Mütəxəssislərin sözlərinə görə, insanın həyatda qarşılaşdığı vəzifələrin öhdəsindən nə dərəcədə səmərəli gəlməsinə problemləri həll etmək bacarığı, maraq, öz səhvlərini təhlil etmək qabiliyyəti, yeniliyə açıqlıq və sosial bacarıqlar təsir edir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Marie Claire" yazır.
Bununla yanaşı, insanın çevik olmayan düşüncə tərzinə malik olduğunu göstərə bilən bir sıra vərdişlər də var.
1. Özünün yanılmazlığına əmin olmaq
Haqlı olduğuna şübhə etməyən və başqalarının fikirlərini nəzərə almaqdan imtina edən insan tənqidi düşüncə çatışmazlığı nümayiş etdirə bilər.
Səhvini etiraf etmək və öz mövqeyinə yenidən baxmaq bacarığı mühüm intellektual qabiliyyət hesab olunur. Əksinə, qətiyyətlilik və yeni məlumatları qəbul etmək istəməmək insanın öz təcrübəsindən öyrənməsinə mane ola bilər.
2. Yeniliklərdən imtina etmək
Daha bir narahatedici vərdiş tanış olmayan hər şeyi qəti şəkildə qəbul etməməkdir. İnsan yeni ideyaları, bilikləri və ya problemin həlli üsullarını sadəcə öyrəşdiyindən fərqli olduğu üçün əvvəlcədən rədd edə bilər.
Halbuki məhz maraq və naməlum olanı araşdırmağa hazır olmaq dünyagörüşünü genişləndirməyə və dəyişikliklərə uyğunlaşmağa kömək edir.
3. Öz səhvlərini etiraf edə bilməmək
Səhvlər öyrənmə prosesinin təbii hissəsidir. Lakin insan daim ətrafındakı günahkarları axtarır və heç vaxt öz hərəkətlərini təhlil etmirsə, bu, onun özünü təhlil etmək qabiliyyətinin zəif olduğuna işarə edə bilər.
"Harada səhv etdim?" sualını özünə vermək bacarığı çox vaxt hər şeydə şəraiti və ya digər insanları günahlandırmaq cəhdlərindən daha faydalıdır.
4. Öz inanclarına kor-koranə inanmaq
Daha bir davranış modeli insanın artıq mövcud baxışlarına uyğun gələn məlumatları yoxlamaq istəməməsidir.
Tənqidi düşüncə suallar vermək, sübutlar axtarmaq və müxtəlif baxışları müqayisə etmək bacarığını nəzərdə tutur. İnsan hər hansı fikri yalnız onu bəyəndiyi və ya öz inancları ilə üst-üstə düşdüyü üçün həqiqət kimi qəbul edirsə, bu, vəziyyəti obyektiv qiymətləndirməsinə mane ola bilər.
5. Öyrənmək və fikrini dəyişmək istəməmək
İntellekt insanın artıq hər şeyi bilməsi demək deyil. Əksinə, inkişaf etmiş düşüncənin əlamətlərindən biri öz məhdudiyyətlərini anlamaq və öyrənməyə davam etməyə hazır olmaqdır.
Yeni şeyləri öyrənməkdən imtina etmək, ətraf aləmdəki dəyişiklikləri qəbul etməmək və ya köhnəlmiş baxışlara yenidən baxmaq istəməmək zamanla intellektual inkişafı məhdudlaşdıra bilər.
Bu, intellekt testi deyil
Bununla belə, psixoloqlar xəbərdarlıq ediblər ki, sadalanan vərdişləri insanın nə dərəcədə ağıllı olduğunu müəyyənləşdirmək üçün meyar kimi qəbul etmək olmaz.
Onların sözlərinə görə, davranışa tərbiyə, xarakter, ətraf mühit, həyat təcrübəsi və hətta konkret vəziyyət də daxil olmaqla onlarla amil təsir göstərir. Buna görə də eyni insan bir məsələdə inadkarlıq nümayiş etdirə, digər məsələdə isə yüksək səviyyədə tənqidi düşüncə sərgiləyə bilər.
Aydın
Şərhlər