Qaynar Tv-də Çinarə Ömrayın moderatorluğu ilə yayımlanan «Bir Plus» verilişinin növbəti qonağı filosof və yazıçı Müşfiq Ötkün olub. Çinarə Ömrayın təqdimatında baş tutan söhbətdə müasir dünyada dəb halını almış inklüzivlik anlayışı, təhsil sistemindəki standartlaşdırma və insan xarakterinin formalaşması məsələləri müzakirə edilib.
Müşfiq Ötkün müasir humanistlik cəhdlərinin arxasında çox vaxt zəmanə narsisizminin və eqo nümayişinin dayandığını bildirib. Onun sözlərinə görə, uşaqları həyatın sərtliklərindən tam təcrid edərək «parnik şəraitində» böyütmək onların ilk çətinlikdə sınmasına gətirib çıxarır:
«Uşaq həyata çıxanda elə birinci küləkdən solur. İntihar eləyir, əsgərlikdə yaşaya bilmir. Çünki bilmir çətinlik nədir, təhqir olunmaq nədir. Onda heç bir iradi keyfiyyət formalaşmır. Neoliberalizm həyata uyğun olmayan, gerçəkliyi anlamayan parnik insanı yetişdirməyə çalışır».
Filosof qədim Çin mütəfəkkiri Konfutsinin «adların təshihi» prinsipinə toxunaraq bildirib ki, norma ilə normadan kənar olanın arasındakı sərhədi süni şəkildə silmək cəmiyyəti inkişafdan saxlayır. Onun fikrincə, insanın fiziki və ya mənəvi məhrumiyyətlərini görməzdən gəlmək yox, hər bir kəsin öz vəziyyətini dərk edərək daxili potensialını üzə çıxarmasına şərait yaratmaq lazımdır.
Müşfiq Ötkün əzab və çatışmazlıqların metafizik mahiyyətindən də danışıb: «Əzab bir zülm və ya təsadüf deyil. Şərq hikmətinə görə, Allah zalım deyil; başımıza gələn sınaqlar ürəyimizi bişirmək və bizi yetişdirmək üçündür. İnsan rahatlıq içində yaşasa, həqiqət axtarışına çıxmaz».
Söhbət zamanı təhsilin didaktik çərçivələrə salınması, Qərb və Şərq dünyagörüşü fərqləri və milli köklərə qayıdışın zəruriliyi də geniş şərh edilib. Tam veriliş bu axşam saat 20:00-da Qaynar TV-də yayımlanacaq.
Şərhlər