Analitiklər proqnozlaşdırırlar ki, ChatGPT-nin tərtibatçısı olan "OpenAI" gəlirlərini əhəmiyyətli dərəcədə artıra və ya yeni investisiyalar cəlb edə bilməzsə, 2027-ci ilin ortalarına qədər müflisləşmə həddinə çata bilər.
Qaynarinfo xəbər verir ki, "New York Times”ın yazdığına görə, təkcə 2025-ci ildə şirkətin xərcləri təxminən 8 milyard dollar təşkil edib. Proqnozlara əsasən, 2028-ci ilə qədər bu rəqəm 40 milyard dollara qədər yüksələ bilər. Buna baxmayaraq, "OpenAI”ın hələ də tam formalaşmış və davamlı biznes modeli yoxdur. Gözləntilərə görə, şirkət yalnız 2030-cu ildən sonra mənfəətə çıxa bilər.
"OpenAI”ın əsas problemlərindən biri istifadəçilərin böyük hissəsinin çat-botların pulsuz versiyalarından yararlanmasıdır. Bu istifadəçilərin ödəniş etməyə başlamaqdansa, alternativ platformalara keçməsi daha ehtimal olunur. "Google”, "Meta” və "Microsoft” kimi iri texnoloji şirkətlərin isə süni intellekt layihələrini maliyyələşdirməyə imkan verən digər stabil gəlir mənbələri mövcuddur. "OpenAI”ın belə bir maliyyə ehtiyatı yoxdur.
Perspektivdə vəziyyətin yaxşılaşması mümkündür. Əgər süni intellekt agentləri istifadəçilərin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilsə və asanlıqla əvəzlənən alətlər olmağı dayandırsa, "OpenAI”ın mövqeyi möhkəmlənə bilər. Lakin əsas sual açıq qalır: ChatGPT tərtibatçılarının bu mərhələyə qədər çatmaq üçün kifayət qədər resursu olacaqmı?
"New York Times” analitiki qeyd edir ki, mümkün ssenarilərdən biri kimi maliyyə ehtiyatları tükəndikdən sonra "OpenAI” texnologiya nəhənglərindən biri - məsələn, "Microsoft” və ya "Amazon” tərəfindən satın alına bilər. Onun fikrincə, belə bir nəticə süni intellekt sənayesi üçün fəlakət sayılmamalıdır.
Məqalədə deyilir ki, "OpenAI"ın çöküşü süni intellektin iflası demək olmayacaq. Bu, sadəcə onu yaradan və ən çox reklam edilən şirkətin sonu olacaq.
Qeyd edək ki, bir neçə gün əvvəl "OpenAI” rəsmi olaraq ChatGPT-də daxili reklamların görünəcəyini açıqlayıb. Reklamları söndürmək üçün "ChatGPT Plus", "Pro" və ya "Enterprise" abunəliyi tələb olunacaq. Bundan əvvəl isə platformada tibbi məsləhətlər üçün yeni rejim istifadəyə verilib. İstifadəçilər çat-bota tibbi kartlarını və "Apple Health” və "MyFitness” kimi sağlamlıq tətbiqlərini qoşa bilirlər.
Aydın
Şərhlər