Xəbər lenti

Getdikcə daha çox insan iş stresi səbəbilə spirtli içkilərə yönəlir (ARAŞDIRMA)
Dünya 13:42 08.07.2025

Getdikcə daha çox insan iş stresi səbəbilə spirtli içkilərə yönəlir (ARAŞDIRMA)

Yeni araşdırma göstərir ki, demək olar, hər üç əməkdaşdan ikisi işlə bağlı stress və təzyiq səbəbilə daha çox alkoqol qəbul etməyə başlayıb. Sorğuda iştirak edənlərin 64%-i iş yerindəki problemlərin onları içkiyə yönəltdiyini etiraf edib.

Qaynarinfo xəbər verir ki, "Alcohol Change UK" təşkilatının keçirdiyi sorğuda 2.000 Böyük Britaniya əməkdaşı iştirak edib. Nəticələrə görə, iştirakçıların 64%-i son 12 ay ərzində artan iş stressi, təzyiq və narahatlıq səbəbilə alkoqol qəbul etdiklərini bildirib. Bu barədə "The Independent" yazır.

Sorğunun nəticələrinə əsasən:

* Respondentlərin 40%-i işlə bağlı narahatlıq səbəbilə daha çox içki içdiyini,
* 38%-i isə stresslə mübarizə aparmaq üçün içdiyini qeyd edib.
* Hər üç nəfərdən biri tez-tez içməyə başladığını dedlaynlar və təzyiqlərlə əlaqələndirib,
* 29%-i isə işini itirmək qorxusunun alkoqola yönəlməyə səbəb olduğunu bildirib.

Mütəxəssislər nə deyir?

"Alcohol Change UK" təşkilatının məsləhət və təlim bölməsinin rəhbəri Ceyn Qardiner bildirib:

"İş şəraiti hər kəsdə fərqli ola bilər, amma bu araşdırma göstərir ki, son bir ildə bir çox insan iş stressi, narahatlıq, təzyiq və sabaha olan inamsızlıqla mübarizə aparmaq üçün daha çox alkoqol qəbul etməyə başlayıb".

Qardiner əlavə edib ki, alkoqol bəzən müvəqqəti rahatlıq gətirsə də, uzunmüddətli dövrdə bu, yalnız stress və narahatlığı artırır. O, həmçinin xatırladıb ki, alkoqol yuxusuzluq, sərxoşluq sonrası əlamətlər, yüksək təzyiq və depressiya kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bu isə öz növbəsində insanı "öz-özünü müalicə" dairəsinə salır və çıxış yolunu çətinləşdirir.

Araşdırmanın konteksti və nəticələri

Bu araşdırma "Alkoqol məlumatlılığı həftəsi" (Alcohol Awareness Week) çərçivəsində aparılıb və bu ilki mövzu "Alkoqol və iş" başlığı altında keçirilib. Məqsəd, iş şəraiti və təzyiqin alkoqol istifadəsinə necə təsir etdiyini və daha sağlam, inklüziv korporativ mədəniyyətin necə formalaşdırıla biləcəyini göstərməkdir.

Əməkdaşların 81%-dən çoxu hesab edir ki, işəgötürənlər iş mühitində alkoqol mövzusuna dair maarifləndirmə və profilaktik tədbirlər görməlidirlər. Bununla belə, iştirakçıların üçdə birindən çoxu bildirib ki, alkoqol mövzusunda açıq danışmaq psixi sağlamlıqla bağlı danışmaqdan daha çətindir.

Qardiner vurğulayıb:

"Əməkdaşların profilaktikanın vacibliyini anlaması ümidvericidir. Onlar düşünürlər ki, problem yaranmazdan əvvəl tədbir görülməlidir. Belə bir yanaşma alkoqol mövzusunun tabu olmaktan çıxmasına, sağlamlığa təsiri haqqında məlumatlılığın artmasına və zərərin qarşısının alınmasına kömək edə bilər".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->