Məşqçi həyatı belədir. Dünən qəhrəman olursan, bu gün səni pisləyirlər, istefaya çağırırlar. Okan Buruk "Qalatasaray”ı ardıcıl iki dəfə Türkiyə çempionu edib, yetərincə uğurlu nəticələr qazanıb. Amma hazırda onun işləri qaydasında getmir. Azarkeşlər onu istefaya səsləyir, istefa çağırışlı həştəqlər sosial şəbəkələrdə trendə çevrilir. Bir sözlə, "Qalatasaray” azarkeşləri Buruka dünənə görə "sağ ol” deyib, bu günün hesabatını istəyirlər.
Samir Abasov da "Neftçi”ni çempion edib, bunu unutmamışıq. 2020/21-ci il mövsümünün hansı şəraitdə keçdiyini də hamımız görmüşük. COVİD pandemiyası, onun gətirdiyi çətinliklər həyatımızı alt-üst etmişdi. Finala bərabər sayılan qarşılaşmanın hakimi Elçin Məsiyevin idarəçiliyi də gözümüzün önündədir. Bu idarəçilik də, Əhməd Əhmədovun möcüzəyə bərabər sayılmalı qolu da nüanslardır. Əsas olan nəticədir ki, o da "Neftçi”nin xeyrinə oldu və tarixə "ağ-qaralar”ın növbəti çempionluğu yazıldı.
Bu çempionluq "Neftçi”nin tarixi ilə yanaşı Samir Abasovun da "Şəxsi işi”nə yazılıb. Hər zaman da bu titul onunla birlikdə olacaq. Lakin karyerası ərzində cəmi bir dəfə çempionluq qazanan məşqçinin daim uğur qazanacağına, çalışdığı hər yerdə çempionluq uğrunda mübarizə aparacağına təminat da yoxdur. Çünki 4 il bundan əvvəlki şərait başqa idi. İndi hər şey başqa cürdür. Təəssüf ki, bəziləri bu reallığı qəbul etmir, yaxud da qəbul etmək istəmir. Yoxsa Samir Abasov "Sumqayıt”dan bu cür hay-küylə, təzminat qarşılığında "oğurlanıb” "Neftçi”yə baş məşqçi gətirilməzdi. Daha böyük ayıb o idi ki, "Neftçi” rəhbərliyi bu prosesi komandanın baş məşqçisi ola-ola başlatmışdılar. Roman Qriqorçuk "Neftçi”ni böhrandan çıxarmağın, məğlubiyyətləri dayandırmağın yolunu axtaranda həmin adamlar "pərdə arxası”nda iş görür, Abasovun Sumqayıtdan Bakıya "köçürülməsi” üçün müxtəlif üsullar axtarırdılar.
Eyforiya bitib. Artıq Samir Abasova xilaskar gözüylə baxanlar məyus olublar. Futboldan bir azca baş çıxarmaq yetərlidir ki, "Neftçi”nin probleminin ümumiyyətlə, baş məşqçi ilə bağlı olmadığını görəsən. Yəni ki, "Neftçi” elə Roman Qriqorçukun vaxtında da "Kəpəz”ə uduzurdu, Abasovun gəlişindən sonra da uduzur. Baxmayaraq ki, Samir bəy xeyli müddətdir ki, komandanı çalışdırır, qışda müəyyən transferlərlə heyətə əl gəzdirməyə də imkan tapıb. Lakin nəticələr dəyişməyib. Kubokun yarımfinalına vəsiqə də böyük uğur sayıla bilməz. Çünki elə bu mərhələyə yüksəlmək üçün "Neftçi” cəmi bir ciddi sayılacaq rəqibi üstələyib ki, o rəqibin də adı "Kəpəz”dir. Hazırkı vəziyyətdə "Neftçi”nin yarımfinalda "Sabah”ı üstələyəcəyi də real görünmür. Premyer Liqada "ağ-qaralar” 6-cı sırada yer alır, elə həmin "Sabah”dan 7 xal geri qalır.
Samir Abasov da bu acı reallıqları görür, dilə gətirmək istəmir. Deyə bilmir ki, "Kəpəz”in, "Şamaxı”nın, "Araz Naxçıvan”ın daha ucuz qiymətə yaxşı legionerlər tapdığı "bazarda” bizim komandaya fərsizləri doldurublar. Çünki o fərsizləri transfer edənlər elə Samir Abasovu "Neftçi”nin baş məşqçisi edənlər, onu bu kürsüyə əyləşdirənlərdir. Bizi hədəfdən yayındırmağa, vaxt ötürməyə çalışan Samir bəy indilik Ağadadaşı hədəf göstərir.
"Kəpəz”ə məğlubiyyətin "səbəbkarı” Ağadadaş Salyanski oldu, bunu da "Neftçi”nin baş məşqçisi elan edib. "Milliləşdirilən” futbolçuları da saysaq, "Neftçi”nin heyətində 14 legioner var. Hərəsi də bir ölkədən. Amma onların heç biri məğlubiyyətdə günahkar deyil, Ağadadaş günahkardır. Adam bilmir gülsün, ya ağlasın. Ümid edək ki, gələn dəfə legionerlər də Abasovun yadına düşəcək...
Amal Abuşov
Şərhlər