Xəbər lenti

Nənəsinin yerinə keçmək istəyən oğlan... - “Uşaqlara 40+ sual” layihəsində
Video 17:22 01.06.2022

Nənəsinin yerinə keçmək istəyən oğlan... - “Uşaqlara 40+ sual” layihəsində

Uşaqlar heç vaxt bizim düşündüklərimizi düşünmür. Öz dünyaları var. Onlar həmin dünyada sevinir, kədərlənir, oynayır, danışır, gülür.

Biz böyüklər hətta onların gördüklərini görə, hiss etdiklərini hiss edə bilmirik.

Bəzən düşünürük, axı uşaqlar nə istəyir? 

Bu gün həm də 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Gələcəyimiz olan uşaqları bu münasibətlə təbrik edirik. Onlara qayğısız uşaqlıq illəri, sağlıq, hüzur, gözəl təhsil və parlaq gələcək arzu edirik. 

Elə "Uşaqlara 40+ sual” layihəmizin bu dəfəki sayını da bu günə həsr edirik. Layihənin bu dəfəki müsahibi Bakı şəhər Elçin Şəmiyev adına 149 saylı məktəb, 1L sinif şagirdi Ucal Mövlud oğlu Abdulladır. 


- Başlayaq?

- Yox, başlamayaq.

- Niyə? 

- Getmək istəyirəm.

- Niyə? 

- Su içməyə. 

- Ucal, səninlə maraqlı bir söhbət eləmək istəyirəm. İcazə verirsən?
 
- Olar. 

- Gəl, səni oxuculara təqdim edək. Kimsən sən?
 
- Ucal 

1. Ucalın neçə yaşı var?

- Altı, yox, yeddi. 

2. Düşün ki, bir gün azadsan. Bütün günü səhərdən axşama qədər bayırdasan. Nə iş görərdin?

- Bilmədim... (Fikirləşir) Bazara getmək istəyirəm.

- Niyə?  

- Ayran almaq üçün.

- Daha sonra?

- Kəşf eləmək istəyirəm.

- Nəyi kəşf eləmək istəyərdin?

- Hər yeri. Bizim küçəni.

3. Ucal, ana səni qucaqlayanda nə hiss edirsən?

- Sevgi.

4. Bəs səncə, ana səni qucaqlayanda nə hiss edir? 

- Bilmirəm, onu özü bilir. 

5. Ana səni sevmək istəyəndə hansı sözləri deyir?

- Ağıllı balam, deyir, ağıllı ol, deyir.

6. Ucal bilirmi xəyal qurmaq nədir?

Bilirəm. Xəyal quranda oturub nəyisə düşünürsən.

- Sən xəyal qurursan?

- Yox, heç qurmamışam. 

- Niyə? 

- Eee, nə bilim niyə.

- Xəyal qurmaq necə hissdir, səncə? 

- Yaxşı bir hissdir. 

- Bəs niyə onda xəyal qurmamısan?

- Çünki qurmağı bilmirəm.
 
- Bəs deyirsən, alim olmaq istəyirəm, o, xəyal deyil?

- Yox, böyüyəndə xəyal quracam. Bu sualdan keçmək olar?

- Olar.

7. Sən bilirsənmi bəs, yardım eləmək nədir?

- Bilirəm, bir insan kitab götürmək istəyir, amma götürə bilmir. Mən gedib, götürüb, ona verirəm kitabı. 

- Bəs Ucal kimlərə yardım etmək istəyər?

- Müəllimim ilə anaya. Hamıya.

- Niyə müəllim ilə anaya?

- Çünki ən çox sevdiklərim onlardır. 

8. Ucal nağıl oxuyur?

- Bir az. 

- Sən bir nağıl kitabı yazsaydın, mövzusu nə olardı?

- Heyvanlar haqqında yazmaq istəyərdim.

- Niyə heyvanlar haqqında?

- Heyvanların dostluğu, sevgisi haqqında yazmaq istəyərdim. 

9. Dostluq nədir Ucal üçün?

- Dost olmaq.

- Bəs dost olmaq nədir?

- Kiməsə deyirsən gəl, dost olaq, dost olursan. 

- Ucalın dostu var?

- Var, Aydın, Leyla, Davud, Asya, Raul... Hamısını saymayacam ki, çoxdur dostum. 

- Ucalın dostlarının hansı xasiyyətləri xoşuna gəlir?

- Yardım etməkləri.

10. Ucal, vətən nədir?

- El-oba.

- Bəs bizim elimiz-obamız haradır?

- Evimiz.

11. Vətənimizin adı nədir?

- Azərbaycan.

12. Düşün ki, sabah bir möcüzə olacaq, nə möcüzə olmasını istəyərdin?

- Böyüyərdim.
 
13. Səni bu qədər enerjili edən nədir? Ucal niyə belə dəcəldir?

- Özümdən asılı deyil. 

14. Teatra getmisən?

- Hə. 

- Maraqlıdır ora?

- Bəli.

- Sənin orda oynamaq şansın olsa idi, hansı rolu oynamaq istəyərdin?

- Ağıllı oğlan rolunu oynamaq istəyərdim.

15. Səncə, hansı nağıl qəhrəmanı ağıllı oğlandır?

- Cırtdan. 

16. Hansı səslər Ucalın xoşuna gəlir?

- Gülüş səsi. 

- Niyə gülüş səsi? 

- Çünki adam gülür.

17. Bəs ağlamaq nədir?

- Ağlamaq? Gözdə yaş olmaqdır. 

- İnsan niyə ağlayır?

- İnsan üzüləndə ağlayar. 

- Bizi nə üzər?

- Yıxılmaq üzər. 

- Bu uşaqları üzər. Bəs böyük uşaqları nə üzər?

- İşdən qovulmaq üzər. 

- Bəs başqa nə üzər?

- İşdə bir dostu ondan küssə, üzülər. 

18. İnsanlar niyə küsür ki, bir-birindən?

- Bir adam o birinin saatına toxunur. Sonra o da o birindən küsür. Ya da birinin əlində nəsə var, bir başqa adam da gəlir, onun əlindən onu qapır, tullayır yerə. O da sonra ona deyir ki, mən səndən küsdüm.

19. Ucal, dünyada su olmasaydı, nə olardı? 

- Hamı ölərdi.  

- Niyə ölərdi hamı?

- Çünki insanlar susuz yaşaya bilməz. 

20. Ucalı ən çox nə narahat edə bilər?

- Müəllimədən ayrılmaq. 

21. Bəs Ucalın canını nə yandıra, incidə bilər?

- Kimsə onu döysə.

22. Sən fotoqraf olsaydın, ən çox nəyin şəklini çəkmək istəyərdin?

- Ağacların. 

- Niyə?

- Gözəl görünürlər, ona görə.

23. Məktəb nədir?

- Uşağın gedib təhsil alması. 

24. Təhsil nə üçün lazımdır bizə?

- Ağıllı olmaq üçün, sualların cavabını tapmaq üçün. 

25. Ucal böyüyəndə hansı sənətin sahibi olmaq istəyir?

- Alim, yanğınsöndürən olmaq istəyirəm. 

26. Sən bilirsən imtahan nədir?

- Hə, bilirəm. Getmişəm. Orda suallar verirlər, sən də ona cavab tapırsan. 

- Biz o suallara cavab tapanda nə olur?

- Bal yığırıq. 

 27. Bax, yay tətili gəlir. Yay tətlində eləmk istədiyin üç şeyi mənə saya bilərsən?

- Düşünməmişəm.

- Gəl, o zaman indi düşünək. Bax bu yay tətilində nə eləmək istəyirsən?

- Dənizə getmək, qarpız almaq, harasa getmək. 

28. Sən oyun oynamağı sevirsən?

- Hə. 

- Oyun oynayanda ağlına ilk nə gəlir?

Gizlənqaç. 

- Ucalı nə bezdirə bilər?

- Başımın daşa, yerə, qapıya dəyməsi. 

- Sonra...

- Kitab oxuyanda əyləncəli olmaması. 

29. Düşün ki, paltarlarını özün hazırlayırsan. O paltarları necə bəzəyərdin, üstündə nə şəkillər olardı?

- Rəngbərəng edərdim. 

30. Hansı rəngləri sevirsən?

- Mavi, qara, yaşıl. 

- Niyə mavi, qara, yaşıl?

- Yaxşıdırlar. 

- Niyə yaxşıdırlar? Məsələn, mən çəhrayı rəngi sevirəm.
 
- Niyə yaxşıdır?

- Mən də səndən onu soruşuram. Sənin üçün qara rəng niyə yaxşıdır?

- Mən də səndən soruşuram. 

- Sən mənim suallarıma cavab ver, sonra mən sənin suallarına cavab verəcəyəm.

- Çünki... (fikirləşir) Xoşlayıram. 

31. Səncə, ağaclar bizi eşidir?

- Yox, eşitmir. Mən danışan ağac görməmişəm heç. Ağaclar eşitmirsə, danışa da bilmir. 

- Ağaclar öz aralarında da danışmır?

-Yox, danışsaydılar, eşidərdik. 

32. Sən bilirsən yağış necə yaranır?

- Bilirdim, amma yadımdan çıxıb.

- Necə yadından çıxıb?

- (Fikirləşir) Buludlar su ilə dolur, sonra o su yerə tökülür. 

33. Göy niyə guruldayır?

- Hava soyuyur, içindəki monikiş (molekullar) böyüyür-böyüyür, tezləşir, düşür yerə, ildırım çaxır. 

- Çox sağ ol, bu bilgi üçün.
 
34. Bəs musiqini sevir Ucal?

- Yox.

- Sevmir? Onda musiqi alətlərini də sevmirsən?

- Yox, bir dənə pianinonu sevirəm. 

- Bəs niyə onu?

- Heç özüm də bilmirəm. Çünki qəşəng çalır. 

35. Ucal başqa bir adamın yerinə keçə bilsəydi, kimin yerinə keçmək istəyərdi?
 
- Böyüyün. 

- Hansı böyüyün?

- Nənənin.

- Niyə nənənin yerinə keçmək istəyirsən?

- Qışqıranda mən də ona qışqırmaq istəyirəm. 

36. Evdəkiləri incidirsən?

- Hə. 

37. Ucal nə edir ki, nənə ona qışqırır?

- Dəcəllik edirəm.

- Boynuna alırsan da nənəni incitdiyini?
 
- Hə də…

38.İnsanlar niyə hirslənir, səncə?  

- Adam pis şey eləyir, onlar da hirslənir. 

- Kim pis şey edir?

- Hamı. 

39. Ucal, bax düşün ki, krantdan su gəlmir. Suyun əvəzinə nə gəlməyini istəyərdin? 

- Konfet.

- Niyə konfet?

- Yeyəcəm. 

- Hansı konfetləri sevirsən?

- Meyvəli, sorma konfetləri sevirəm. 

40. Səncə, biz niyə yuxu görürük?

- Bilmirəm…

- Bəs Ucal yuxu görür?

- Hə. 

- Heç yuxularından birini xatırlayırsan? 

- Hə. 

- Danışa bilərsən?

- Bir dənə uşaq var idi, ikimiz gedirdik. Qarşımıza bir dənə qorxunc nəsə çıxdı. Bizi qovdu. Sonra oyandım.
 
- Qorxdun oyandın?

- Yox, o gerçək deyil ki, niyə qorxum?

41. Qorxmaq nədir?

- Məsələn qabağımızdan it gəlir, bizi tutmaq istəyir. Adam qorxur, qaçır.

42. Bəs qorunmaq nədir?

- Qorunmaq cəsurluq kimi bir şeydir.

43.Bəs cəsurluq nədir?

- Kimsə bir adama saldırır, onun qarşısına keçirlər ki, bunu vurma.  

- Hansı insanlara cəsur deyirlər?

- Cəsur insanlara.

44. Necə olmalıyıq ki, bizə cəsur desinlər?

- Qorxmamalıyıq. 

45. Ucal, niyə belə narahat dayanıb?

- Narahat deyiləm ki, heç.

46. Sabah anan ilə eləmək istədiyin nəsə var?

- Parka getmək istəyərdim. 

- Niyə?

- Parkda hər şey var. Gedib oynayardım.

47. Ən son məktəbdə nə öyrənmisiniz?

- Oğurluq haqqında.

- Nədir oğurluq?

- Adamın evinə girirlər, pul, nəsə dəyərli bir şey çalırlar, gedirlər öz evlərinə. 

- Səncə, yaxşı şeydir oğurluq?

- Yox. 

- Bəs adamlar gedir özlərinə nələrsə gətirir. Onda bu adamlar üçün yaxşı olmur?

- Bazardan almaq yaxşı olur, gedib evdən gətirmək pis olur. Yəni başqalarının evindən gətirmək pis olur. 

48. Ucalın elə bir sirri var ki, onu heç kim bilmir, ancaq özü bilir. Amma indi mənə deyəcək, ikimiz biləcəyik. 

- Bizim taxtın altında böcək var. Heç kim bilmir. 

- Sən qorxmursan böcəkdən?

- Yox, bapbalaca böcəkdi. 

- Sən onu nə vaxt görmüsən?

- 4-5 yaşım olanda. 

- Demədin evdəkilərə?

- E-e, yox, demədim (gülür)

- Niyə demədin?

- Bir dənə Aydına demişdim. Başqa heç kimə demədim. 

49.Anadan ən çox nə istəyirsən?

- Anadan ən çox... (Fikirləşir) Təzə bir şey almağı.

- Təzə nə istəyirsən?

- Təzə... Təzə oyuncaq. 

- Ana sənə oyuncaq alır?

- Alır.
 
- İndi nə oyuncağı istəyirsən?

- Qatar istəyirəm. 
 
50.Qazanmaq nədir, Ucal? 

- Sən nəsə qaçış yarışına gedirsən. Adam qaçır, finiş xəttini keçir, sonra arxasından bir adam gəlir, sonra yenə biri. Dörd adam dalbadal gəlir. Sonra birinci gələn adam  birinci olur. 

51.İndi ətrafında hansı səslər var?

- Telefon səsi. Sənin səsin. 

52. Ağıllı olmaq nədir?

- Ağıllı olmaq... Nəsə sual verirlər, ağıllı olub, beynini işlədib deyirsən ki, bu sualın cavabı belədir. 

- Səncə, Ucal ağıllıdır?

- Hə. 

- Niyə?

- Çünki müəllimə deyir, çox savadlıyam. 

- Müəllimə nə deyir?

- Suallar verir, cavab verirəm. 

- Bəs onda müəllimə nə deyir?

- Afərin deyir. Ulduz yapışdırır. 

- Ucalı gündəliyində ulduz çoxdur?

- Hə.

53.Biz gözəl bir gün keçirtmək üçün nə etməliyik? 

- Parka getməliyik, kafeyə getməliyik, oyun oynamalıyıq, kitab oxumalıyıq. 

- Parka getmək gözəl gün keçirtməkdir?

- Yox ee, parka gedirik, oynayırıq, kafeyə gedirik, ordan evə gedirk, kitab oxuyub yatırıq. 

54. Bu gün ən çox nəyə gülmüsən?

-Dərsdən çıxmağa gülmüşəm.

55. Ucal mağaza açsaydı, orda nə satrdı?

- Mağazada ən çox nə satılırsa, onu satardım. 

- Məsələn?

- Kitabla oyuncaq.

56. Ucal gecə yatmadan öncə nəsə düşünür?

- Nağıl oxumaq.

57.Ən son hansı nağıl kitabını oxumusan?

- Bip-Bip.

- Maraqlıdır?

- Hə.

58.Eləmək istəyib də, eləmədiyin bir şey var?  

- Özümün kitab oxumağım. 

59. Ucal əşyalarını səliqəli saxlayır?

- Hə.

- Ən çox hansı əşyasını sevir?

- Ən çox... (fikirləşir) Hamısını normal sevirəm.

60.Burdan evdəkilərə nə demək istəyirsən? 

- Salam demək istəyirəm. 

- Bəs başqa nəsə demək istəmirsən?

- Gələndə gilas alsınlar. 

- Maraqlı idi sənə?

- Hə.

- Davam edək?

- Yox, gedək. 

- Hara gedək?

- Evə. 

- Niyə evə gedək?

- Birinci telefonu ver, sonra çıxaq. 

- Mən sənə desəm ki, bitdi, sevinərsən?

- Hə.

- Bitdi, çox sağ ol. 

- Çox sağ ol deməmişdin ki, bitdi demişdin.

- Hə, mən gəldiyin üçün sənə təşəkkür edirəm. 

- Hə indi oldu.

- Sən mənə nə deməlisən?

- Sağ ol. 

Günay İlqarqızı

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->