Dünya 14:37 09.12.2022

ABŞ Ukraynaya 275 milyonluq HHM sistemləri göndərəcək

ABŞ Ukrayna üçün 275 milyon dollarlıq yeni hərbi yardım paketi hazırlayıb, bu paketə pilotsuz uçuş aparatları ilə mübarizə və hava hücumundan müdafiə vasitələrinin gücləndirilməsi üçün vəsait daxil olacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə Reuters mənbələrə istinadən yazır.

Bu barədə hələlik konkret məlumat yoxdur. Hərbi yardımla bağlı rəsmi açıqlama dekabrın 9-da gözlənilir. Mənbələrin bildirdiyinə görə, Pentaqon Kiyevə HIMARS reaktiv yaylım atəşi sistemləri, 155 mm-lik döyüş sursatı, Humvees və enerji generatorları da verəcək.

275 milyon dollar, fövqəladə vəziyyətlə əlaqədar Konqresin icazəsi olmadan dövlət ehtiyatlarından silahların sürətlə tədarükünə imkan verən president səlahiyyətləri (Presidential Drawdown Authority və ya PDA) çərçivəsində ödəniləcək. 

Noyabrın əvvəlində Rusiya tərəfindən Ukraynanın kütləvi zərbələrə məruz qalmasına cavab olaraq Vaşinqton Kiyevə iki NASAMS zenit-raket kompleksi təhvil verib. Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Avropada bu qurğularla işləmək üçün təlim keçib. Ümumilikdə ABŞ Ukraynaya səkkiz NASAMS sistemi verməyi planlaşdırır. Bu hava hücumundan müdafiə sistemləri aşağı və orta hündürlükdə hava hədəfləri ilə mübarizə aparmaq üçün nəzərdə tutulub.

ABŞ-ın müttəfiqləri də öz hava hücumundan müdafiə sistemlərini Ukraynaya təhvil verib. Almaniya dörd IRIS-T, İspaniya - HAWK və Aspide kompleksləri tədarük edib.

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, NATO ölkələri Ukraynaya ABŞ-ın Patriot batareyalarının göndərilməsini də müzakirə edirlər. Pentaqon bu məlumatı təsdiqləyib. Eyni zamanda, ABŞ Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükü üçün təkcə öz imkanlarını öyrənmir, həm də Avropadakı müttəfiqlərinin arsenallarından istifadə etməyə hazırdır.

Dekabrın 8-də ABŞ Konqresinin aşağı palatası 2023-cü il üçün 858 milyard dollarlıq müdafiə büdcəsini təsdiqlədi ki, bu da tarixin ən yüksək məbləği hesab edilir. 

Nizami Bağırov