XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

1914-cü ildə də belə olmuşdu: İki müharibə dünyanı uçuruma sürükləyir - KİV
Dünya15:31 04.09.2026

1914-cü ildə də belə olmuşdu: İki müharibə dünyanı uçuruma sürükləyir - KİV

Ukrayna və İrandakı müharibələr getdikcə daha sıx şəkildə bir-biri ilə əlaqələnir və daha genişmiqyaslı eskalasiya riskini yaradır.

Qaynarinfo xəbər veruir ki, bu fikri Karnegi Beynəlxalq Sülh Fondunun baş elmi əməkdaşı Kristofer Çivvis irəli sürüb. O, "The Guardian" qəzetində dərc olunan köşə yazısında iki münaqişənin tədricən yaxınlaşdığını və onların bir-birinə qarşılıqlı təsir təhlükəsinin artdığını göstərən bir sıra hadisələrə diqqət çəkib.

Müəllif əvvəlcə Ukrayna ətrafındakı vəziyyətdən bəhs edir. Onun sözlərinə görə, Rusiya hələlik Ukraynadan kənarda avropalılar arasında kütləvi itkilərə səbəb olmayıb, lakin belə bir ssenariyə yaxınlaşır. Çivvis avqustun əvvəlində Almaniyanın Leypsiq/Halle hava limanı yaxınlığında baş verən hadisəni xatırladır. Burada uçuş-enmə zolağının yaxınlığında minalanmış iki pilotsuz uçuş aparatı aşkarlanıb. Müəllif qeyd edir ki, hələ 2024-cü ildə həmin hava limanında bağlamaların içərisində gizlədilmiş yandırıcı qurğular "DHL" şirkətinin yükünün alışmasına səbəb olmuşdu.

Çivvisin fikrincə, məhz Leypsiqdəki dron insidenti Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin avqustun sonunda Moskvaya səfər etməsinin səbəblərindən biri ola bilər. KİV-in yazdığına görə, görüşlər zamanı o, Rusiya tərəfinə NATO ərazisinə hücumların yolverilməz olduğunu bildirib, İrana dəstəyin azaldılmasına çağırıb və Ukraynaya qarşı müharibənin başa çatdırılması ilə bağlı razılaşmaların əldə olunmasının vacibliyini vurğulayıb.

"Ancaq Tramp administrasiyasının İranla müharibəni dayandırmaqdan imtina etməsi onun Ukraynadakı müharibəni başa çatdırmaq səyləri ilə ziddiyyət təşkil edir. Onlar fırtınadan çıxmır, əksinə, fırtınaya doğru gedirlər", deyə analitik yazır.

Müəllif həmçinin İranla müharibə səbəbindən ABŞ-ın raket əleyhinə müdafiə vasitələri ehtiyatlarının tükənməsinə diqqət çəkir. Onun fikrincə, Ukraynaya hava hücumundan müdafiə vasitələrinin ehtiyatlarının və tədarükünün əhəmiyyətli dərəcədə azaldığı barədə məlumatlar Vladimir Putini ABŞ-ın yenidən diqqətini Yaxın Şərqə yönəltdiyinə inandıra bilər. Bu isə öz növbəsində Kreml üçün Ukraynaya zərbələri gücləndirmək baxımından əlverişli imkan yarada bilər.

Bununla yanaşı, Ukrayna artıq İranla qarşıdurmaya birbaşa cəlb olunub. Çivvisin qeyd etdiyi kimi, Kiyev İranın dron hücumlarının dəf edilməsinə kömək məqsədilə Körfəz ölkələrinə 228 mütəxəssis və böyük həcmdə pilotsuz uçuş aparatları göndərib. Bundan başqa, iyulun sonunda Ukrayna Xəzər dənizində İranın yük gəmisinə zərbə endirib. Rusiya isə öz növbəsində İrana onun hücumlarının effektivliyini artırmış ola biləcək kəşfiyyat məlumatları ötürüb. Moskva özü də uzun müddətdir İranda hazırlanmış pilotsuz uçuş aparatlarından Ukraynaya qarşı müharibədə istifadə edir.

"Hər iki münaqişə eyni vaxtda pisləşir və heç bir irəliləyiş yoxdur", deyə analitik bildirir.

Müəllifin fikrincə, ən böyük təhlükəni də məhz bu vəziyyət yaradır: tərəflər artıq çəkdikləri itkilərə və xərclərə haqq qazandırmağa çalışaraq getdikcə daha çox hərbi gücə arxalana bilərlər.

Çivvis həmçinin Rusiya, Çin və İran arasında koordinasiyanın güclənməsini qeyd edir. Vladimir Putin və Si Szinpin Şanxay Əməkdaşlıq Təşkilatının sammiti ərəfəsində görüşüblər. Sammitdə İran nümayəndələrinin də iştirakı gözlənilir. Müəllifin qiymətləndirməsinə görə, Pekin hər iki müharibənin davam etdirilməsində mütləq maraqlı olmaya bilər, lakin eyni zamanda nə Rusiyanın, nə də İranın məğlub olmasını istəyir və onların münaqişələrin nəticələrini yumşaltmasına kömək etmək imkanlarına malikdir.

Çivvis hesab edir ki, Moskvaya yalnız diplomatik xəbərdarlıq edilməsi kifayət deyil. O, Vaşinqtonu hər iki müharibənin dayandırılması üçün real stimullar axtarmağa çağırır. Bunun üçün İranla atəşkəs, sanksiyaların yumşaldılması və dondurulmuş aktivlərin açılması barədə razılaşmaların əldə olunmasını təklif edir. Ukrayna ilə bağlı isə müəllif neytrallıq məsələsinin daha ciddi müzakirə edilməsini və hazırda Kiyevin nəzarətində qalan Donbas əraziləri uğrunda mübarizənin davam etdirilməsinin məqsədəuyğunluğunun nəzərdən keçirilməsini təklif edir.

Nəşrin sonunda ekspert, I Dünya müharibəsi tarixçisi Odd Arne Vestadın müasir vəziyyəti I Dünya müharibəsi ərəfəsindəki dünya ilə müqayisə edən fikirlərinə istinad edilir: "1914-cü ildən əvvəlki dünyanın əsas dərsi ondan ibarətdir ki, uzun müddət həll olunmamış regional münaqişələr qlobal yanğına səbəb olacaq barıt çəlləklərinə çevrilə bilər".

Aydın