Xəbər lenti

Prezident Şəfiqə Məmmədovaya
Foto 13:14 29.03.2025

Prezident Şəfiqə Məmmədovaya "İstiqlal" ordenini təqdim etdi (YENİLƏNİB)

Azərbaycan Prezidenti İlham Əliyev martın 29-da Şəfiqə Məmmədovanı qəbul edib və ona "İstiqlal” ordenini təqdim edib.

Qaynarinfo xəbər verir ki, Şəfiqə Məmmədovanı salamlayan Prezident İlham Əliyev deyib:

- Hörmətli Şəfiqə xanım, sizi qarşıdan gələn yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram. Siz uzun illər ərzində Azərbaycan mədəniyyətinin inkişafında çox önəmli rol oynayırsınız, ölkəmizin teatr və kino sənətinə dəyərli töhfələr vermisiniz. Həm gözəl aktrisa, həm pedaqoq, ictimai xadim kimi xalqımızın hörmət və rəğbətini qazanmısınız. Ulu Öndər Heydər Əliyev sizin fəaliyyətinizi həmişə yüksək qiymətləndirirdi, siz bunu yaxşı bilirsiniz.

Hələ sovet dövründə siz həm Azərbaycan Respublikasının, həm Sovet İttifaqının dövlət mükafatlarına layiq görülmüsünüz. Müstəqillik illərində, 2000-ci ildə Ulu Öndərin Sərəncamı ilə siz "Şöhrət” ordeni ilə təltif olunmusunuz. Ondan sonra da Azərbaycan dövləti sizin fəaliyyətinizi həmişə yüksək qiymətləndirərək sizi ali mükafatlarla təltif etmişdir. Mənim Sərəncamımla siz "Şərəf", Birinci dərəcəli "Əmək" ordenləri, Fəxri diplom ilə təltif olunmusunuz. Bu gün imzaladığım Sərəncam əsasında "İstiqlal” ordeni ilə təltif edilirsiniz. İcazə verin, bu yüksək, ali mükafatı sizə təqdim edim.

Prezident İlham Əliyev "İstiqlal” ordenini Şəfiqə Məmmədovaya təqdim edib.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Şəfiqə Məmmədova: Çox sağ olun, minnətdaram, cənab Prezident.

Mən bu gün səhərdən təbii ki, həyəcan içindəyəm. Möhtərəm cənab Prezident, bu gün mənim həyatımın ən xoşbəxt, ən mənalı və nəticəli günlərimdən biridir. Hörmətli cənab Prezident, bu gün Siz mənə elə bir zirvəni, elə bir qüruru bəxş etmisiniz ki, mən ömrümün axırına kimi Sizə minnətdar olacağam. Qoy Ulu Tanrı Sizi hifz eləsin, dövlətimiz üçün, xalqımız üçün, ailəniz üçün və bizim üçün qorusun. Allah Sizə o qədər güc-qüvvə versin ki, Siz bu böyük siyasətdə daha da yüksək zirvələri fəth edəsiniz.

Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm. Çox sağ olun.

Şəfiqə Məmmədova: Var olun. Xahiş edirəm, Sizə və gözəl Mehriban xanıma olan dərin ehtiramımı, hörmətimi, məhəbbətimi qəbul edəsiniz.

Prezident İlham Əliyev: Mehriban da sizə salamlarını çatdırır, özü də təbrik edəcək.

Şəfiqə Məmmədova: Çox sağ olsun, var olsun. Var olun cənab Prezident, adınız həmişə işıqlansın.

Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm.

Şəfiqə Məmmədova: Minnətdaram, çox sağ olun.

11.48
 
Azərbaycan Prezidenti İlham Əliyev martın 29-da Şəfiqə Məmmədovanı qəbul edib və ona "İstiqlal” ordenini təqdim edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
 
11.31
 
Xalq artisti Şəfiqə Haşım qızı Məmmədova "İstiqlal” ordeni ilə təltif edilib.

Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Ş.Məmmədova Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə mükafata layiq görülüb. 

Qeyd edək ki, sabah Xalq artistinin 80 yaşı tamam olur.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->