Alimlər hesab edirlər ki, dinozavrlar 66 milyon il əvvəl Yerə düşən nəhəng asteroidin yaratdığı həddindən artıq qızmış toz buludunun təsiri nəticəsində məhv olmuş ola bilərlər.
Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri "Journal of Geophysical Research: Biogeosciences" jurnalında dərc olunub.
Tədqiqat müəlliflərinin fikrincə, Everest dağı ölçüsündə olan asteroid Yerə çırpılarkən zərbə zonasındakı materialı buxarlandırıb və təxminən 1 400 kilometr radiusda genişmiqyaslı yanğınlara səbəb olub.
ABŞ-nin Purdue Universitetinin planetoloqları hesab edirlər ki, bəzi dinozavrlar asteroid zərbəsinin ilkin təsirindən sağ çıxa bilərdilər. Lakin atmosferə qalxan nəhəng toz buludu istiliyin kosmosa yayılmasının qarşısını alaraq planeti nəhəng sobaya bənzər şəraitə salıb.
Atmosfer üzrə mütəxəssis Aleksandriya Conson bildirib: "Yeraltında və ya su altında gizlənə bilməyən bütün canlılar bişəcək və ya yanacaqdı".
Araşdırmaya görə, Çikşulub asteroidi atmosferə yüz minlərlə kubkilometr həcmində maddə atıb. Bu maddənin bir hissəsi ərimiş qaya damcılarına çevrilərək yenidən Yerə düşüb və atmosferin daha da qızmasına səbəb olub.
Purdue Universitetinin Yer, Atmosfer və Planet Elmləri Departamentinin professoru Brendon Conson bildirib ki, məhz toz buludunun saxladığı istilik planet miqyasında kütləvi məhvə səbəb olmuş ola bilər. Onun sözlərinə görə, zərbə dalğası və alov topu qlobal təsir göstərə bilməzdi. Lakin buxar və toz buludunun bütün Yer kürəsini örtməsi hadisəni planet miqyasında kütləvi yoxolmaya çevirib.
Alimlər hesab edirlər ki, Meksikanın Yukatan yarımadası yaxınlığında Yerə düşən Çikşulub asteroidi həmin dövrdə mövcud olan canlı növlərinin təxminən dörddə üçünün məhvinə səbəb olub. Onların arasında dinozavrların böyük əksəriyyəti də var idi. Yalnız quşların əcdadı hesab edilən bəzi dinozavr qrupları sağ qala biliblər.
Əvvəllər əsas nəzəriyyələrdən birinə görə, asteroidin yaratdığı sunamilər və Günəşi uzun müddət örtən toz buludu qlobal soyumaya səbəb olmuşdu. Bu isə bitkilərin məhvinə, ardınca isə əvvəlcə ot yeyən, daha sonra isə yırtıcı dinozavrların aclıqdan ölməsinə gətirib çıxarmışdı.
Yeni araşdırma isə göstərir ki, əksər canlılar üçün fəlakət daha qısa müddətdə baş vermiş ola bilər.
Hesablamalara görə, toz buludunun saxladığı istilik nəticəsində dinozavrların məruz qaldığı istilik şüalanması insan üçün ölümcül hesab edilən səviyyədən 17 dəfə yüksək olub.
Bu istilik otların, şam iynələrinin, mamırların və hətta ağacların alışması üçün kifayət edib. Nəticədə planeti genişmiqyaslı meşə yanğınları bürüyüb və yalnız yeraltında yaşayan heyvanlar, eləcə də dəniz canlıları sağ qalmaq şansı əldə ediblər.
Aleksandriya Conson bildirib ki, həmin dövrdə Yer səthi əsl cəhənnəmi xatırladırdı. Toz buludları gün işığını demək olar ki, tamamilə kəsdiyi üçün Yer səthi qaranlığa qərq olmuşdu.
Alimlər asteroid zərbəsindən sonra yaranan kiçik sferik hissəcikləri araşdıraraq onların istiliyi necə saxladığını öyrəniblər.
Nəticələr göstərib ki, atmosferdə yaranmış qalın toz təbəqəsi istiliyin böyük hissəsini Yer səthinə yaxın qatlarda saxlayıb. Bu təbəqə qazanın qapağına bənzər təsir göstərərək səthdəki canlıların məruz qaldığı istiliyi artırıb.
Araşdırmaya əsasən, həmin tozun tam çökərək atmosferdən təmizlənməsi üçün bir neçə il, hətta onilliklər lazım gələ bilərdi. Bundan əlavə, toz hissəcikləri sağ qalan canlıların sağlamlığı üçün də uzunmüddətli təhlükə yaratmış ola bilər.
Aydın
Şərhlər