Elə bil dünən idi. Samir Abasov "Sumqayıt”ın baş məşqçisi kimi "Neftçi”ni məğlub etməyin sevincini yaşayırdı. Deyirdi ki, futbolçularını "Neftçi”ylə oyuna hazırlamaq üçün əziyyət çəkməyib, bu işdə ona həmin vaxt "Neftçi”nin PR meneceri kimi çalışan xanımın hazırladığı videoçarx kömək edib. O, videoçarxda "Neftçi” – "Sumqayıt” qarşılaşmasının anonsu göstərilirdi...
Bəli, məşqçi həyatı belədir. Elə futbolçular da tez-tez klublarını dəyişirlər, əzəli rəqiblərin formasını geyinirlər. Tarixdə "Barselona”dan "Real”a, yaxud da əksinə keçid edən futbolçuların sayı yetərincədir. Türkiyədə "İstanbul nəhəngi” sayılan klubların arasında da bu cür prinsipiallıq var. Türkiyəli futbolçular bəzən bu cür keçidlərdən çəkinsələr də, əcnəbilər "kim çox pul verirsə” prinsipiylə hərəkət edirlər. Elə "Beşiktaş” futbolçularının sevimlisi olan Taliska bu yaxınlarda "Fənərbaxça”ya transfer olunmaqla peşəkar kimi davrandığını göstərdi, onun üçün "forma-arma” söhbətlərinin əhəmiyyət kəsb etmədiyini göstərdi.
Dünyanın işini bilmək olmaz. Samir Abasov "Neftçi”ni tutub qalmayacaq. Sabah, ya da birisigün onun da "Neftçi”dəki günlərinin sonu gələcək. Qismət olsa, yenidən meydana "Neftçi”yə qarşı komanda çıxarmaq lazım gələcək. Hələ o da dəqiq deyil. Bunun üçün əvvəlcə yeni iş tapmaq lazım gələcək. O işi tapana kimi işsiz qalması da qaçılmaz deyil. Həmin vaxt onu yada salan mətbuat nümayəndələri olacaq. Arayacaqlar-axtaracaqlar, onun fikirlərinə əhəmiyyət verib, ictimaiyyətə təqdim edəcəklər. Bəzən hansısa baş məşqçi istefaya göndəriləndə boş qalan posta Samir bəy namizəd göstəriləcək, həmin klubun rəhbərliyinə belə bir mütəxəssisin varlığı xatırladılacaq.
Bütün bunlar gələcəyin işidir. Allah can sağlığı versin. Sözümün canı odur ki, adam gərək bu günkü mövqeyinə arxayın olub, sağa-sola hücum eləməsin, mətbuat nümayəndələri ilə münasibətləri korlamasın. Lap elə hansısa sual xoşuna gəlməsə belə, səbrli olmaq və əyləşdiyin kürsünün məsuliyyətini başa düşmək lazımdır. Bir həftə bundan əvvəl Samir bəy "Kəpəz”ə məğlubiyyətlə bağlı sualı aqressiv qarşılaşmışdı. Az qalmışdı desin ki, qapıları bağlayın, indi ağır söyüş söyəcəm. Elə də demişdi. "Səbail”lə oyundan sonra daha bir qalmaqala şahid olduq. Həmkarımızın "günahı” o olub ki, Abasovdan məqsədə çatmasa, yəni "Neftçi”ni avrokuboka çıxara bilməsə istefa verib-verməyəcəyini soruşub. Sonrasını artıq siz də bilmiş olarsız.
Mənim diqqətimi həmin dialoqda bir məqam çəkdi. Abasov sözarası belə deyir: "Sual verəndə qorx ki, o sualın altına hansı şərhlər yazılacaq, belə şeylərdə diqqətli olaq”. Sanki prosesin hansı istiqamətə gedəcəyindən xəbərdar imiş. Çünki son aylarda bunu müşahidə etmək çətin deyil. "Neftçi” haqqında haqlı tənqid belə yazılanda bəlli bir qrup var ki, yazının mahiyyətinə fikir vermədən gözünü yumur, ağzını açır. Məsləhət görərdim ki, Samir bəy də, paylaşımların altına "komment” yazan "ordusu” da reallığa baxsın, autsayderlər üzərindəki qələbələrədən eyforiyaya qapılmasın.
"Neftçi” turnir cədvəlində 6-cı yerdə qərarlaşıb, keçirdiyi 27 oyundə cəmi 7 qələbə qazanıb. Büdcəsinə görə az qala "Qarabağ”ı qabaqlayan, Türkiyədən idarəçi gətirən ölkənin ən qocaman klubu üçün heç də yaxşı göstərici deyil. Mövsümün sonunda da belə olsa, Abasovla yanaşı çoxları istefa verməli, bacarmadığını etiraf etməlidir.
Amal Abuşov
Şərhlər