Əgər insanlar və böyük insanabənzər meymunlar nə vaxtsa məhv olsalar, onların təbiətdəki yerini başqa meymunlar və ya quşlar deyil, ahtapotlar tuta bilər. Bu fikir tədqiqatçı Tim Koulson tərəfindən irəli sürülüb.
Qaynarinfo xəbər verir ki, bu barədə "The European" nəşri yazıb.
Alim bu ehtimalı 2024-cü ildə nəşr olunan "Universal History of Us" ("Bizim universal tariximiz") kitabında irəli sürüb. O, insanlardan sonra Yer üzündə hansı canlıların dominant növə çevrilə biləcəyinə dair mümkün ssenariləri müzakirə edib.
Koulsonun sözlərinə görə, ilk baxışda ən uyğun namizədlər şimpanzelər və bonobolardır. Onlar baş barmaqlarından istifadə edə bilir, alətlərlə işləyir və qısa məsafələrdə iki ayaq üzərində hərəkət edə bilirlər.
Lakin alim hesab edir ki, bu meymunlar insanlarla oxşar yaşayış mühitini paylaşdıqları və eyni təhlükələrlə üzləşdikləri üçün insanların yox olması halında onların da məhv olma ehtimalı yüksəkdir. Bundan əlavə, onların yavaş çoxalması və mürəkkəb sosial əlaqələrdən asılı olması sürətli uyğunlaşmanı çətinləşdirə bilər.
Koulsonun fikrincə, qarğalar və tutuquşular da yüksək intellektə malikdir, mürəkkəb problemləri həll edə bilir və bəzi davranış nümunələrini nəsillər arasında ötürürlər. Lakin onların inkişaf etmiş tutucu ətraflara malik olmaması texnoloji sivilizasiya qurmaq imkanlarını məhdudlaşdıra bilər.
Məhz buna görə alim diqqətini okean canlılarına yönəldib.
Onun fikrincə, ahtapotların ən mühüm üstünlüyü sinir sisteminin qeyri-adi quruluşudur. Ahtapotun neyronlarının təxminən üçdə ikisi mərkəzi beyində deyil, qollarında yerləşir. Bu isə hər bir qolun müəyyən dərəcədə müstəqil şəkildə fəaliyyət göstərə bilməsinə imkan yaradır.
Koulson hesab edir ki, bu xüsusiyyət ahtapotları dəyişkən və gözlənilməz mühitə yaxşı uyğunlaşdırır.
Alimlər müşahidə ediblər ki, ahtapotlar müxtəlif əşyalardan istifadə edir, bir neçə mərhələli problemləri həll edə bilir və tanımadıqları mühitdə istiqamət tapa bilirlər. Bu barədə 2022-ci ildə "Scientific Reports" jurnalında dərc olunan araşdırmada da məlumat verilib.
Bundan əlavə, ahtapotların real obyektləri şəkillərdən ayırd edə bildiyi, bağlı bankaları açdığı və bəzi akvariumlarda gecələr öz hovuzlarından çıxaraq qonşu akvariumlara keçib geri qayıtdığı da müşahidə olunub.
Bununla belə, bütün mütəxəssislər bu fikirlə razılaşmırlar.
Bioloq Kulum Braun "The Conversation" nəşrinə bildirib ki, ahtapotların əksəriyyəti cəmi altı aydan bir ilə qədər yaşayır. Bu qədər qısa ömür faydalı xüsusiyyətlərin kifayət qədər nəsil ərzində möhkəmlənməsini çətinləşdirə bilər.
Professor Piter Qodfri-Smit isə qeyd edir ki, ahtapotlar balalarına demək olar ki, qayğı göstərmir. Valideynlərdən övladlara bilik ötürülməsinin olmaması mədəni davranışların formalaşmasını xeyli çətinləşdirir.
Tim Koulson özü də etiraf edir ki, ahtapotların qarşısındakı ən böyük maneələrdən biri skeletlərinin olmamasıdır. Bu xüsusiyyət onların quruda səmərəli hərəkət etməsini məhdudlaşdırır.
Bununla belə, alim çox uzun təkamül müddətində ahtapotların sudan kənarda nəfəs almağa uyğunlaşa biləcəyini istisna etmir. Onun fikrincə, belə bir inkişaf baş verərsə, gələcəkdə onlar hətta maral və ya qoyun kimi iri məməliləri ovlaya bilərlər.
Aydın
Şərhlər