Antik Yunan və Roma heykəlləri sadəcə vizual sənət əsəri deyilmiş. Yeni araşdırmalar bu möhtəşəm sənət nümunələrinin indiyə qədər bilinməyən bir tərəfini üzə çıxarıb.
Qaynarinfo xəbər verir ki, muzeylərdə nümayiş olunan Antik Yunan və Roma heykəlləri əslində, orijinal formalarında bugünkündən çox fərqli olub. Günümüzdə ağ mərmərin sadəliyi ilə gördüyümüz bu əsərlər, min illər əvvəl olduqca rəngarəng, gözoxşayan və hisslərə xitab edən detallar ilə bəzədilib. Parlaq rənglərə boyanan heykəllər bəzən zinət əşyaları və geyimlərlə tamamlanırdı. Yeni araşdırmalara görə, bu heykəllərin həm də ətirləndirilmiş olması mümkündür.
Kopenhagendə yerləşən "Ny Carlsberg Glyptotek" muzeyində arxeoloq və antik sənət kuratoru Sesili Brons Antik Yunan və Roma dövrünə aid müxtəlif yazılı mənbələri araşdıraraq bu nəzəriyyəni irəli sürüb. "Oxford Journal of Archaeology" jurnalında 3 mart tarixində yayımlanan araşdırmasında Brons heykəllərə əlavə edilən ətirlərin onları təkcə vizual sənət əsəri olmaqdan çıxarıb, çoxsəviyyəli bir təcrübəyə çevirdiyini iddia edir. O, müasir dövrdə antik heykəllərə dair anlayışın əsasən "forma və quruluş" üzərində cəmləndiyini, lakin bu əsərlərin ilk formalarında ətirləndirilmiş ola biləcəyinin nəzərə alınmadığını vurğulayır.
Brons antik dövrdə istifadə olunan ətirlərin fiziki izlərinin zamanla itmiş olmasına baxmayaraq, bu mövzuda ipuclarının yazılı mənbələrdə yer aldığını bildirir. Məsələn, romalı yazıçı Siseronun Seqesta şəhərindəki Artemida heykəlinin "qiymətli məlhəmlərlə yağlandığını, çələnglərlə bəzədildiyini və tüstülənən ətirlərlə əhatə olunduğunu" yazdığı məlumdur. Yunan şair Kallimax Misir kraliçası II Berenikanın heykəlini "gözəl ətirlərlə islanmış" kimi təsvir edir. Həmçinin, yunan filosofu Proklos müqəddəs məbədlərdəki heykəllərin üzərinə ətirlər töküldüyünü qeyd edir.
Yunanıstanın Delos adasında tapılan qədim yazılar məbəd heykəllərinin bəzədilməsi üçün istifadə edilən materialların xərclərini əks etdirir. Siyahıya süngər, kətan, mum və gül ətri kimi maddələrin daxil edilməsi bu heykəllərin təkcə vizual deyil, eyni zamanda qoxusal cazibəyə malik olduğunu göstərir. Brons hesab edir ki, ətirlər əsasən bitki və ya heyvani yağlarla qarışdırılaraq krem şəklində tətbiq edilə bilərdi.
Bununla belə, həmin yazılı mənbələrdə kosmesis adlanan bəzək prosesinin dəqiq necə icra edildiyi barədə ətraflı məlumat verilmir. Ətirləmə yalnız müəyyən heykəllərə tətbiq olunurdu, yoxsa bütün məbəd heykəllərinə aid idi? Ətir bütün heykələ, yoxsa yalnız bəzi hissələrinə vurulurdu? Bu kimi suallar hələ də cavabsızdır.
Ətirdən əlavə, çiçək bəzəklərinin də heykəllərə əlavə edildiyi ehtimal olunur. Antik dövrə aid yazılı mənbələr və arxeoloji tapıntılar bunu təsdiqləyir. Təzə çiçəklərin qoxusu ilə birləşən bu bəzəklər, heykəllərin tamaşaçılara duyğusal bir zənginlik təqdim etdiyini göstərir.
Nəticə etibarilə Antik Yunan və Roma heykəlləri təkcə görməyə xitab edən sənət əsərləri deyil, eyni zamanda digər hisslərə də təsir edən çoxşaxəli təcrübə vasitələri olub. Sesili Bronsun araşdırması, müasir dövrdə bu heykəllərə dair formalaşmış dar anlayışları aşaraq, onların qoxu və toxunuşla da dərk edilə bilən sənət nümunələri olduğunu yenidən üzə çıxarır.
Aydın
Şərhlər