Maqazin 17:49 06.12.2019

“Arvadım dedi, nə zibilin var ki, efirə...” - Müşfiq ailə sirlərini açdı

"Bu il mənim üçün çox yaddaqalan oldu. Övladım dünyaya gəldi. Muradım dünyaya gələnə qədər Bakı-Xarkov yollarında qalmışdım. Bir ayın içində 6 dəfə  gedib gəlirdim. O vaxt birbaşa reys yox idi, Kiyevdən uçurdum. Bu ilin sonunda ailə həyatı qurmağımın iki ili tamam olacaq. 2019-cu il mənim üçün uğurlu oldu".

Qaynarinfo xəbər verir ki, bu sözləri aktyor Müşfiq Şahverdiyev musavat.com-a açıqlamasında deyib. O, həyat yoldaşını verilişlərə çıxarmamasının səbəbini də açıqlayıb: "Efirdə ailəmlə görünmək üçün mənə təkliflər gəlirdi, amma istəmirdim. Axırda məcbur olub bu addımı atdım. Çünki eyni sualı həyat yoldaşım da mənə verirdi. Deyirdi, "Niyə mənimlə efirə çıxmırsan? Yəqin, nə isə zibillərin var". Ondan sonra məcbur qalıb ailəmlə efirə çıxdım. İnsanlar ailəm haqqında gözəl sözlər dedilər, mənim üçün xoş oldu".

Aktyor həyat yoldaşının çox qısqanc olduğunu söyləyib: "Artıq boğaza yığılmışam (gülür), ona hər şeyi başa salmaqdan yorulmuşam. İzah edirəm ki, "Mən aktyoram, hansısa aktrisayla görünüb- görüşə bilərəm, bunu qəbul elə". Hələ ki, bunları çətin qəbul edir, amma güman edirəm, tədricən düzələcək".

M. Şahverdiyev 2020-ci il üçün nəzərdə tutulan planlarından da danışıb: "Fevral ayında oğlumun kiçik toyunu edəcəyəm. Ola bilsin ki, məclis Xarkovda olsun. Elə ona görə də hər birinizi Xarkova dəvət edirəm. (gülür) Daha sonra isə yay aylarında "My name is İntiqam 3" filmini çəkməyi düşünürəm".

Aktyor Xalq artistlərinin onun və həmkarlarının ünvanına söylədikləri tənqidlərə də reaksiya verib: "Mən hər zaman susuram, heç kimə cavab vermirəm. Çünki onlar bizdən həm sənət, həm də yaş baxımından böyükdürlər, sənətkardırlar. Məsələn, Xalq artisti Afaq Bəşirqızı. O xanımı çox sevirəm, hörmət edirəm. Harada görürəmsə, əlini öpürəm. Biz peşəkarlardan bəhrələnirik. Tənqid etsələr belə, cavab verə bilmərəm. Çünki cavab versəm, xalq tərəfindən qınanılacağam, təhqir olunacağam. Ona görə də istəmirəm. Yalnız onlara bunu deyirəm ki, "siz məni sevsəniz də, sevməsəniz də, mən o zirvəyə gələcəyəm”. Düzdür, Fərda ilə Elməddin hər tənqidə cavab verirlər. Bu haqda da heç nə deyə bilmərəm. Özləri bilərlər".

Aktyor ötən ay təqdimat edilən "Niyə? 3” filmindən də danışıb: "Niyə” serialı çox sevildi, biz bu qədər gözləmirdik. Daha sonra biz ard-arda "Niyə” filmini çəkdik. Üçüncü "Niyə”ni ötən ay təqdim etdik. Hələ də filmə böyük maraq var.

Ötən mövsüm müəyyən səbəblərdən serial dayandı.  Yanvar ayından serial yenidən efirlərə qayıdacaq”.