Xeyli vaxtdı marketlərimizin xəmir yeməklər bölmələrində Türkiyədən gəlmə bir fastfut növü peyda olub, adına da "böyrək” deyirlər. Əvvəllər mən elə bilirdim bu yemək mal böyrəyindən hazırlanır. Sən demə, elə deyilmiş. Bizi çaşdıran yeməyin səhv ifadə olunan adı imiş. "Qozlu börək”, "pendirli börək”, nə bilim, "kartoflu börək”. Sən demə, söhbət böyrəkdən yox, bürüməkdən gedirmiş! Ona görə də yeməyin adı "börək” yox, "bürük” imiş. Məsələn, pendiri xəmirə büküb kürədə bişirəndə adı olurmuş "pendirli bürük”. Eləcə də qozlu bürük, köbələkli bürük!
Beləcə, öz yeməklərimizin adını yolda itirdiyimizə görə erməni kimisinin biri götürüb deyir bu, bizim milli yeməyimizdi. Bizdə də bu cür yeməyə dürmək deyirlər. Məsələn, yuxanın arasına göyərti, pendir qoyub yeyirik, adı da olur "dürmək”.
Hələ ətli xəngəlimizə baxın! Bu yeməyə buryatlar buuz, özbəklər, uyğurlar mantı, biz xəngəl deyirik. Azərbaycanın qərb zonasında əsasən yayma xəngələ üstünlük verildiyinə görə bu yeməyin döymə ət bükülmüş növünə ən çox Borçalıda rast gəlinir. Ona görə bugün "gürcü xəngəli” dediyimiz həmin xəngəlin adı Borçalı xəngəlidi. Kimə deyirsən? Bütün millət bu yeməyin adına "gürcü xinkalı" deyib durur. Halbuki, gürcü mətbəxi üçün xəmir yeməklər heç də xarakterik deyil. Məsələn, bir gürcüdən soruşsan ki, bico, "xinkal” nə deməkdi, gözünü döyəcək. Dağıstan türklərində və şimal bölgələrimizdə bunun "gürzə" adlı forması da var. "Xəngəl" xəncər sözündəndi, onun xəmiri iti ağızlı bıçaqla doğrandığına görə "xəncəl-xəngəl" adlanıb. Gürzə də başqa bir xəncər növünün adıdı. Yatağan adlı xəncər də var. Bunların hamısı türk yaraqlarının adıdı. Ay bədbəxt azərbaycanlı, öz mədəniyətini niyə tupoy kafeçilərin ağlı ilə zorla gürcüyə verirsən? "Gürcü xinkalı” nədi, hələ kafelərdə menyuya da belə yazırsan.
Borçalı demiş, Qazaxda, Gürcüstanla aramızdakı sərhəddə bir qədim körpü var, adına "Sınıq körpü” deyirlər. Baxırsan, körpünün heç bir sınıq, çat yeri yoxdu. Dayaqları arka formasında hörülüb, körpü qabarıq hörgü qanunlarına görə hər cür ağırlığa davam gətirir. Əslində isə körpünün adı sınıq yox, "Sınaq körpü”dü! Qədimdə belə körpüləri inşa edən baş memarın boynuna qoyurdular ki, ağırlığa tab gətirən inşa etməsən kərpicləri sənin belinə töküləcək. Yəni, körpü tikilib hazır olandan sonra ağırlığa dözümünü yoxlamaq üçün üstündən ağır arabalar yeridirdilər və sınaq vaxtı memar körpünün altında dayanırdı. Ki, körpü mükəmməl deyilsə qoy, memarın belinə uçsun.
Aramızdakı bu "Sınaq körpü” haqda əfsanə də var. Əfsanədə deyilir ki, sınaq vaxtı təkcə memarın özü yox, onun ailə üzvləri də körpünün altında dayanıb.
Hələ "Qarabağ” sözünün etimologiyasını demirəm! Demək, təbliğat o qədər səhv gedib ki, çox adam elə bilir Qarabağ böyük bağ deməkdi. Çox gülməlidi! A kişilər, Qarabağ Qarapapaq sözündəndi! Borçalıdan üzü bəri bütün Kür çayı hövzəsi boyu Qarapapaqlar səpələnib. Borçalıda bu gün də köhnə kişilər özlərinə "Qarapapax” deyirlər. Qarapapax-Qarapbax-Qarabağ!
Sonra. Uca bir Ağrı dağı var, haçan baxsan zirvəsində qar görünür. Bu dağ həmişə uzaqdan qar dağı kimi görünür- dümağ. Dağın adı "Ağrı” yox, "Ağarıdı”! Ağarı dağı! Yəni, həmişə ağaran dağ! Ermənilər bu dağa Ararat deyir. Çünki, bu dağa "Ağaran dağ” da demişik.
Birini də deyim, üç olsun, düşmən puç olsun!
Deməli, Göyçə gölünə axan çaylardan birinin də adı Axtamardı. Bizim dildə "ağ su” və "qara su” mövhumları var. Tərkibində duz olan, içməyə yaramayan, cod suya "qara su”, tərkibi təmiz olan içməli suya isə, "şirin su”, yaxud "ağ su” deyirik. "Axtamar” isə axtamar yox, Osmanlı qardaşlarımızın dediyi kimi "Ak-tamar”dı. Ağ damardı, yəni. Suyu içməli olan, suyu ağ olan çaydı – Ağ damardı, ağ damar!
Kimə deyirsən? Bir vaxtlar erməni belə bir əfsanə uydurub bizim millətin ağlına yerləşdirmişdi. Guya, bir azərbaycanlı oğlan Tamara adlı bir erməni qızına aşiq olur. Erməni qızı oğlanın qarşısına şərt qoyur. Ona deyir, əgər sən Göyçə gölünü bu üzdən o üzə üzüb geri qayıda bilsən səninlə evlənməyə razılıq verərəm. Oğlan qızın şərtinə görə gölün bu üzündən o biri tərəfinə üzməyə başlayır və Aktamar çayının hövzəsinə çatanda artıq üzməyə nəfəsi çatmır. Son nəfəsində sahildə onu gözləyən qıza tərəf "Ax Tamara!” deyə bağırır. Bu əhvalatdan sonra həmin çayın adı Axtamar olur.
Gözünüz aydın, ermənilər lap çoxdan "Axtamar” konyakı buraxır.
Yadıma gəlir, Sumqayıt adı haqda da belənçik bir əfsanə uydurub orta məktəb kitablarına salmışdılar. Burdakı əhvalat biraz fərqli olmuşdu. Burda qız Sum adlı oğlana səslənmişi: "Sum, qayıt, Sum qayıt!” Sum hara qayıdır?
Deyirəm axı, 20 Yanvardakı taksi şoferləri də hərdən o naməlum Sumu səsləyirlər: "Sum, qayıt, Sum, qayıt!” Sum hara qayıdır?! Bilir ki, qayıdan kimi onu zorla maşına basıb Sumqayıta aparacaqlar.
Murad Köhnəqala
Şərhlər