Vatikanın süni intellekt (Sİ) üzrə komissiyasına rəhbərlik edən kardinal Maykl Çerni özü bu texnologiyadan heç vaxt istifadə etmədiyini bildirib.
Qaynarinfo xəbər verir ki, o, bunu “Politico” nəşrinin “Brussels Playbook Podcast” podkastında etiraf edib.
Kardinalın süni intellektdən istifadə edib-etmədiyi ilə bağlı suala o, “Xeyr, hələlik yox. Sadəcə bunun üçün vaxtım olmayıb”, – deyə cavab verib.
“Politico” qeyd edir ki, kardinal Çerni dörd aydır Vatikanın Sİ üzrə komissiyasına rəhbərlik edir. Komissiya bu texnologiyanın bəşəriyyətə potensial təsirini araşdırmalıdır. Kardinal müsahibəsində bu sahəni öyrənməyə hazır olduğunu və hətta süni intellektdən istifadə sahəsində şəxsi təcrübə qazanmağı mənəvi borcu hesab etdiyini deyib.
Roma papası XIV Lev süni intellekt məsələlərinə böyük diqqət yetirir və bu mövzuda dəfələrlə açıqlamalar verib. May ayında Vatikan papanın “Magnifica humanitas: süni intellekt dövründə insan şəxsiyyətinin qorunması haqqında” ensiklopediyasını yayıb.
Papalıq sənədində qeyd olunur ki, süni intellekt “sırf texniki məsələ” deyil. Papa bu sahədə etik məsələlərə, həmçinin texnologiyanın iş yerlərinə və bütövlükdə cəmiyyətə təsirinə daha çox diqqət yetirməyə çağırıb.
Aydın
Şərhlər