Marsdan Yerə düşən ən böyük meteorit çox yaxın zamanda açıq hərracda satışa çıxarılır. Əslində muzeydə qorunmalı olan bu nadir kosmik daşın bir neçə milyon dollar müqabilində yeni sahibini tapacağı gözlənilir.
Qaynarinfo xəbər verir ki, Marsdan gəldiyi elmi şəkildə sübut olunmuş dünyanın ən böyük meteorit parçası xüsusi bir hərracda alıcı axtarır. Əgər 3 və ya 4 milyon dollarınız varsa, bu daş sizin ola bilər.
Kosmos həvəskarları və kolleksiyaçılar hazırda nəhəng bir göydaşı ilə maraqlanırlar. Marsdan qoparaq Yerə çatan və elmi adı "NWA 16788" olan, 25 kiloqramlıq bu meteorit 16 iyulda Nyu-Yorkdakı "Sotheby's Natural History" hərracında satışa çıxarılacaq. Satıldıqda isə 2–4 milyon dollar aralığında bir qiymətə çatacağı gözlənilir.
Bu kosmik daş Marsdan gəldiyi elmi olaraq təsdiqlənmiş ən böyük meteorit parçası kimi tanınır.
"NWA 16788"in bir asteroidin Qızıl Planetə çırpılması nəticəsində orbitə material atılması ilə yarandığı güman edilir. Göydaşı Marsın xarakterik pas rənginə malikdir, lakin onun mənşəyi barədə əsas sübut gövdəsində şüşəyə çevrilmiş mineralların olmasıdır. Yer atmosferinə daxil olması da asan olmayıb və səthində dərin yanıq izləri aşkar edilib. Elmi analizlər meteoridin tərkibinin Mars səthindəki vulkanik süxurlarla uyğun gəldiyini göstərir.
Meteorit 2024-cü il Avropa Tədqiqatçılar Gecəsi çərçivəsində İtaliyanın Roma şəhərindəki İtaliya Kosmik Agentliyində və Toskana bölgəsinin Arezzo şəhərində xüsusi bir qalereyada ictimaiyyətə təqdim olunub. 8–15 iyul tarixləri arasında isə hərracdan əvvəl "Sotheby's"ın Nyu-Yorkdakı binasında nümayiş olunacaq. Bundan sonra bir daha görünüb-görünməyəcəyi isə məlum deyil.
Aydın
Şərhlər