XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Laziz Kudratov: "Bakı və Daşkənd neft emalına birgə investisiyaları müzakirə edir"
Ekonomiks13:45 25.09.2026

Laziz Kudratov: "Bakı və Daşkənd neft emalına birgə investisiyaları müzakirə edir"

Azərbaycan və Özbəkistan hər iki ölkədə yeni neft emalı güclərinə qarşılıqlı investisiyaların modelini və şərtlərini müzakirə edir.

Bu barədə "Report"a Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov bildirib.

Onun sözlərinə görə, hazırda iki ölkənin komandaları müvafiq layihələrin həyata keçirilməsi şərtləri üzərində işləyirlər.

"Hazırda komandalar bu layihələrin modeli və şərtləri üzərində işləyirlər. Onlar iki ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi üçün nəhəng imkanlar açacaqlar. Buna görə də biz çox nikbinik və hazırda çox fəal danışıqlar gedir", - Kudratov bildirib.

O, tərəflərin yaxın vaxtlarda layihələrin konkret modelləri və şərtləri barədə razılığa gələcəyinə ümid etdiyini bildirib.

Kudratov həmçinin SOCAR-ın Özbəkistan bazarında mövcudluğunun genişlənməsi barədə də məlumat verib. Onun sözlərinə görə, şirkət tərəfindən YDM-lərin açılması üçün ilk beş lokasiya müəyyənləşdirilib - Daşkənd, Daşkənd vilayəti, Səmərqənd, Nəməngan və Cizəx.

"Cəmi bir həftə əvvəl onlar əlavə lokasiyalara da baxırdılar. Biz açığıq, bazar böyük, tələbat yüksəkdir, buna görə də onların pərakəndə satış bazarımıza daxil olması üçün hərtərəfli şərait yaratmağa hazırıq", - nazir qeyd edib.

O dəqiqləşdirib ki, həm yeni YDM-lərin tikintisi, həm də fəaliyyət göstərən stansiyaların modernləşdirilməsi və rebrendinqi nəzərdən keçirilir.

Kudratov tikinti materialları sahəsində əməkdaşlığın inkişaf etdiyini də qeyd edib. Onun sözlərinə görə, Özbəkistanda Azərbaycan investisiyaları ilə həyata keçirilən layihələr artıq başa çatıb, ikinci mərhələ başlayıb.

"Hazırda azərbaycanlı həmkarlarımızla Azərbaycandakı yeni layihələri də müzakirə edirik. Bunlara tikinti materialları ilə yanaşı, həm də Azərbaycanda inkişaf və tikinti sahəsindəki layihələr daxildir", - o bildirib.

Orta Dəhliz barədə danışan nazir bildirib ki, son bir neçə ildə ölkələr arasında bu marşrut üzrə yük daşımalarının həcmi iki dəfədən çox artıb.

"Bu il də müsbət dinamika qorunub saxlanılır. Biz Xəzər dənizi vasitəsilə yük daşımalarının həyata keçirilməsi üçün birgə müəssisə yaradırıq", - Kudratov əlavə edib.