XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Nvidia" "Hugging Face"i 12,93 milyard dollara alır
Dünya18:20 03.09.2026

"Nvidia" "Hugging Face"i 12,93 milyard dollara alır

“Nvidia” şirkəti süni intellekt modellərinin hazırlanması və paylaşılması üçün istifadə olunan “Hugging Face” platformasını 12,93 milyard dollara almağa hazırlaşır.

Qaynarinfo “Reuters”ə istinadən xəbər verir ki, sövdələşmənin “Nvidia”nın açıq süni intellekt modelləri bazarında mövqeyini daha da gücləndirəcəyi gözlənilir.

“Hugging Face” istifadəçilərə açıq süni intellekt modellərini yükləmək, işlətmək və fərdiləşdirmək imkanı verən platformadır. Bu xüsusiyyət onu “OpenAI” və “Anthropic” tərəfindən hazırlanmış qapalı sistemlərdən fərqləndirir.

“Nvidia” artıq “Nemotron” modeli ilə açıq süni intellekt sahəsində fəaliyyət göstərir. “Hugging Face”in alınması şirkətə proqram təminatçıları ilə əməkdaşlıq etmək, modelləri sınaqdan keçirmək və müxtəlif alətlərin paylaşılması üçün istifadə olunan platformaya birbaşa çıxış imkanı verəcək.

Açıq çəkiyə malik süni intellekt modellərinə tələbat son dövrdə əhəmiyyətli dərəcədə artıb. Şirkətlərin bu texnologiyaların tətbiqi üçün yüksək xərclərdən çəkinməsi fonunda Çinin “DeepSeek” və “Z.ai” kimi şirkətləri daha aşağı xərclə ABŞ-ın qabaqcıl modelləri ilə rəqabət apara bilən sistemləri ilə önə çıxıb.

“Nvidia”nın baş icraçı direktoru Censen Huang bildirib ki, “Hugging Face” bütün süni intellekt ekosistemi üçün açıq platforma olaraq qalacaq. Onun sözlərinə görə, platformada modellərin hazırlanması və ya istifadəyə verilməsi üçün “Nvidia” çiplərindən istifadə məcburi olmayacaq.

Razılaşmaya əsasən, “Nvidia” “Hugging Face” investorlarına təxminən 11,9 milyard dollar ödəyəcək. Bundan əlavə, şirkətə qoşulacaq əməkdaşlar üçün 1 milyard dollara qədər səhm əsaslı stimullaşdırma proqramı nəzərdə tutulub.

İki şirkət artıq əməkdaşlıq edir və proqram təminatçılarına “Nvidia”nın hesablama xidmətlərindən “Hugging Face” platformasında istifadə etmək imkanı yaradır.

“Nvidia” üçün açıq mənbəli süni intellekt sahəsində mövqelərin gücləndirilməsi “Meta”, “OpenAI” və “Microsoft” kimi böyük müştərilərin öz süni intellekt çiplərini hazırlaması fonunda mümkün tələbat azalmasının təsirlərini azaltmağa kömək edə bilər.

“Hugging Face” süni intellekt modellərinin yerləşdirilməsi ilə yanaşı, məlumat dəstləri, proqram kitabxanaları və süni intellekt tətbiqlərinin hazırlanması və istifadəyə verilməsi üçün bulud xidmətləri də təqdim edir.

Nyu-Yorkda fəaliyyət göstərən şirkət 2016-cı ildə fransalı sahibkarlar Klement Delanq, Julien Şomon və Tomas Volf tərəfindən təsis edilib. Şirkətə “Intel”, “Advanced Micro Devices” və “Amazon” da dəstək verən investorlar arasındadır.

Günay