Xəbər lenti

Maqsud bəyin məqsədi
Amal Abuşov
İdman 10:16 10.03.2025

Maqsud bəyin məqsədi

"Sabah” qısa müddətdə ikinci dəfə Şamaxı səfərindən əliboş döndü. Dekabrın son günlərində Şamaxıya yollanan "Sabah” ordan 1:3 hesablı yenilgiylə qayıtmışdı. Dünənki səfər də acınacaqlı yekunlaşdı. Düzdür, hesab minimal oldu. Amma 0:1 hesabının fonunda "Sabah” çox aciz görünürdü. Vasili Berezutskinn baş məşqçi, Maqsud Adıgözəlovun prezident olduğu "Sabah” əyalətdən əli ətəyindən uzun döndü.

Bu yaxınlarda "feysbuk” xatırlatdı. Ötən ilin bu günlərində status yazmışam ki, Maqsud Adıgözəlov Xorvatiyadan məşqçi gətirib, bir gün də yuxudan oyanacağıq və görəcəyik xorvatı yola salıb, başqa bir əcnəbini gətiriblər. Elə təxmin etdiyim kimi də oldu. Xorvatiyalı Krunoslav Renduliçi göndərib, onun əvəzində rusiyalı Vasili Berezutskini gətiriblər. Adamın baş məşqçi kimi heç bir təcrübəsi yoxdur, Azərbaycanda çalışa-çalışa məşqçiliyi öyrənir. Onu da öyrənə bilsə...

"Şamaxı” ilə oyunda "Sabah”da hansısa məşqçi işi gördünüzmü? Şəxsən mən görmədim. Elə futbolçuları kimi Berezutski özü də aciz qalmışdı. Ayxan Abbasov və onun komandası "Sabah”a və onun rusiyalı baş məşqçisinə dərs keçirdi. Futbolda oyun dəst-xətti deyilən söz var. Ruslar ona "risunok” deyir. "Sabah”ın oyununda həmin o "risunok” görünmür, komandanın meydanda nə etmək istədiyi bilinmir. Berezutski isə bir ucdan komandadakı yerli futbolçuları qovmaqla məşğuldur. Gücü çatanı əvəzedici heyətə göndərir, çatmayını isə komandadan yola salırlar. Bütün bunları "Sabah”a rəhbərlik edənlər, şəxsən Maqsud Adıgözəlov görmür?!

"Qarabağ” Azərbaycan futbolunun şəksiz lideri, dəyişməz çempionudur. Komandanı illərdir ki, azərbaycanı mütəxəssis Qurban Qurbanov çalışdırır. "Qarabağ”ı taxtdan salmağı bircə dəfə "Neftçi” bacarıb ki, onda da komandanın baş məşqçisi azərbaycanlı Samir Abasov idi. Hal-hazırda turnir cədvəlinin ikincisi olan, xarakteri ilə hamının alqışını qazanan "Zirə”nin də baş məşqçisi azərbaycanlıdır, uğurların altında Rəşad Sadıqovun imzası var. Mövsümün əvvəlindən bəri nəticələri ilə hamını təəccübləndirən, kasad heyətlə yaxşı nəticələr qazanan "Araz Naxçıvan”ı da azərbaycanlı məşqçi uğura daşıyır. Elmar Baxşıyev "Qəbələ”ylə də yaxşı işlər görüb, Azərbaycan kubokunun qalibi olub.

Siyahını uzada da bilərəm. Hamımız görürük ki, azərbaycanlı mütəxəssislər bizim çempionata da, futbolçularımıza da yaxşı bələddirlər. O zaman Maqsud Adıgözəlovun əcnəbi məşqçilərə sevgisi hardan yaranıb? Nə üçün "Sabah” ancaq əcnəbilərə güvənir, onlara şans verirlər, yerli mütəxəssisləri isə saya salan yoxdur? Ümumiyyətlə, Maqsud Adıgözəlovun və "Sabah”ın məqsədi nədir? Başa düşə bilmirəm. Komanda hazırda beşinci sıradadır, çempionatdan avrokuboklara vəsiqə qazanmaq şansı möcüzəyə bərabərdir. Elə kuboku qazanmaq da asan görünmür. Deməli, mövsüm boşa verilib. Zərərin yarısından qayıdıb, yerlilərə şans yaratmaq olmazmı? Cavabını ancaq Maqsud bəy bilir. Bizə desə, biz də bilərdik.

Amal Abuşov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->