Xəbər lenti

ARXİV! ABŞ-da təbiəti qorumaq cəhdi niyə ekoloji fəlakətə çevrildi?
Dünya 11:03 09.08.2026

ARXİV! ABŞ-da təbiəti qorumaq cəhdi niyə ekoloji fəlakətə çevrildi?

1970-ci illərdə ABŞ-da köhnə avtomobil təkərlərinin utilizasiyası və dəniz ekosisteminin inkişafını təşviq etmək məqsədilə həyata keçirilən süni mərcan rifi layihəsi sonradan ən məşhur ekoloji uğursuzluqlardan birinə çevrilib. Layihənin yaratdığı fəsadların aradan qaldırılması isə artıq onilliklərdir davam edir.

Qaynarinfo xəbər verir ki, AS.com nəşrinin məlumatına görə, süni riflərin yaradılması ideyası həmin dövrdə yeni deyildi. Dəniz dibinə müxtəlif obyektlərin yerləşdirilməsi dəniz canlıları üçün sığınacaq yaratmaq, biomüxtəlifliyi artırmaq, balıqçılığı dəstəkləmək və sahilləri eroziyadan qorumaq məqsədilə uzun illər tətbiq olunurdu. Lakin sonradan məlum olub ki, bütün materiallar bu məqsəd üçün uyğun deyil.

Layihənin əsası 1960-cı illərdə ABŞ-da avtomobillərin sayının sürətlə artması nəticəsində milyonlarla köhnə təkərin yığılması ilə qoyulub. Həmin dövrdə onların emalı üçün effektiv texnologiyalar mövcud olmadığından, alternativ həll yolları axtarılırdı.

Florida ştatında fəaliyyət göstərən "Broward Artificial Reef Incorporated" təşkilatı Fort-Loderdeyl sahillərində köhnə təkərlərdən süni rif yaratmağı təklif edib. Layihə ABŞ Ordusunun Mühəndislər Korpusu tərəfindən təsdiqlənib və dövlət dəstəyi alıb. Onun həyata keçirilməsində 100-dən çox özəl gəmi iştirak edib. "Goodyear" şirkəti isə layihənin başlanmasını simvolizə etmək üçün öz dirijablı vasitəsilə qızılı rəngə boyanmış bir təkəri okeana atıb.

Beləliklə, dənizin təxminən 14 hektarlıq sahəsini əhatə edən "Osborne" rifi yaradılıb. Layihə çərçivəsində polad sıxaclar və neylon kəmərlərlə bir-birinə bərkidilmiş təxminən iki milyon köhnə avtomobil təkəri suya endirilib.

Lakin gözlənilən nəticə əldə olunmayıb. Dəniz canlıları təkərləri yaşayış mühiti kimi qəbul etməyib.

Vaxt keçdikcə duzlu su polad bərkidiciləri korroziyaya uğradıb, günəş şüaları isə neylon hissələrin aşınmasını sürətləndirib. Nəticədə konstruksiyalar dağılıb və təkərlər okean axınları ilə sərbəst hərəkət etməyə başlayıb.

Bu təkərlər təbii mərcan riflərinə çırpılaraq onlara ziyan vurub, mərcanların inkişafını ləngidib və bölgədə dəniz canlılarının sayının azalmasına səbəb olub. Beləliklə, layihə ilkin məqsədinin tam əksinə nəticə verib.

Məqalədə qeyd olunur ki, Florida layihəsi yeganə belə təşəbbüs olmayıb. Təkər sənayesinin təşviqi ilə dünyada 200-dən çox oxşar layihə həyata keçirilib. Bu layihələr Şimali Amerika, Karib hövzəsi, Avropa, Yaxın Şərq, Asiya, Avstraliya və Sakit okean adalarının sahillərini əhatə edib.

Hazırda ekoloqlar bu layihələrin yaratdığı problemləri aradan qaldırmağa çalışırlar. "Osborne" rifinin təmizlənməsinə 2006-cı ildə başlanılsa da, indiyədək batırılmış təkərlərin yalnız dörddəbirindən bir qədər çoxu çıxarıla bilib. Mövcud proqnozlara görə, ərazinin 50 faizinin təmizlənməsinə yalnız 2033-cü ilə yaxın nail olunacağı gözlənilir.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->