Xəbər lenti

Kremlin
Murad KÖHNƏQALA
Ölkə 09:45 08.07.2025

Kremlin "rusdilli əhaliyə qarşı" bəhanəsi

Son vaxtlar Rusiya aqressiyasının masştabı biraz da genişlənməkdədi. Kreml indi də Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində rusdilli əhaliyə "təzyiqlərin artması” iddiası ilə bu regionlara qarşı sərt sanksiyalar paketi hazırlayır. Mövzu ilə bağlı rus saytlarını vərəqləməli oldum. Bu barədə ilk məlumatı "Kommersant” və "İzvestiya” kimi nüfuzlu nəşrlərin yaydığını gördüm.

Rəsmi Moskva, Tacikistan, Qırğızıstan, Özbəkistan və Cənubi Qafqaz ölkələrində rus dili statusunun aşağı salınması, tədrisdə məhdudiyyətlərin tətbiqi və ictimai sahədə rus dilindən istifadənin qadağan edilməsinə yönəlmiş qanunvericilik təşəbbüslərini "dil hüquqlarının pozulması” və "rusdilli əhalinin hüquqlarına təhdid” kimi qiymətləndirir.

Rusiya Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski bu məsələ ilə bağlı belə deyib:

"Rus dilinin sıxışdırılması yalnız humanitar məsələ deyil, bu, Rusiya ilə münasibəti olan dövlətlərin hansı yolla getdiyinə dair açıq siqnaldır. Bu tip tendensiyalar cavabsız qalmayacaq”.

Hazırda isə Rusiya hökumətində müzakirəyə çıxarılan əsas tədbirlər aşağıdakılardır:

Vizaların tətbiqi: Rusiyaya vizasız daxil olan MDB ölkələrinin vətəndaşlarına qarşı viza rejimi tətbiq edilə bilər.

Pul köçürmələrinin məhdudlaşdırılması: Bu, əsasən Rusiyada çalışan milyonlarla Orta Asiya və Qafqaz mənşəli miqrantların ailələrinə göndərdiyi pulların qarşısını alacaq.

Əmək kvotaları: Rusiya bazarında çalışmaq üçün verilən icazələrin sayında ciddi azalmalar nəzərdə tutulur.

İnfrastruktur layihələrinin dayandırılması: Bu ölkələrdə Rusiya şirkətlərinin iştirakı ilə həyata keçirilən iri layihələr, xüsusilə energetika və nəqliyyat sahəsində, dayandırıla və ya dondurula bilər.

Kremlə yaxın "Nezavisimaya Gazeta” yazır ki, Rusiya Müdafiə Nazirliyi Tacikistan və Qazaxıstan sərhədində bir sıra yeni hərbi təlimlərin keçirilməsini planlaşdırır. Məqsəd isə "rusdilli vətəndaşların təhlükəsizliyini təmin etmək və regionda sabitliyi qorumaq” kimi təqdim olunur.

Bəzi siyasi ekspertlər isə ehtimal edir ki, Rusiya gələcəkdə "insan hüquqlarının müdafiəsi” adı altında "humanitar müdaxilə” ssenarisini də gündəmdə saxlaya bilər. Xatırladaq ki, bu ritorika 1990-cı ildə Azərbaycan, 2008-ci ildə Gürcüstan, 2014-cü ildə isə Ukrayna hadisələrində də istifadə edilmişdi.

Özbəkistan və Qırğızıstan rəsmiləri artıq məsələ ilə bağlı neytral mövqe sərgiləyiblər. Tacikistan isə məsələni daxili iş hesab etdiyini vurğulayıb. Gürcüstan və Ermənistan hökumətləri hələlik rəsmi mövqe bildirməyib.

Lakin ekspertlər bildirirlər ki, Rusiya bu ölkələrlə münasibətlərdə yeni bir mərhələyə keçir - iqtisadi və diplomatik alətlərdən daha sərt vasitələrə üstünlük verməyə başlayır. 

Politoloq Fyodor Lukyanovun sözlərinə görə:

"Kreml hesab edir ki, postsovet məkanında rus dilinin statusuna hücum həm geosiyasi seçim, həm də Qərbə inteqrasiyanın göstəricisidir. Bu baxımdan Moskva prosesləri sakit izləmək niyyətində deyil.”

Bunlara deyən lazımdı, qaşınmayan yerdən qan çıxarıb yeni münaqişə ocaqları yaratmağa çalışmayın, hələ görün, Ukrayna bataqlığından salamat çıxa biləcəksinizmi...  

Murad Köhnəqala 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->