Xəbər lenti

Yaxşı adamlara qısa, pis adamlara uzun ömür?
Könül Nuriyeva
Ölkə 11:59 10.07.2026

Yaxşı adamlara qısa, pis adamlara uzun ömür?

"Yaxşı pisdir, pis isə yaxşıdır; dumanlı havada, çirkli buludlarda uçub gedirik".

"Bu dünya bir kölgədir, yeriyən bir kölgə; zavallı bir aktyor isə səhnədə bir saat öyünüb, qışqırıb, sonra da yoxa çıxır".

"İnsanların üzündəki kədəri oxumaq üçün bir kitab gərəkdir, amma sən qəlbinin qapısını elə bağlamısan ki, heç kəs onun içinə boylana bilməz".

Vilyam Şekspir (William Shakespeare), "Maqbet"

(I hissə)

Bu dərin mövzunu dünya və yerli ədəbiyyat üzərindən araşdırmış, gücüm çatdığı qədər pisliyin mahiyyətinə enməyə çalışmışam. Axı hər gün həyatımızda pis insanlarla qarşılaşırıq. Bəlkə də illərdir verdiyimiz "niyə?” suallarına bu mətn vasitəsilə müəyyən cavablar tapa bilərik.

Şərdən və pislikdən danışırıqsa, onların mahiyyətini yalnız bu günümüzdən başlayaraq izah edə bilmərik. Mifologiyada şər və pislik sadəcə subyektiv xarakter xüsusiyyəti deyil; onlar kainatın nizamını pozmağa çalışan, xaos yaradan və insana zərər verməkdən zövq alan nəhəng qüvvə kimi təsvir olunur. Pisliyin mənşəyini, necə yayıldığını və insan ruhunu necə zəhərlədiyini anlamağa çalışan müxtəlif əsatirlər mövcuddur.

Bu mövzuda ən təsirli iki mifoloji hekayə yadıma düşür.

Bunlardan biri Pandoranın qutusundan pisliyin dünyaya yayılması haqqındadır. Bu mif dünyada pisliyin, xəstəliklərin və bədbəxtliklərin necə meydana gəldiyini izah edən ən məşhur fəlsəfi hekayələrdən biridir.

Yəqin ki, çoxunuz bilirsiniz: Prometey ilahi odu oğurlayıb insanlara verdikdən sonra Zevs həm Prometeydən, həm də insanlardan intiqam almağa qərar verir. O, tanrılara misilsiz gözəlliyə və cazibəyə malik bir qadın yaratmağı əmr edir. Lakin həmin qadının daxilində yalan və hiylə də gizlənirdi. Onun adı Pandora idi.

Zevs Pandoranı Prometeyin qardaşı Epimeteyə hədiyyə göndərir. Eyni zamanda ona toy hədiyyəsi kimi heç bir halda açılmaması şərti ilə sirli bir qutu verir. Epimetey qardaşının xəbərdarlıqlarına baxmayaraq, Pandoranın gözəlliyinə aldanaraq onunla evlənir.

Tanrılar Pandoranın daxilinə güclü maraq hissi də yerləşdirmişdilər. Bir gün Pandora marağına qalib gələ bilmir və qutunun qapağını açır. Həmin anda qutunun içindən o vaxta qədər dünyada mövcud olmayan bütün pisliklər – paxıllıq, nifrət, xəstəlik, ölüm, yalan, müharibə və qəddarlıq qara duman kimi dünyaya yayılır. Pandora qorxudan qapağı dərhal bağlasa da, artıq gec idi. Qutunun dibində yalnız bir şey qalmışdı – ümid.

Bu mif göstərir ki, pislik dünyaya bir dəfə buraxıldıqdan sonra onu yenidən idarə etmək və ya geri qaytarmaq mümkün deyil. İnsanlığın əlində qalan yeganə silah isə bütün bu pisliklərin içində boğulmamaq üçün güc verən ümiddir.

İkinci mif isə Skandinaviya mifologiyasına aid olan Baldrın ölümüdür.

Şimal mifologiyasında pisliyin və xəyanətin canlı simvolu hiyləgər tanrı Loki hesab olunur. Onun törətdiyi ən böyük şər isə mütləq xeyirxahlığın ölümü ilə nəticələnir.

Baldr işığın, gözəlliyin, yaxşılığın və saf sevginin tanrısı idi. Onu bütün tanrılar və canlılar sevirdi. Bir gün Baldr yuxusunda tezliklə öləcəyini görür. Anası Friqq dünyadakı bütün canlı və cansız varlıqlardan – oddan, sudan, daşlardan, heyvanlardan və bitkilərdən – Baldra zərər verməyəcəklərinə dair and alır. Yalnız bir kiçik bitkini – öküzotunu (mistletoe) çox gənc və zərərsiz hesab etdiyi üçün unudur.

Baldrın toxunulmaz olduğunu görən tanrılar əyləncə xatirinə ona qılınc, ox və daş atırdılar, lakin heç biri ona təsir etmirdi. Bu mənzərə mütləq şəri təmsil edən Lokini qəzəbləndirir və o, paxıllıq hissi ilə hərəkətə keçir. Loki hiylə ilə Friqqdən and içməyən yeganə bitkinin öküzotu olduğunu öyrənir və həmin bitkidən iti bir ox düzəldir.

Sonra tanrıların məclisinə gəlir. Orada Baldrın kor qardaşı Hödrün kənarda dayandığını görür. Hödr kor olduğu üçün qardaşına heç nə ata bilmirdi. Loki ona yaxınlaşır, guya mərhəmət göstərərək öküzotundan hazırladığı oxu əlinə verir və hədəfi nişan almağa kömək edir. Hödr oxu atır və ox Baldrın ürəyinə sancılaraq onu öldürür.

Bu hadisə Skandinaviya mifologiyasında dünyanın sonunun başlanğıcı hesab olunur. Mif bizə çatdırır ki, pislik çox vaxt birbaşa deyil, hiylə ilə, insanın ən zəif və ən məsum nöqtəsini taparaq hərəkət edir. Dünyadan mütləq yaxşılıq getdikdə isə qaranlıq və xaos qaçılmaz olur.

Hər iki mifoloji hekayədə pisliyin doğulmasının və yayılmasının səbəbi eynidir: paxıllıq, eqoizm və qadağan olunmuş sərhədləri aşmaq istəyi. Pislik həmişə xeyirxahlığın və nizamın mövcud olduğu yerdə onları qısqanan qüvvə kimi meydana çıxır.

---

Dünya ədəbiyyatında "pis adam" və şər anlayışı sadəcə qorxulu personaj yaratmaq məqsədi daşımır. Bu mövzu insan təbiətinin ən qaranlıq tərəflərini, eqoizmi və mənəvi aşınmanı araşdırmaq üçün yazıçıların müraciət etdikləri əsas mövzulardan biridir. Yazıçılar çox vaxt şəri sadə bir xarakter xüsusiyyəti kimi deyil, daxili fəlakət kimi təqdim edirlər. Bəzən bu fəlakətdən qaçmaq mümkün olmur. Öz daxili fəlakətini özü yaradan insanlara real həyatda da rast gəlirik. Bəzi hallarda isə insanlar pisliyi tam şüurlu şəkildə seçirlər.

Bu mövzuda dünya ədəbiyyatının zirvəsi hesab olunan və pisliyin müxtəlif formalarını təsvir edən iki böyük əsəri diqqətinizə çatdırmaq istəyirəm.

Bunlardan biri Vilyam Şekspirin (William Shakespeare) "Maqbet” əsəridir. Əsərin əsasını şüurlu pislik və hakimiyyət ehtirası təşkil edir.

Şekspir dünya ədəbiyyatında şər qüvvələrin psixologiyasını ən dərindən işləyən dramaturqlardan biridir. Onun yaratdığı Yaqo və III Riçard kimi obrazlar saf şərin simvollarıdır. Burada mühüm bir sual yaranır: saf şər nədir?

"Maqbet" insan ruhunun şər tərəfindən addım-addım necə ələ keçirildiyini göstərən bənzərsiz bədii nümunədir. Cəsur və hörmətli şotland sərkərdəsi Maqbet cadugərlərdən kral olacağı barədə xəbər alır. Bu yolda onu həyat yoldaşı Ledi Maqbet də təhrik edir. Nəticədə hakimiyyətə gəlmək üçün öz evində qonaq olan xeyirxah Kral Dunkanı yuxuda qətlə yetirir.

Bu əsərdə Maqbet anadangəlmə cani deyil. Əslində serial qatillər də anadangəlmə cinayətkar doğulmurlar. Şekspirin dahiliyi ondadır ki, o, hərisliyin insanı necə caniyə çevirdiyini göstərir. İlk cinayətdən sonra Maqbet taxtını qorumaq naminə daha da qəddarlaşır, dostlarını, günahsız qadın və uşaqları öldürtməkdən belə çəkinmir. Cinayət yeni cinayət doğurur. Pislik qarşısında Maqbet məğlub olur.

Burada yenə vacib sual yaranır: kimlər pisliyə məğlub olur, kimlər isə onun sınağından keçərək mənəvi saflığını qoruyub saxlayır?

Əsər göstərir ki, pislik insanı daxildən çürüdür. Maqbet və Ledi Maqbet sonda etdikləri cinayətlərin vicdan əzabı və qorxusu içində boğulurlar. Bu vicdani çırpınışları dünya ədəbiyyatının bir çox əsərlərində müşahidə etmək mümkündür. Ledi Maqbet dəli olur, Maqbet isə həyatın bütün mənasını itirdiyini anlayaraq mənəvi cəhətdən tamamilə məhv olur.

İkinci məşhur əsər isə Şoderlo de Laklonun (Choderlos de Laclos) "Təhlükəli əlaqələr” romanıdır. Burada isə pislik zövq almaq məqsədilə edilir. Baxdığım filmlərdən biri – "The Lovely Bones” da eyni ideya üzərində qurulmuşdu.

Fransız ədəbiyyatının bu şah əsəri pisliyin ən qorxulu formalarından birini – manipulyasiyanı və mənəvi qəddarlığı təsvir edir. Burada pislik qan tökməklə deyil, insanların duyğularını, inanclarını və mənəvi saflığını məhv etməklə həyata keçirilir. Bu, bəlkə də pisliyin ən təhlükəli formasıdır. Çünki ilk baxışda qarşındakı insanın əsl niyyətini anlaya bilmirsən; o, sənə xoş sözlərlə və nəzakətli davranışla yaxınlaşır.

Əsərin baş qəhrəmanları Markiza de Mertey və Vikont de Valmon iki aristokratdır. Onlar ağıllı, cazibədar, lakin son dərəcə mərhəmətsiz insanlardır. Onlar üçün həyat böyük şahmat taxtasını xatırladır, insanlar isə sadəcə piyadalardır. Darıxdıqları üçün öz aralarında mərcə girərək saf, dindar və məsum insanları yoldan çıxarmağı, onların duyğuları ilə oynamağı və sonda cəmiyyət qarşısında rüsvay edib həyatlarını məhv etməyi əyləncəyə çevirirlər.

Onlar qurbanlarının ən zəif və ən təmiz hisslərini özlərinə qarşı silaha çevirirlər. Sevgi və etibarı oyuna döndərirlər. Bu əsərdəki pislik heç bir maddi qazanc məqsədi daşımır; məqsəd yalnız başqası üzərində hakimiyyət hissini yaşamaqdır. Aristokratlar mənəvi dağıdıcılıqdan zövq almaq üçün şüurlu şəkildə şərlə məşğul olurlar.

Roman oxucuya xəbərdarlıq edir: pislik həmişə qorxulu və eybəcər simada görünmür. Bəzən o, ən kübar maskaların, parlaq intellektin və şirin sözlərin arxasında gizlənir. Eynilə adını çəkdiyim filmdə olduğu kimi.

(Ardı var)

Könül Nuriyeva

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->