mətnində əbədi maddə kimi ayrıca təsbit olunmayıb. Məsələn, Konstitusiyanın 11-ci maddəsi ərazinin toxunulmaz və bölünməz olduğunu, heç bir hissəsinin kiməsə verilməyəcəyini, yalnız ümumxalq referendumu ilə sərhədlərin dəyişdirilə biləcəyini bəyan etsə də, bu maddə 155-ci maddənin qoruma dairəsinə daxil edilməmişdir. Bu, ehtimal ki, 11-ci maddənin özündə referendum şərtinin qoyulması ilə izah oluna bilər. Beləliklə, hüquqi baxımdan bu müddəa xalq iradəsinə bağlı olsa da, formaca "əbədi maddə” kimi təsbit olunmayıb və bu da hüquqi texnika baxımından zəiflik kimi dəyərləndirilə bilər.

Eyni zamanda, diqqətəlayiq məsələ ondan ibarətdir ki, 155-ci maddənin özünün dəyişdirilməsi ilə bağlı hər hansı qadağa nəzərdə tutulmamışdır. Nəzəri olaraq, 155-ci maddəyə düzəliş edərək dəyişdirilməsi qadağan olunan müddəaları siyahıdan çıxarıla, ardınca isə həmin maddələr üzrə dəyişikliklər referenduma çıxarıla bilər. Belə bir halda Konstitusiya Məhkəməsinin əvvəlcədən rəy mexanizminin məhdudluğu bu prosesi əngəlləmək üçün yetərli olmaya bilər. 

Dəyişdirilə bilməz əsas dəyərlər nələr olmalıdır?

Hər bir cəmiyyət və dövlət üçün dəyişdirilməsi hüquqi və mənəvi baxımdan yolverilməz hesab edilən, istənilən konstitusiya dəyişikliklərinin səlahiyyət dairəsindən kənarda tutulan bəlli ali hüquqi dəyərlər mövcuddur. Azərbaycan Respublikasının konstitusion identiteti kontekstində bu cür dəyişməz prinsiplərin aşağıdakı kimi sistemləşdirilməsi məqsədəuyğundur:

Dövlətin müstəqilliyi və suverenliyi – Azərbaycan xalqı tərəfindən 1991-ci ildə yenidən əldə olunmuş dövlət müstəqilliyi, Konstitusiyanın Preambulasında da əks olunduğu kimi, əbədi və dönməz xarakter daşıyan ali konstitusion dəyər kimi qəbul edilir. Dövlətin suverenliyi və siyasi-hüquqi müstəqilliyinə istənilən formada xələl gətirə biləcək dəyişiklik təşəbbüsləri hüquqi baxımdan qadağan edilməli və konstitusion sistemin toxunulmaz sahəsi kimi qorunmalıdır.

Ərazi bütövlüyü və unitar dövlət quruluşu – Konstitusiyanın 11-ci maddəsi ilə təsbit edilmiş ərazi bütövlüyü prinsipi, xalqın iradəsindən kənar dəyişdirilə bilməyəcək fundamental norma kimi çıxış edir. Dövlətin unitar quruluşu (federasiya və ya konfederasiya formasına keçid istisna edilməklə) onun hüquqi mahiyyətini formalaşdırır və bu strukturun dəyişdirilməsi dövlətin konstitusion identitetinə zidd olardı.

Respublika idarəetmə forması – Azərbaycan Respublikasının idarəetmə forması kimi respublikaçılıq Konstitusiyanın 7-ci maddəsində açıq şəkildə təsbit olunmuşdur. Tarixi kontekstdə (ADR-in qurulması və SSRİ-dən ayrılaraq respublika formasına dönüş) bu prinsip milli dövlətçilik ideologiyasının əsas dayağıdır və monarxik, imperativ və ya teokratik idarəetmə formalarına keçid cəhdləri konstitusion sabitliyə ciddi təhdid kimi qiymətləndirilməlidir.

Xalq hakimiyyətinin aliliyi və demokratik rejim – Konstitusiyanın 1-ci və 2-ci maddələrində əks olunan xalq suverenliyi və hakimiyyətin mənbəyinin xalq olması prinsipləri dəyişdirilməz hüquqi-siyasi əsaslardır. Demokratiyanın əsas institusional alətləri olan azad seçkilər, plüralist siyasi sistem və referendum hüququ konstitusional quruluşun özəyini təşkil etdiyindən, hər hansı qeyri-demokratik və ya avtoritar tendensiyalarla ziddiyyət təşkil edən dəyişikliklər hüquqi baxımdan yolverilməz hesab edilməlidir.

Dünyəvi dövlət prinsipi – Konstitusiyanın 7-ci maddəsinə əsasən, Azərbaycan dövləti dünyəvi xarakter daşıyır. Bu prinsip dini plüralizmin və vicdan azadlığının hüquqi təminatıdır. Dövlətin hər hansı formada dini əsaslara söykənməsi, dinin dövlət idarəçiliyinə inteqrasiya olunması və ya dövlət dininin tətbiqi cəhdləri hüquqi sabitliyi pozar və dünyəviliyin əbədi prinsip statusunu zədələyər.

Hakimiyyət bölgüsü və hüquqi dövlət prinsipi – Azərbaycan Respublikasında hakimiyyət qanunverici, icra və məhkəmə qollarına bölünür. Bu prinsip hüquqi dövlət anlayışının tərkib hissəsi olaraq, avtoritarizm və səlahiyyətlərin bir əldə cəmləşdirilməsi tendensiyalarına qarşı konstitusional müdafiə rolunu oynayır. Bu baxımdan, məhkəmə hakimiyyətinin müstəqilliyinə xələl gətirən və ya hakimiyyətin bölgüsünü aradan qaldıran istənilən dəyişikliklər hüquqi cəhətdən qeyri-legitim sayılmalıdır.

Əsas hüquq və azadlıqların toxunulmazlığı – Konstitusiyanın III fəslində təsbit olunmuş insan və vətəndaş hüquqları 155-ci maddəyə əsasən referendumun predmeti ola bilməz. Bu hüquqlara – şəxsi toxunulmazlıq, söz və vicdan azadlığı, mülkiyyət hüququ, ədalətli mühakimə hüququ və insan ləyaqətinin qorunması kimi prinsiplər daxildir. Bu dəyərlər yalnız hüquqi deyil, həm də mənəvi və universal əhəmiyyət daşıyan dəyişilməz kateqoriyalar hesab olunmalıdır.

Milli dil, mədəniyyət və dövlət rəmzləri – Konstitusiyanın 21-ci maddəsinə əsasən, Azərbaycan dili dövlət dili kimi hüquqi statusa malikdir. Dövlət bayrağı, himni və gerbi isə milli suverenliyin vizual təcəssümüdür. Bu rəmzlərin hüquqi qorunması və dəyişməzliyi, hərçənd 155-ci maddədə birbaşa əks olunmasa da, dövlətin konstitusional identitetini formalaşdıran simvolik elementlərdir və praktik olaraq "dəyişməz dəyərlər” statusuna malikdirlər.

Qeyd olunan bütün prinsiplər sadəcə hüquq normaları deyil, konstitusional dəyərlər və Konstitusiyanın "ruhu”nu formalaşdıran təməl sütunlardır. Onların qorunması, istənilən hüquqi dəyişiklik və islahat təşəbbüsləri qarşısında müdafiə səddi kimi çıxış etməlidir. Azərbaycan Respublikasının Konstitusiya Preambulasında bəyan olunan ali məqsədlər – müstəqilliyin qorunması, demokratik və hüquqi dövlət quruculuğu, azad və ədalətli cəmiyyətin formalaşdırılması həmçinin bu dəyişməz dəyərlər çərçivəsində dəyərləndirilməlidir. Belə prinsipial yanaşma həm hüquqi sabitliyi təmin edir, həm də cəmiyyətin dövlətə və onun gələcəyinə olan hüquqi-institusional inamını möhkəmləndirir.

Hüquqi təkliflər və modellər: Azərbaycanın hüquq sistemi üçün optimal yanaşmalar

Azərbaycanın konstitusion inkişafında əbədi müddəalar məsələsinə optimal yanaşmanın müəyyən olunması üçün həm mövcud milli təcrübə nəzərə alınmalı, həm də beynəlxalq modellərdən səmərəli şəkildə faydalanmaq zəruridir. Aşağıda Azərbaycanın hüquq sisteminə uyğun ola biləcək bir neçə alternativ təklif irəli sürülür:

a. Formal əbədi maddələrin genişləndirilməsi: Konstitusiyanın 155-ci maddəsinə əlavələr edilməklə dəyişdirilməsi yolverilməz dəyərlərin siyahısı daha əhatəli və sistemli şəkildə təsbit oluna bilər. Məsələn, "Azərbaycanın müstəqil, suveren və demokratik dövlət olması dəyişdirilə bilməz” kimi ümumiləşdirilmiş bir müddəanın əlavə olunması məqsədəuyğun olardı. Bu çərçivədə ərazi bütövlüyünün toxunulmazlığı ayrıca bənd kimi vurğulana bilər. Beləliklə, hazırda konstitusiya mətnində formal qorunma ilə əhatə olunmayan, lakin mühüm əhəmiyyət kəsb edən bəzi prinsiplər də konstitusion müdafiəyə alınmış olar. Bu cür yanaşma konstitusiya normalarının hüquqi müdafiəsini möhkəmləndirməklə yanaşı, gələcəkdə yarana biləcək hüquqi manipulyasiyaların da qarşısını almağa xidmət edər.

b. Özünü müdafiə edən konstitusiya mexanizmi: Konstitusiyada elə bir qoruyucu mexanizm yaradılmalıdır ki, dəyişdirilməzlik prinsipini tənzimləyən maddənin özünün də dəyişdirilməsi mümkünsüz olsun. Yəni, 155-ci maddənin dəyişdirilməsinə yönələn hər hansı təşəbbüs hüquqi əsasdan məhrum edilməlidir. Bu məqsədlə, məsələn, Türkiyə nümunəsində olduğu kimi "dəyişdirilməsi təklif oluna bilməz” ifadəsinin əhatə dairəsi genişləndirilərək, bu müddəa 155-ci maddəyə və ya ayrıca əbədi maddələri ehtiva edən yeni bir maddəyə şamil oluna bilər. Belə bir addım Konstitusiyanın özünümüdafiə qabiliyyətini artırar və onun qoruyucu funksiyasını daimi hala gətirər. Bununla yanaşı, nəzərə alınmalıdır ki, həddən artıq sərtləşdirilmiş hüquqi mexanizmlər gələcəkdə konstitusion islahatların aparılmasına maneə yarada bilər. Lakin əgər dəyişdirilməzlik yalnız ən ali konstitusiya prinsiplərinə şamil olunarsa, bu risk minimuma endirilə bilər.

c. Konstitusiya Məhkəməsinin rolunun gücləndirilməsi: Konstitusiyanın 154-cü maddəsi yenidən işlənərək Konstitusiya Məhkəməsinə konstitusiya dəyişikliklərinin yalnız formal yox, həm də məzmun baxımından yoxlanılması səlahiyyəti verilməlidir. Yəni Məhkəmə təklif edilən dəyişikliyin mövcud dəyişdirilməz maddələrlə ziddiyyət təşkil edib-etmədiyini də dəyərləndirməlidir. Bir çox ölkələrin təcrübəsində konstitusiya məhkəmələri "konstitusiyanın keşikçisi” rolunu oynayır və bu kontekstdə hətta qəbul edilmiş konstitusiya dəyişikliklərini belə ləğv edə bilirlər. Məsələn, Çexiya Konstitusiya Məhkəməsi demokratik quruluşu pozduğunu əsas gətirərək bir dəyişiklik aktını etibarsız hesab etmişdir. Azərbaycan Konstitusiya Məhkəməsinə bu cür səlahiyyətlərin verilməsi dəyişməz prinsiplərin real hüquqi təminatını xeyli gücləndirərdi. Bunun üçün 154-cü maddədəki məhdudiyyətlər aradan qaldırıla və ya Məhkəmənin əvvəlcədən verdiyi rəyin hüquqi baxımdan məcburi qüvvəyə malik olması normativ şəkildə təsbit edilə bilər. Belə bir islahat Konstitusiya Məhkəməsinin funksional statusunu əsl mənada "konstitusiyanın keşikçisi” səviyyəsinə yüksəldər.

d. Xüsusi konstitusiya dəyişikliyi proseduru: Əbədi müddəaların hüquqi konstruksiyasına yanaşmada alternativ istiqamət kimi Almaniyanın Əsas Qanununda yer alan 146-cı maddəyə bənzər bir mexanizmin tətbiqi mümkündür. Həmin maddəyə əsasən, Alman xalqı azad iradəsi ilə yeni konstitusiya qəbul etdiyi təqdirdə, mövcud konstitusiya hüquqi qüvvəsini itirir. Bu, əbədi müddəaların hüquqi toxunulmazlığına bir "arxa qapı” funksiyası daşıyır, lakin yalnız xalqın ümumxalq iradəsinə əsaslanan qərarı əsasında. Azərbaycanda da oxşar bir yanaşma tətbiq oluna bilər: gələcəkdə xalqın geniş konsensusla yeni konstitusiya qəbul etməsi zərurəti doğarsa, bunun hüquqi çərçivəsini müəyyən edən norma nəzərdə tutulmalıdır. Hazırkı Konstitusiyada yeni konstitusiyanın qəbul olunması proseduru öz əksini tapmamışdır. Bu cür müddəanın əlavə edilməsi dəyişdirilməzlik prinsipini pozmadan, hüquqi fasilə yaratmaqla konstitusional ardıcıllığın təmininə şərait yaradar. Məsələn, "Azərbaycan xalqı Konstitusiya quruluşunun əsas prinsiplərinə sadiq qalmaq şərti ilə ümumxalq səsverməsi yolu ilə yeni Konstitusiya qəbul edə bilər” kimi bir norma əlavə oluna bilər. Belə bir mexanizm fövqəladə şəraitdə fundamental dəyişikliklərin xaotik deyil, hüquqi prosedurlar çərçivəsində həyata keçirilməsini təmin edər.

e. Konstitusiyanın preambulasının hüquqi statusu: Konstitusiyanın Preambulasında ifadə olunan prinsiplərin – müstəqillik, demokratiya, ədalət, sülh və sair  hüquqi məzmun daşıyan normativ əsas kimi tanınması təmin olunmalıdır. Bu məqsədlə Konstitusiya Məhkəməsi öz qərarlarında Preambula müddəalarına istinad etməli və onları hüququn tətbiqində və şərhində əsas götürməlidir. Belə bir yanaşma de-fakto dəyişdirilməz dəyərlərin çərçivəsini genişləndirər. Məsələn, Preambulada yer alan "ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsi” məqsədi gələcəkdə hər hansı avtoritar mahiyyətli hüquqi dəyişikliyin Konstitusiyanın ruhuna zidd olduğunu müəyyən etməyə xidmət edə bilər. Bu üsul vasitəsilə hüquqi mədəniyyət formalaşdırılır və dəyişməzlik prinsipi hüquqi praktika səviyyəsində möhkəmləndirilir.

f. İctimai və siyasi mədəniyyətin rolu: Hüquq normalarının effektivliyini müəyyən edən əsas amillərdən biri də ictimai-siyasi mədəniyyətdir. Əgər cəmiyyətdə konstitusiya dəyərlərinin dəyişməzliyinə dair ortaq hüquqi şüur və konsensus formalaşmayıbsa, yazılı hüquqi təminatlar da səmərə verməyə bilər. Bu səbəbdən təhsil, maarifləndirmə və ictimai diskurs vasitəsilə Konstitusiyanın əsas prinsipləri və onların qorunmasının əhəmiyyəti cəmiyyətin şüuruna hopdurulmalıdır. Siyasi partiyalar və vətəndaş cəmiyyəti institutları da dəyişməz dəyərlərə ehtiram göstərməli və konstitusiya ilə manipulyasiyaları qeyri-legitim hesab etməlidirlər. Beləliklə, "konstitusionalizm mədəniyyəti” formalaşmalıdır ki, yazılı əbədi müddəalara olan ehtiyac azalsın. Bu yanaşma Skandinaviya ölkələrində uğurla tətbiq olunur – burada yazılı qadağalar az olsa da, əsas dəyərlərin pozulması cəmiyyət tərəfindən qəbulolunmaz sayılır.

Sadalanan təkliflər əbədi müddəalarla bağlı optimal model kompleks və çoxşaxəli yanaşma tələb edir. Azərbaycanın hüquq sistemi üçün, fikrimizcə, qarışıq model daha məqsədəuyğundur: həm formal dəyişməz maddələrin siyahısı dəqiqləşdirilməli və gücləndirilməli, həm də Konstitusiya Məhkəməsi və ictimai nəzarət mexanizmləri vasitəsilə konstitusiya dəyərlərinin müdafiəsi təmin olunmalıdır. Bu yanaşma çevikliklə sabitlik arasında tarazlıq yaradaraq, bir tərəfdən Konstitusiyanın əsas prinsiplərini qoruyar, digər tərəfdən isə dövlətin və cəmiyyətin gələcək inkişafına uyğun çevik hüquqi islahatların qarşısını almaz. Beynəlxalq təcrübə sübut edir ki, demokratik legitimlik və konstitusion sabitlik paralel şəkildə təmin oluna bilər – məsələn, Almaniyada əbədi müddəalar mövcuddur, lakin bu müddəalar cəmiyyət tərəfindən qəbul edildiyi və yeni konstitusiyanın qəbulu üçün normativ çərçivə nəzərdə tutulduğu üçün bu sistem həm sabitlik, həm də demokratiya baxımından effektiv nəticə verir. Azərbaycan da özünəməxsus tarixi və siyasi şəraitini nəzərə alaraq, əsas dəyərlərinin qorunmasını təmin edən hüquqi mexanizmləri optimal şəkildə formalaşdırmalıdır.

Göründüyü kimi, "əbədi hüquqi müddəalar” anlayışı konstitusiya hüququ sahəsində həm nəzəri, həm də praktik müstəvidə fundamental əhəmiyyət kəsb edir. Apara bildiyimiz təhlillər əsasında demək mümkündür ki, müəyyən konstitusiya dəyərlərinin dəyişməzliyini təmin edən hüquqi mexanizmlər dövlətin demokratik kimliyinin qorunmasında və hüquqi sabitliyin təmin edilməsində mühüm rol oynayır. Almaniya, Hindistan, Türkiyə və digər ölkələrin təcrübələri göstərir ki, müxtəlif hüquq sistemləri öz tarixi kontekstləri və siyasi yaddaşları fonunda bu cür müddəalara yer verməklə, ya demokratiyanı daxildən zərər yetirə biləcək tendensiyalara qarşı sığortalamağa, ya da dövlətin fundamental prinsiplərinin gələcək nəsillər üçün qorunmasına nail olmağa çalışmışlar.

Bununla belə, əbədi müddəalar institutuna ehtiyatla yanaşmaq da zəruridir. Belə müddəaların həddən artıq sərt və çevikliyə imkan verməyən hüquqi rejim formalaşdırması, konstitusiyanın ictimai-siyasi dinamizmə uyğun transformasiyasını çətinləşdirə bilər. Başqa sözlə, "daşlaşmış konstitusiya” modeli, əgər lazımi çeviklik və yenilənmə qabiliyyəti ilə tarazlaşdırılmasa, hüququn canlı orqanizm kimi funksionallığına zərər yetirə bilər. Bu səbəbdən, belə müddəaların tətbiqi zamanı optimal balansın tapılması və həm hüquqi sabitliyin, həm də ictimai ehtiyacların nəzərə alınması konstitusiya islahatçılarının qarşısında duran əsas çağırışlardan biri olaraq qalır.

Azərbaycan Respublikasının Konstitusiyasında hazırda bəzi dəyişməz müddəalar nəzərdə tutulsa da, bu sahədə daha aydın və gücləndirilmiş hüquqi çərçivəyə ehtiyac olduğu müşahidə olunur. Xüsusilə, dövlətin müstəqilliyi, ərazi bütövlüyü, demokratik idarəçilik prinsipləri, hakimiyyət bölgüsü və insan hüquq və azadlıqları kimi fundamental dəyərlərin daha möhkəm təminat altına alınması zərurəti ortaya çıxır. Bu həm də Azərbaycan dövlətçiliyinin təməl sütunlarını gələcək nəsillərə sağlam şəkildə ötürmək baxımından strateji əhəmiyyət daşıyır. Belə təminatlar yalnız konstitusiya norması səviyyəsində deyil, həm də siyasi mədəniyyətin və hüquqi praktikanın ayrılmaz hissəsi kimi mövcud olmalıdır.

Gələcəkdə mümkün olacaq konstitusiya islahatları zamanı beynəlxalq təcrübəyə əsaslanaraq bir neçə vacib addım atılmalıdır: dəyişikliklərin hüdudları dəqiq müəyyən edilməli, Konstitusiya Məhkəməsinin bu sahədəki rolu gücləndirilməli və xalq iradəsinin konstitusiyanın təməl strukturunun qorunmasına istiqamətlənməsi təmin olunmalıdır. Belə hüquqi və institusional mexanizmlər Azərbaycan Konstitusiyasının həm dayanıqlılığını, həm də demokratik legitimliyini daha da möhkəmləndirəcəkdir. Unutmaq olmaz ki, konstitusiya sadəcə normativ akt deyil – o, xalqın öz gələcəyini müəyyən etdiyi ali hüquqi-siyasi sənəddir. Bu sənəddə ifadə olunan ali dəyərlərin dəyişməzliyi isə dövlətin hüquqi və ideoloji ardıcıllığını, milli kimlik və suverenliyin davamlılığını təmin edən mühüm faktordur.

Nəticə etibarilə, ilkin olaraq qoyulan sualın cavabı aydın şəkildə bəli ola bilər: dövlətin və cəmiyyətin identitetini təşkil edən bəzi fundamental hüquqi dəyərlər vardır ki, onlar əbədi qorunmalıdır. Bu dəyərlər tarixin süzgəcindən keçmiş, ictimai konsensusa əsaslanan, hüquq sisteminin onurğa sütununu təşkil edən prinsiplərdir. Azərbaycan üçün bu cür dəyərlərin qorunması yalnız hüquqi mətnlərdə deyil, eyni zamanda vətəndaş şüurunda və siyasi praktikada da öz əksini tapmalıdır. Bu, həm milli hüquqi sistemin legitimliyini artıracaq, həm də ölkənin gələcək nəsillərə ötürəcəyi ən dəyərli hüquqi və ideoloji miras olacaqdır.

Əli Qədimov
hüquqşünas

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->