XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Milyardlarla dollarlıq sərvət: Nəhəng mədən 40 illik fasilədən sonra işə salınacaq
Dünya18:52 03.09.2026

Milyardlarla dollarlıq sərvət: Nəhəng mədən 40 illik fasilədən sonra işə salınacaq

Hindistanın dəmir filizi istehsalçısı “Lloyds Metals & Energy Ltd” şirkətinə Papua-Yeni Qvineyada təxminən 40 ildir fəaliyyət göstərməyən nəhəng “Panquna” mis mədəninin yenidən işə salınmasına hazırlıq işlərinə başlamağa icazə verilib.

Qaynarinfo “Bloomberg”ə istinadən xəbər verir ki, mədənin istismarı üzrə konsessiya dövlətə məxsus “Bougainville Minerals Ltd.” şirkətinə aid olsa da, açıqlamaya əsasən, “Lloyds” “təsdiqlənmiş inkişaf tərəfdaşı”dır.

Bu layihə mis uğrunda qlobal mübarizənin bir hissəsidir. Çünki yaxın illərdə elektrikləşmə tendensiyasının bu metala tələbatı artıracağı gözlənilir. Mədəndə qalan ehtiyatların 5,3 milyon ton mis və 19,3 milyon unsiya qızıl olduğu qiymətləndirilir. Bu ehtiyatların bugünkü qiymətlərlə dəyəri təxminən 160 milyard dollar təşkil edə bilər.

“Panquna layihəsi şirkət üçün çox müsbət məqamdır, lakin hələ də araşdırma mərhələsindədir”, deyə “Lloyds” şirkətinin idarəedici direktoru Racşeş Qupta bildirib.

Onun sözlərinə görə, hazırkı mərhələdə layihənin mümkün müddəti və xərcləri ilə bağlı proqnoz vermək mümkün deyil.

Qeyd edək ki, faydalı qazıntıların hasilatı üçün 25 illik konsessiya iyun ayında “Bougainville Minerals” şirkətinə verilib. Bundan əvvəl hökumət Avstraliya birjasında qeydiyyatdan keçmiş “Bougainville Copper Ltd.” şirkətinin həmin ərazini əhatə edən geoloji kəşfiyyat lisenziyasını ləğv edib.

Hökumət artıq “Bougainville Copper” şirkətinin səhmlərinin təxminən 74 faizinə nəzarət edirdi. Bu payın yarısı “Bougainville Minerals” şirkətinə məxsus idi. Bütün bu nüansları nəzərə alaraq, yeni lisenziyaların verilməsinin nə qədər vaxt aparacağı və layihənin ümumilikdə nə qədər başa gələcəyi hələ məlum deyil.

Son vaxtlar misin qiymətləri rekord göstəricilər ətrafında dəyişir. Belə ki, avqustun 7-də dünya bazarında qısamüddətli təklifin azalması əlamətləri fonunda qiymətlər kəskin artıb.

Avqustun 17-də metalın qiyməti yenidən maksimuma yaxınlaşıb. London Metal Birjasında ən yaxşı alış və satış qiymətləri arasındakı fərq isə ekstremal həddə çatıb.

Avqustun 26-da misin qiyməti ardıcıl dördüncü gün bahalaşaraq yenidən rekord həddə yaxınlaşıb. Kəskin qıtlığın zəifləməsinə baxmayaraq, bazarda qısamüddətli ehtiyat çatışmazlığı hələ də qalır.

Aydın